İnsanlara hürriyət, millətlərə istiqlal!

Xarici kəşfiyyatlar İrəvana yerləşir

1385 29.11.2023 12:46 Gündəm A A

ABŞ və Britaniyadan sonra Almaniya kəşfiyyatının da Ermənistanda “mənzillənməsi” qeyri-adi hadisələrin yaxınlaşması siqnalı kimi görünür; politoloqla hərbi ekspertin fərqli baxışı...

Ermənistanın baş naziri Nikol Paşinyan Almaniya Federal Kəşfiyyat Xidmətinin rəhbəri Bruno Kalla görüşüb. Ermənistanın baş nazirinin ofisinin verdiyi məlumata görə, Ermənistan və Almaniya arasında əməkdaşlıq məsələləri müzakirə edilib. 

Regionda gedən proseslərlə bağlı fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran digər məsələlərə toxunulub. 2022-ci il dekabrın sonunda Ermənistan hakimiyyəti Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqqında qanun layihəsini təsdiqləyib. Bu təşkilat hərbi kəşfiyyatın nəzarəti altında deyil, bu da ona başqa idarələrdən işçilər cəlb etməyə imkan verir. Almaniya Federal Kəşfiyyat Xidmətinin rəhbəri Kaldan əvvəl ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Robert Börns və Britaniya kəşfiyyatı-MI6-nın rəhbəri Riçard Mur da İrəvana səfər edib. Xüsusilə Britaniya kəşfiyyatının rəhbərinin regiona ilk səfəri kimi İrəvanı seçməsi xeyli suallar doğurmuşdu. Bu, Londonun Cənubi Qafqazdakı proseslərə verdiyi önəmdən xəbər verir, amma aydın idi ki, belə səfərlər zamanı çox məxfi məsələlər müzakirə olunur. 

Bu səfərlərdə bağlı qapılar arxasında konkret nələr müzakirə edildiyi bəlli deyil. Belə ehtimallar var ki, Qərb kəşfiyyatı regionda ən güclü şəbəkəsini İrəvanda qurmağa qərar verib. Moskvanın bu regionda təsirinin azalacağını gözləyən bir sıra böyük dövlətlər güc boşluğunu doldurmaq üçün səy göstərirlər. Türkiyə və İran ən fəaldır, lakin regiondan kənar oyunçular da (Fransa, Böyük Britaniya, ABŞ) regional proseslərdə iştirakını açıq şəkildə göstərirlər. Üstəlik, kollektiv Qərb indi əsas həmlələrini İrəvanın Rusiyaya qarşı siyasi müqaviməti üzərində qurduqlarını açıq şəkildə nümayiş etdirir. ABŞ, Britaniyadan sonra Almaniya kəşfiyyatının da İrəvanda “mənzillənməsi” özlüyündə qeyri-adi hadisələrin yaxınlaşmaq siqnalı kimi görünə bilər. 

Maraqlıdır ki, İrəvana səfər edən Almaniya kəşfiyyatının rəhbərinin Rusiya haqda mövqeyi heç də birmənalı qarşılanmamışdı.  Məsələn, o qeyd edib ki, Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Rusiyanın zəifləməsi əlamətini görməyib. Alman kəşfiyyatının rəhbəri onu da qeyd edib ki, Putinin hakimiyyət sistemində nəzərəçarpacaq çatlar yoxdur. O əlavə edib ki, Qərb Ukraynaya mütəşəkkil dəstək verməsə, Rusiyanın “uzunmüddətli perspektivə və kütlələrə güvənmək strategiyası qalib gələ bilər”. Şübhəsiz ki, bölgə mühüm əhəmiyyət kəsb edir və orada baş verən proseslərə diqqətin artması özlüyündə göz qabağındadır. Xarici kəşfiyyatların bu fəaliyyəti İran ətrafında baş verənlərlə hansısa şəkildə bağlıdırmı? Bəs niyə məxfi danışıqlar konkret olaraq İrəvanla gedir? Qərb kəşfiyyatı regiona yerləşməklə Rusiya agenturasına qarşı iş aparır, yoxsa Paşinyanı qoruyur?

Türkiyə Qarabağda olan PKK terrorçularını vura bilər-Politoloq Oqtay Qasımov

Oqtay Qasımov

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, ötən il ABŞ və Britaniya kəşfiyyat rəhbərlərinin səfərləri, indi də Almaniya kəşfiyyat xidmətinin rəhbərinin regiona gəlişi Rusiyanı bölgədən sıxışdırıb çıxarmaq istiqamətində addımların tərkib hissəsidir. Onun sözlərinə görə, Ermənistan təhlükəsizlik sisteminin Qərb standartlarına uyğunlaşdırılması üçün dəstək verilməkdədir: “Amerika, Fransa hərbçiləri ilə keçirilən təlimlər, fransız silahlarının alınması Qərbdən Ermənistanın hərbi sisteminə verilən dəstəyin təzahürləridir. Eyni zamanda da Qərb dövlətlərinin kəşfiyyat rəhbərlərinin səfərləri Rusiya agenturasına qarşı ciddi şəkildə fəaliyyət göstərdiyini deməyə əsas yaradır. Yəni Ermənistanın həm müdafiə, həm təhlükəsizlik sistemində dəyişikliklər üçün addımlar atılmaqdadır”. O.Qasımova görə, Qərb İrəvandan platsdarm kimi istifadə etməyə çalışır: “Burada İrana qarşı fəaliyyətin olması da istisna deyil. Ermənistanda Amerikanın böyük səfirliyi işləyir. İngilis və alman kəşfiyyatları da dünyada kifayət qədər güclü xəfiyyə sayılırlar. Ona görə regionda bundan sonra daha güclü rəqabətin şahidi olacağıq. Amma nəzərə alaq ki, Ermənistanın poliqona çevrilməsi onun üçün ciddi təhdidlər yaradır. Bundan əlavə, Qərbin birtərəfli addımları, Azərbaycana qarşı bəyanatları bölgədə balansı pozmasına səbəb olur”.

Qalib orduda neqativ hallar

Alp Arslan İmamqulu

Təhlükəsizlik eksperti Alp Arslan İmamqulunun fikrincə, bu dövlətlərin Cənubi Qafqazda maraqları var: “Ona görə bu səfərlərin olmasını normal qarşılamaq lazımdır. O demək deyil ki, həmin dövlətlərin Gürcüstan və Azərbaycanla bağlı maraqları yoxdur. Sadəcə, bölgədə ən zəif bənd Ermənistandır və onun üzərindən Cənubi Qafqaza yerləşməyə çalışırlar. Buna nail olacaqlarını gözləmirəm. Rusiya Ukrayna cəbhəsində zəifləsə də, onun Cənubi Qafqazda nəzarət potensialı zəifləməyib. Ona görə Qərb dövlətlərinin kəşfiyyat rəhbərlərinin bu səfərlərinin Rusiya ilə razılaşdırıldığını düşünürəm”. Təhlükəsizlik eksperti Ermənistanın özünü bir poliqona çevirdiyini hesab edir. Onun sözlərinə görə, bu addımlara baxmayaraq, Rusiyanın İrəvana təzyiq edəcək kifayət qədər resursu və mexanizmi var. 

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR