İnsanlara hürriyət, millətlərə istiqlal!

Xaricə ərə gedən və əcnəbi arvad alan azərbaycanlılar..

2284 10.02.2024 09:32 Gündəm A A

Üzeyir Şəfiyev: “Əcnəbilərlə ailə münasibətlərinin əksəriyyəti boşanmalarla nəticələnir”

2023-cü ildə qeydiyyat orqanlarında 54.165 nikah dövlət qeydiyyatına alınıb. Bu barədə  Ədliyyə Nazirliyindən məlumat verilib. Eyni zamanda bildirilib ki, 2023-cü ildə qeydiyyat orqanlarında Azərbaycan Respublikasının vətəndaşı olan 1.133 qadının və 1.070 kişinin əcnəbi ilə nikahı dövlət qeydiyyatına alınıb.

Rəsmi məlumata görə, Azərbaycan vətəndaşlarının Rusiya Federasiyası, Türkiyə, Gürcüstan və Ukrayna vətəndaşları ilə nikahının qeydə alınması üstünlük təşkil edib. Xarici ilə həyat quranlar və evlənənlər hansı üstünlüklər qazanırlar? Azərbaycanda nikah qanunları xarici ölkələrdən niyə geridə qalır?

Qeyd edək ki, son illərdə azərbaycanlıların əcnəbi ilə ailə həyatı qurması ilə bağlı statistikada artım olsa da, bu cür nikahların pozulmasında da xeyli artım müşahidə olunur. Ədliyyə Nazirliyinin açıqladığı sonuncu statistikada da qeyd edilir ki, 2019-cu ildə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlanmış 187 nikahın pozulması halı qeydə alınıb. 2018-ci ildə belə boşanmaların sayı 149, 2017-ci ildə 195 olub. 2019-cu ildən sonra əcnəbilərlə bağlanmış nikahların pozulması statistikası yenilənməyib. Evlənənlərlə boşananların sayını müqayisə etdikdə isə bəlli olur ki, ailə quranların təxminən dörddə biri - 25 faizə qədəri boşanır.

Əcnəbilərlə evliliyin artması məsələsinə gəldikdə, ekspertlərin fikrincə, əcnəbilərlə evlənmək insanların evliliklə bağlı məlumatlarının az olmasından irəli gəlir. Bu da əsasən iqtisadi məsələlərlə bağlıdır. Məsələn, gənc qızlar elə düşünür ki, əcnəbilərlə ailə qurandan sonra sərbəst olacaqlar. Bir sıra gənc xanımlar düşünür ki, əgər əcnəbi kişi ilə ailə həyatı qurarsa, demək, onun sərbəstliyi olacaq və istədiyi kimi yaşayacaq. Çünki son vaxtlar Azərbaycan ailələrində ər-arvad arasındakı münasibətlər, psixi zorakılıqlar, münaqişələr və boşanma halları artıb. Həmçinin qadınların ünsiyyət qurmasına da müəyyən qadağalar qoyulur. Xüsusən gənc xanımlar fikirləşir ki, xarici vətəndaşla ailə həyatı qursa, problemlərlə üzləşməyəcək. Bu cür yanaşma həm də azərbaycanlı kişilərdə var. Azərbaycan qadınları daha çox İran və Türkiyə vətəndaşı ilə ailə həyatı qurur.

Televiziyalarda haradan qidalandığı bəlli olmayan verilişlər var" - Üzeyir  Şəfiyev: "Guya ancaq qadınlara qarşı zorakılıq edilir"

Sosioloq Üzeyir Şəfiyev mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Azərbaycan cəmiyyəti ənənəvi cəmiyyət olub. Buna görə də cəmiyyət buradakı normalar, qaydalar, ənənələr əsasında öz-özünü tənzimləyir. 

Şübhəsiz ki, ənənəvi cəmiyyətdə normalar, ənənələr sərt qaydalarla olur, eyni zamanda ictimai, sosial nəzarətlə tənzimlənir, burada böyük ictimai qınaq olur və insanların davranışını bu ictimai qınaqlar müəyyənləşdirir, onların həyat tərzlərinə təsir edir. 

Uzun müddət Azərbaycanda oturuşmuş bir stereotip yanaşma var idi ki, Azərbaycan qadını  əcnəbi ilə ailə həyatı qurmaz və bu hətta kişilərə də şamil olunurdu. Məsələn, sovet dövründə oğlanlar əsgər gedəndə valideynləri onlara bərk-bərk tapşırıq verirdilər ki, “dinimizdən olmayan rus qadınla ailə qurmaq olmaz, çünki bizim öz dinimiz, mənəvi dəyərlərimiz var” və sairə. 

Lakin müstəqillik əldə etdikdən sonra Azərbaycan qlobal dünyaya açıldı, qapalı cəmiyyətdən açıq cəmiyyətə keçid etdi. Bununla həm də mənəvi sərhədlər də açıldı. İnsanlar həm öz, həm də xaricdəki həyat tərzlərinə baxdı, fərqləndirdi. Bir tərəfdən müxtəlif seriallar, filmlər də öz təsirini göstərdi. Ona görə də stereotiplər yavaş-yavaş əriməyə başladı.  

Əvvəllər azərbaycanlı qızın nişanı qayıdanda onun ailə qurması çətin məsələ olurdu. Və yaxud boşanmış, uğursuz münasibəti olmuş qızların ailə qurması ilə bağlı cəmiyyətdə qəribə bir stereotip var idi. Bu stereotiplərdən çıxış yolu kimi Azərbaycan qadınları, qızları şərt irəli sürməyən əcnəbiləri seçməli oldular. Əcnəbi kişi üçün fərqi yoxdur, evləndiyi qadının nişanı qaytarılıb və yaxud  boşanıb. Bu baxımdan qızların əcnəbi ilə ailə həyatı qurması ilə bağlı statistikada artım başladı.

Doğrudur, nikah məsələsi insanların öz şəxsi işidir. Lakin mən hesab edirəm ki, biz milli-mənəvi, ailə dəyərlərimizə bağlı olmalıyıq. Milli kimliyimizin qorunub saxlanılmasında milli dəyərlərin mühüm əhəmiyyəti var. Bu baxımdan əcnəbilərlə ailə həyatı qurmaqdan çəkinməyə çalışmalıyıq. Çünki statistikaya baxanda görürük ki, əcnəbilərlə ailə münasibətlərinin mütləq əksəriyyəti boşanma ilə nəticələnir. Bu da o deməkdir ki, xarakterlər, həyat tərzi, mental  xüsusiyyətlərdə fərqlər ortaya çıxır. Həm də əcnəbilərin ailə itirmək kimi bir narahatlığı olmur, çox rahat şəkildə boşanırlar. Bütün bunları nəzərə alaraq tövsiyə edərdim ki, Azərbaycan cəmiyyətində milli dəyərləri, milli kimliyi qoruyub saxlamaq üçün öz vətəndaşlarımızla ailə həyatı qursunlar.

Amma bir məsələni də qeyd etmək istərdim, 44 günlük Vətən müharibəsi zamanı Amerikada yaşayan bir azərbaycanlı qadın öz ingilis həyat yoldaşı ilə birlikdə Azərbaycanın haqqı səsini hayqırırdı. Yəni həmvətənimiz əcnəbi həyat yoldaşını Azərbaycan həqiqətlərinə inandırıb, onu Azərbaycanın səsinə çevirə bilmişdi. Yəni bu məsələnin müsbət tərəfi də var. Lakin qeyd etdiyim kimi, çalışmaq lazımdır ki, azərbaycanlılar öz həmvətənləri ilə ailə qursun. Əcnəbi ilə ailə qurmaq həm də demoqrafik, milli genefondumuz, milli kimliyimiz üçün  gələcəkdə problem yarada bilər".

“Azərbaycanda nikah qanunları xarici ölkələrdən niyə geridə qalır” sualımıza isə ekspert bu cür cavab verdi: “Xeyr bizim nikah haqqında qanun bütövlükdə beynəlxalq konvensiyalara tam uyğundur. Yəni Azərbaycan beynəlxalq konvensiyalara qoşulub, bu zaman öhdəlik götürüb və bu öhdəliklərə uyğun olaraq öz qanunlarını tərtib edib. Bu baxımdan qeyd edə bilərəm ki, Azərbaycanda nikah qanunları heç də digər ölkələrdən geri qalmır, beynəlxalq konvensiyalara uyğundur”.

Xalidə GƏRAY
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR