İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidəki erməni həyasızlığına qarşı Naxçıvanda blokada etirazı təklifi - rəylər

1128 29.12.2022 11:22 Gündəm A A

Laçın yolunda artıq 16 gündür davam edən aksiya öz ciddi nəticələrini verməkdədir. Bir qism ağıllı, praqmatik ermənilər bəyan edirlər ki, Azərbaycanla anlaşmaqdan, razılaşmaqdan başqa yol yoxdur.

Ancaq revanşist və xarici dairələrin təsiri altında olan ermənilər Xankəndidə hay-küy salır, aksiya təşkil edir, guya blokadada saxlanıldıqları görüntüsünü yaradırlar. 

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov təklif edib ki, Xankəndidəki çığır-bağıra qarşı Naxçıvanda 30 illik blokdaya etiraz olaraq kütləvi aksiya, mitinq keçirilsin: “Ermənilərin Xankəndidə keçirdiyi mitinqə cavab vermək, Naxçıvanda mitinq keçirmək lazımdır. Ermənistan Naxçıvanı 30 ildir davam edən əsl blokadada saxlayır. Bu gün Laçın yolu humanitar məqsədlər üçün açıq olduğu halda, ermənilər Xankəndidə blokadaya alındıqları barədə dünyaya saxta mesaj verirlər.

Halbuki əsl blokadada saxlanılan ərazi Naxçıvandır və Azərbaycan bu həqiqəti dünyaya çatdırmalıdır".

Naxçıvanda bu cür aksiya keçirilməsinin effekti nə olar? Dünyanın diqqətini ora - Zəngəzur dəhlizinin təcili açılmalı olduğuna cəlb edə bilərikmi?

Fərəc Quliyev yenidən seçkiyə qatılacaq

Fərəc Quliyev: “Ərazinin bir hissəsində hadisə baş verirsə, başqa bir hissəsində ona alternativ olaraq səs-küy salmaq mənasızdır”

Əslən Naxçıvandan olan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, sabiq nazirin fikri ilə razılaşmır: “Bu, keçmiş nazirin subyektiv fikridir. Mən onu şərh etməyi də düşünmürəm. Amma hesab edirəm ki, bunun o qədər də mənası yoxdur. Bizim ərazimizin bir hissəsində separatizm baş verir, başqa bir ölkənin vətəndaşı terroristdir, gəlib ölkəmizə və terror çağırışları, ölkənin konstitusiyasını pozmağa çağırış edir. Bu, kifayət qədər əsas verir ki, ölkənin hüquq-mühafizə orqanları müvafiq ölçü götürsünlər. Separatizmi yatırmaq üçün tədbirlər görülsün. Bura bizim böyük ərazimizdir. Ərazinin bir hissəsində hadisə baş verirsə, başqa bir hissəsində ona alternativ olaraq səs-küy salmağın mənasını görmürəm. Məncə, bizim əlimizdə kifayət qədər əsaslar var ki, orada antiterror əməliyyatı keçirək. Birinci 10 noyabr sazişinin 4-cü bəndinə görə, Rusiya sülhməramlıları daxil olanda ermənilər çıxmalı idi. Çıxarmayıb, biz deməliyik ki, özümüz çıxarırıq. İkincisi, 9-cu bəndə görə vətəndaşlarımızı geri qaytarmalıyıq. Yaxud başqa ölkənin vətəndaşı, azərbaycanlı olmayan nədən gəlib bura, mitinq keçirir, camaatı silaha sarılmağa, ölkəsinə qarşı döyüşə çağırır. Bu faktlar kifayət qədər imkan verir ki, antiterror əməliyyatı keçirilsin. Bizim keçmiş nazirin dediyi 30 il əvvəl nazil ola bilən addımlardır”.

Ermənistanın təxribatlarına qarşı gücdən istifadə etmək məcburiyyətindəyik"  - ELXAN ŞAHİNOĞLU

Elxan Şahinoğlu: “Ermənilər bunu edibsə, biz də etməliyik prinsipini qəbul etmirəm”

Politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, bu məsələlərə soyuqqanlı yanaşmağın tərəfdarıdır: “Bizim bu yolda mübarizəmiz davam edir, heç nə təsir etmir. Biz haqlıyıq. Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə müzakirələr keçirildi. Fransada Azərbaycan əleyhinə açıqlamalar səsləndirilir. Başqa mərkəzdə də Azərbaycan əleyhinə təxribatlar törətməyə çalışırlar. Biz etirazımızı davam etdiririk. Xüsusi olaraq Naxçıvanda da etiraz təşkil etmək ki, dünya bizi də eşitsin, bunu doğru saymıram. Bəli, ona ehtiyac var ki, beynəlxalq aləmlə daha ciddi işləməliyik. İnandırmalıyıq ki, yol bağlanmayıb, nəzarət altındadır. Xəstələr də, dərmanlar da keçir. Erməni lobbisi və onların arxasında dayanan havadarları belə bir mənzərə yaratmaq istəyirlər ki, guya yol bağlıdır. Amma belə deyil. Yol nəzarət altındadır və bu bizim haqqımızdır. Amma xüsusi olaraq ermənilər bunu edib, biz də bunu edək prinsipini mən qəbul etmirəm. Əksinə, ermənilər bizim arxamızca sürünsünlər. Bizim aksiyadan çıxış yolları axtarırlar, amma tapa bilmirlər. Heç nə bizə təsir etmir. Guya deyirdilər ki, bir neçə günə Rusiya hərbi kontingenti söz verib ki, yol açılacaq. Amma yenə də aksiyamız davam edir. Aksiyanın tələbi də bəllidir, monitorinqə icazə verilməlidir. Naxçıvanda xüsusi bir aksiyanın keçirilməsi, Naxçıvan onsuz da blokadadır, 30 ildir belədir. Bizi eşitmək istəməyənlər onsuz da eşitməyəcəklər. Dünyaya həqiqətləri çatdırmalıyıq, amma bu həqiqəti çatdırmalıyıq ki, yol bağlı deyil, nəzarət altındadır”. 

Asif Nərimanlı: "Avropanı “qazla boğmaq” və..."

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlı isə Ceyhun Bayramovun Qarabağdan erməni silahlı dəstələrinin çıxarılması ilə bağlı Rusiyanın mövqeyi haqda dediklərinə diqqət çəkib: ““Moskva Bakının tələbi qarşısında bildirir ki, “erməni qoşunların çıxarılması Ermənistanın öhdəliyidir”. Əslində Rusiya bu silahlıların bölgədə qalmasında maraqlıdır. Bakıya qarşı təzyiq kartı kimi istifadə edir, separatçıların “müdafiəsi” təşkil olunur. Silahlı dəstələrin silah-sursatla təmin edilməsinə, “döyüş postları” qurmasına şərait yaradan da sülhməramlılar olub. 4-cü bəndin icrası öhdəliyini İrəvanın üzərinə qoyması isə məsuliyyətdən yayınmaq cəhdidir. Və bu, həm də o deməkdir ki, Azərbaycan qanunsuz silahlı dəstələrin çıxarılması, yaxud neytrallaşdırılması istiqamətində praktiki addım atmasa, nə Ermənistan, nə Rusiya 4-cü bəndi icra etməyəcək, bundan danışıqlar prosesini uzatmaq üçün istifadə edəcək".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR