İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidə humanitar şou düzəldənlər Ermənistanın ekoloji terroruna niyə susur - FAKTLAR

1448 23.03.2022 17:00 Gündəm A A

Qarabağın Azərbaycanın nəzarətindən, idarəetməsindən kənarda qalan ərazilərində təbii qazın verilməsi ilə bağlı problemlər yaranıb. Erməni mətbuatı və siyasətçiləri kəmərlərdə yaranan qəzalara görə əsassız yerə Azərbaycanı suçlayır və hətta bunun qəsdən törədildiyi barədə hər yerdə hay-küy salırlar. Erməni tərəfi rəsmi Bakının bu məsələdə onlara qarşı hətta “genosid” siyasəti apardığını həyasızlıqla iddia edirlər. Bununla bağlı rəsmi İrəvan və separatçı rejim Avropa Birliyinin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Tayvo Klaar və AB-nin insan hüquqları üzrə komissarı Dunye Miyatoviçə müraciət də ünvanlayıb.

Ermənistan XİN-nin bəyanatında Xankəndində yaşayan ermənilərin sayı da qat-qat şişirdilib və 120 min erməninin (?) qazsız qaldığı vurğulanıb.

Bununla bağlı diasporanın da “yardımı” ilə bəzi beynəlxalq dairələrdən səslər də gəlməyə başlayıb.

Qarabağ və onun ətraf ərazilərində erməni faşistlərinin şəhər, qəsəbə və kəndlərinin xarabaya çevrilməsini, 100 min hektara yaxın meşə ərazilərinin yandırılmasını unudan bu dairələr təbii qazın kəsintisinə adi qəzaların belə səbəb olması faktını gözdən qaçırırlar.

Məsələn, elə bu günlərdə İrəvanın Açapnyak, Malatiya-Sebastiyan, Kentron rayonlarının böyük qismi, 10 minlərlə əhali 36 saatdır su kəsintisinə məruz qalıb. Amma buna görə hər hansı qlobal-beynəlxalq-milli səbəb axtaran yoxdur.

Üstəlik Qarabağın dağlıq ərazilərində təbii qaz kəmərlərinin həm çəkilməsində, həm də qazın nəql olunmasında sovet dönəmində belə problemlər olub.

Azərbaycanda qazlaşdırma işinin uğurlu şəkildə aparılmasına və ölkə ərazisinin təxminən 97-98 faizinin təbii qazla təmin olunmasına rəğmən bu gün Gədəbəy və Lerik kimi rayonlarda bununla bağlı ciddi problemlər qalmaqda davam edir. Həmin bölgələrin dəniz səviyyəsindən 1500 metr yüksəklikdə olması buraya qaz xətlərinin çəkilməsi işini çətinləşdirir.

Üstəlik mart ayında görünməmiş soyuqların gəlməsi boru kəmərlərinin təmir olunmasına ciddi əngəllər törədir. Bu da qazın bütün ölkə ərazisində təchizatında texniki problemlərin yaranmasına səbəb olur. Yəni burada Azərbaycan tərəfi Qarabağdakı ərazilərlə bağlı hər hansı “ayrıseçkilik” də etmir.

Bütün bunlara Azərbaycanın Xankəndi şəhərinin özünün coğrafi mövqeyini də əlavə emtək lazımdır. Xankəndi dəniz səviyyəsindən 853 metr yüksəklikdə yerləşir və burada hər hansı ciddi müəmma aramağa da ehtiyac yoxdur. Qaz təchizatının kəsilməsi sadəcə bu ilin məsələsi deyil. Qarabağın işğal altında olundu illər ərzində əhali həmişə istər su, istərsə qaz, istərsə də elektrik enerjsinin verilməsində Ermənistan tərəfinin günahı ucbatından ciddi məhrimiyyətlərə məruz qalıblar. Nəzərə almaq lazımdır ki, SSRİ dövründə də keçmiş Dağlıq Qarabağ ərazisinin bütün infrastrukturu Azərbaycan tərəfindən təmin olunub. Buraya Xankəndi şəhəri və ona yaxın ərazilərin də enerji təminatı daxildir. İşğal illərində isə ermənilər özləri bu sistemi qəsdən məhv edib və yararsız hala salıblar. İndi cəmi bir-iki həftəlik qaz kəsintisinə görə Azərbaycan tərəfini suçlamaq həyasızlığın son səviyyəsi ola bilər...

Amma Xankəndidə 5-10 min erməninin “qayğısına qalan” beynəlxalq dairələr Ermənistanın 30 il boyunca Azərbaycanın işğal olunmuş ərazilərində sözün əsl mənasında ekoloji terror törətməsi faktını gözdən qaçırırlar.

Məsələn, Azərbaycana məxsus, 1976-cı ildə Tərtərçayın üzərində, keçmiş Ağdərə, indiki Tərtər rayonu ərazisində inşa edilmiş Sərsəng su anbarı hələ də işğalçı-separaçtı rejimin nəzarətindədir. 125 m hündürlüyə malik bu bəndin ümumi su tutumu 560 mln m³-dur. Sərsəng su anbarı keçmiş SSRİ dövründə Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi rayonarının 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edib. İşğal vaxtı bu ərazilərə suvarma suyunun verilməməsi həmin rayonların təsərrüfatlarına dəhşətli zərər vurub. Bundan başqa anbar uzun illərdir ki, lazımi şəkildə texniki xidmət göstərilməməsi və təmir olunmaması səbəbindən az qala qəza vəziyyətə düşüb.

Azərbaycan tərəfi dəfələrlə bu məsələ ilə bağlı rəsmi səviyyədə beynəlxalq qurumlar qarşısında məsələ qaldırıb. Bununla bağlı Vətən müharibəsindən qabaq ETSN (Ekologiya və Təbii Sərvətlər Nazirliyi) tərəfindən “işğal olunmuş ərazilərdə erməni işğalçılarının canlı təbiətə və bəşəriyyətə qarşı yönəlmiş əməlləri barədə” Avropa Vəhşi Təbiətin və Təbii Ətraf mühiti Mühafizəsi üzrə Bern Konvensiyasının Baş Katibinə, Biomüxtəliflik üzrə Konvensiya İcraçı katibinə, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının katibliyinə, Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi üzrə Beynəlxalq Birliyin Prezidentinə rəsmi müraciətlər də edilib.

Xarici İşlər Nazirliyinin bəyanatlarında isə Ermənistan tərəfindən transsərhəd çayların ağır formada çirkləndirilməsi nəticəsində sözügedən çaylarda canlı aləmin yaşayışı üçün böyük təhlükə yarandığı, bununla yanaşı, işğal olunmuş ərazilərdə su anbarlarından istifadə qeyri-mümkün olduğu və texniki xidmət göstərilmədiyindən ətraf ərazilərdə yaşayan əhali üçün potensial təhlükə mənbəyinə çevrildiyi diqqətə çatdırılıb. Azərbaycan tərəfinin mövqeyinə görə, Ermənistanın BMT-nin “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə” Konvensiyaya qoşulmaması sərhədlərarası su problemlərinin beynəlxalq normalar çərçivəsində həllini mümkünsüz edib.

Hələ 2014-cü ildə Azərbaycan Ermənistanın Tavuş rayonunun Dovex kəndindən keçərək Qazax rayonunun Kəmərli kəndindəki su anbarına tökülən İncəsu çayının qarşısının alınmasının yerli əhalini sudan məhrum etdiyi barədə bəyanat vermişdi.

BMT Baş Assambleyasının 7 sentyabr 2006-cı il tarixli “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” haqqında qətnaməsinə müvafiq olaraq, ATƏT bölgədə ekoloji vəziyyətin qiymətləndirilməsi üzrə missiya təyin edib və bununla əlaqədar müvafiq rəy verilib. Missiya “lazımi su təchizatının çatışmazlığının kənd təsərrüfatına ciddi ziyan vurduğunu və bunların meşə massivlərin tamamilə məhv olmasına gətirib çıxardığını” təsbit edib.

2016-cı ildə Azərbaycan tərəfinin təşəbbüsü ilə Avropa Surası Parlament Assambleyası Sərsəng su anbarı ilə bağlı 2085 saylı qətnamə (müəllif Elxan Süleymanov) qəbul edib. Həmin qətnamənin mətnində bunlar qeyd olunub:

1. Parlament Assambleyası bütün üzv dövlətlərə xatırladır ki, 1966-cı il Helsinki və 2004-cü il Berlin Qaydalarına əsasən, sudan istifadə hüququ həyat və sağlamlıq üçün vacibdir və bununla, digər insan hüquqlarından istifadənin ilkin şərtini təşkil edir. Assambleya dövlətlərin öz əhalisini yetərli, təhlükəsiz və əlverişli su ehtiyatları ilə təmin etmək öhdəliyini vurğulayır.

2. Assambleya hesab edir ki, içməli sudan maneəsiz istifadə (suya maneəsiz çıxış) hər bir dövlət üçün əsas hüquq, həyat mənbəyi və strateji əhəmiyyətə malikdir və sərhədlərin mövcudluğu bu istifadəni məhdudlaşdıra bilməz. Assambleya təsdiq edir ki, qəsdən sudan məhrum etmə günahsız vətəndaşlara zərər yetirmə vasitəsi kimi istifadə edilə bilməz.

3. Assambleya bildirir ki, qəsdən süni ətraf mühit böhranı yaratmaq "ekoloji təcavüz” kimi qəbul edilməli və ekoloji fəlakət zonaları yaratmaq, həmçinin aidiyyəti əhalinin normal yaşamını çətinləşdirmək məqsədilə bir dövlətin digərinə qarşı düşmənçilik hərəkəti kimi qiymətləndirilməlidir.

4. Assambleya qınayır ki, Azərbaycanın Dağlıq Qarabağ və digər ətraf ərazilərinin Ermənistan təfərindən işğalı Azərbaycanın Aşağı Qarabağ bölgəsində yaşayan əhalisi üçün oxşar humanitar və ekoloji problemlər yaradır.

5. Assambleya xatırladır ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri 20 may 2014-cü il tarixli bəyanatında tərəflərin regionun ümumi faydası üçün bu su resurslarından birgə istifadə üzrə razılıq əldə edəcəyinə ümid edib.

6. Assambleya bildirir ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindən birində yerləşən Sərsəng su anbarında 20 ildən artıq dövr ərzində mütəmadi baxım işlərinin aparılmaması bütün ətraf ərazilər üçün təhlükə yaradır. Assambleya həmçinin vurğulayır ki, Sərsəng su anbarının baxımsız vəziyyətdə qalması çoxsaylı insan tələfatı və yeni humanitar böhrana səbəb ola biləcək böyük fəlakətə gətirib çıxara bilər.

7. Bu vacib humanitar problemi nəzərə alaraq, Assambleyanın qətnaməsində tələb edilib:

7.1. Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması və bununla:
7.1.1. müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat aparılmasının təmin edilməsi;
7.1.2 sutoplama dövründə Sərsəng su resurslarının istifadəsi və onların saxlanmasının beynəlxalq idarəçiliyi;
7.1.3. suvarma kanalları, Sərsəng və Madaqiz su anbarlarının vəziyyəti, payız və qış mövsümündə su verilməsi cədvəli və su hövzələrinin həddən artıq istismarına beynəlxalq nəzarət;
7.2. Ermənistan hakimiyyəti su resurslarından siyasi təsir və ya təzyiq vasitəsi kimi istifadə etməyi dayandırsın.

8. Assambleya bu məsələ ilə bağlı hesabatın hazırlanması prosesində Ermənistan parlament nümayəndə heyəti və hakimiyyətinin əməkdaşlıq etməməsi faktını kəskin şəkildə pisləyir. Assambleya Ermənistanın bu kimi davranışının Avropa Şurasının tamhüquqlu üzvü kimi üzərinə götürdüyü öhdəliklərinə uyğun gəlmədiyini hesab edir. Assambleya bu və parlamentarilərin səlahiyyəti dövründə yarana biləcək buna oxşar məsələlərdə atacağı addımları nəzərdən keçirir.

9. Assambleya aidiyyəti tərəfləri Sərsəng su anbarının resurslarından birgə istifadə sahəsində yaxından əməkdaşlıq etmək üçün öz səylərini artırmaga çağırır və bildirir ki, bu kimi əməkdaşlıq istənilən münaqişənin həlli üçün vacib olan etimad quruculuğu tədbirlərini yarada bilər.
Həmin ilin aprel may aylarında Azərbaycanda ABŞ Prezidentinə bu qətnamə ilə bağlı AVCİYA tərəfindəb Petisiya unvanlanmış və Petisiya 300 mindən artıq imza toplamışdı.

Faktiki olaraq, Sərsəng su anbarı ətrafında yaranan fəlakətlə əlaqədar artıq beynəlxalq sənəd də mövcuddur və bu da beynəlxalq birliyin məsələyə hüquqi müdaxiləsini zəruri edir.

Lakin bu vaxta qədər Ermənistan tərəfi beynəlxalq qurumlaırn qəbul etdiyi sənədlərin heç birinə məhəl qoymayıb.

İndi rəsmi İrəvanın ona aid olmayan, Azərbaycan dövlətinə məxsus ərazilərdə, üstəlik sülhməramlıların yerləşdiyi bölgələrdə hər hansı problemlərdən danışmağa hüququ yoxdur. Ermənistan öncə Azərbaycan ərazilərində baş verən prolemlərə bağlı açıqlamalarına son qoymalı və Azərbaycanla “beynəlxalq hüquq çərçivəsində öhdəliklərin vicdanla yerinə yetirilməsi”, “dövlət sərhədlərinin toxunulmazlığı”, ”dövlətlərin ərazi bütövlüyü prinsipi kimi beynəlxalq hüququn tanınmış prinsipləri əsasında normal münasibəltər qurmağı bacarmalıdır. Bütün bunlar bölgədə iqtisadi, enerji, o cümlədən ekologi problemlərin həlli üçün də zəruridir.

Qeyd edək ki, Musavat.com xəbər verir ki, Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyi "Sərsəng su anbarına dair beynəlxalq və konstitusion tələblər: hövzənin əhəmiyyəti, hazırkı vəziyyəti - araşdırma və mediada, sosial şəbəkələrdə təbliğat kampaniyası” adlı layihənin icrasını davam etdirir. Layihənin rəhbəri Elşad Məmmədli ekoloji fəlakətlə bağlı araşdırmalar aparır və fatklar mediada işıqlndırılır. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR