İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndi qələbəsini niyə TƏNTƏNƏ ilə qeyd etmirik? – Deputatdan AÇIQLAMA

8355 17.10.2023 17:46 Siyasət A A

“Qarşıdakı günlərdə hər bir bölgədə, hər bir ailədə qələbə süfrələrinin açıldığını görəcəksiniz” - Zahid Oruc

2020-ci il 44 günlük Vətən müharibəsi və bu ilin 19-20 sentyabrında Qarabağda keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü, dövlət suverenliyimiz tam bərpa edildi.

Prezident İlham Əliyevin oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və Əsgəranda üçrəngli bayrağımızı ucaltması hər bir azərbaycanlı üçün qürurlu anlar yaşatdı. İşğal altında olan torpaqlarımızın əsarətdən qurtulmasını illər idi ki, hər bir azərbaycanlı xəyal edirdi. Bu arzu, xəyal nəhayət gerçəkləşdi, yuxular çin oldu.

BAYRAQ SON.jpeg (302 KB)

İndi hər kəsi bir sual maraqlandırır. Niyə bu möhtəşəm qalibiyyət naminə paytaxtımızda, bölgələrimizdə bayram yürüşləri keçirilmir? Üçrəngli bayrağımıza bürünərək bu günün təntənəsini niyə yaşamırıq? Niyə atəşfəşanlıq yoxdur?

Yeri gəlmişkən, Şuşa azad olunan gün həm də yaddaşımızda atəşfəşanlıqla, insanların küçəyə axışması, qələbə coşğusunu yaşaması ilə qalmışdı.

Qələbəmizin təntənə ilə qeyd edilməməsinin səbəbi siyasi, yoxsa başqa amildir?

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc mövzu ilə bağlı Musavat.com-a fikirlərini bildirib.

ZAHİD.jpg (437 KB)

O qeyd edib ki, 15 oktyabr Azərbaycan tarixi üçün yeni müstəqillik, bütövlük günü sayılır:

“Bu, dövlətçilik həyatında yeni bir eradır. Fərqli bir əsrin başlanğıcıdır. Digər tərəfdən, bu savaş Vətən müharibəsinin davamı olaraq bizi qələbəyə gətirib. Xankəndidə ucaldılan bayraq heç bir liderə nəsib olmayan və qələbəni özündə təcəssüm edən, neçə əsrlik müharibə aparılan mübarizənin yekunu, 200 il ərzindəki problemin həllidir. Digər tərəfdən, biz onun fərqində olmalıyıq ki, istər 3 il əvvəl, eləcə də bu müddət ərzində həyata keçirilən əməliyyatlar, tədbirlər, aksiyalar ənənəvi müharibə modellərindən çox fərqlidir. 10 noyabrda ərazilərin mühüm bir hissəsi ermənilərin azad edəcəyi öhdəlik sırasına daxil olunur və ondan sonrakı mərhələdə biz bunun gerçəkləşdiyini görürük, amma tarixdə belə olmayıb. Ədəbiyyatlarda, filmlərdə savaş dönəmində yerə taxılan bayraqlar anındaca həmin coğrafiya üzərində qalibi müəyyən edir, məğlubu göstərir. Müharibə bir neçə platformada müxtəlif vasitələrlə gedirdi. Həm hərbi idi, döyüş meydanlarında qan tökərək, həm də diplomatikdir, siyasidir, informativdir, hərbi təhdid elementləri ortada işləyir. Bunun böyük əhali kütləsi tərəfindən sona qədər təhlil edilməsi, dəyərləndirilməsi o qədər asan deyil. Birinci amil budur.

Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə aparılan döyüşlər və əldə etdiyimiz zirvələr, yüksəkliklər, torpaqlar misal üçün, II Dünya müharibəsi ilə müqayisə olunmayacaq dərəcədə fərqlidir. İkinci məsələ, 30 ildə məğlubiyyətin daşlaşmasıdır. Şərq mentallığında özünəməxsus xüsusiyyətlər var. Kədərin kristallaşması fonunda qələbənin həzm olunması həmişə zaman istəyir. Üçüncüsü, regional və beynəlxalq şərait o qədər böyük təhlükələrlə doludur ki, insanlar öz coğrafiyasında əldə etdiyi triumfu, böyük fatehlik hadisələrini qəbul edir, daxilən sevinir, Allaha şükranlıq edir. Amma “küçə və meydanlarda keçirəcəyim tədbirlə dünyanın hazırkı mənzərəsi necə uzlaşacaq” deyə sanki qəribə şəkildə onun təhtəlşüuruna bir basqı baş verir. Şübhəsiz, bir günlük savaşımızdır, bunu da 44 günün üzərinə gələn, sanki bununla da 45 günə çevrilən və təqvimimizin yeni dövrü olan bu müharibənin yekunu olaraq ermənilərin oradakı silahlı qüvvələrinin təslim olması, ərazidən çıxması fonunda müəyyən bir zaman keçərək Ali Baş Komandanın bayrağımızı məhz 15 oktyabrda ucaltması fonunda insanların gözləntiləri bir qədər vaxt almış olur. Onlarda bu məsələlər üzərində bəlkə də hərbi əməliyyat günündə qələbə hadisəsini daha təntənəli qeyd etməyə meyl və münasibət formalaşıb”.

Deputat bildirib ki, ermənilərin müəyyən sayda təxliyə olunması fonunda bizim qələbəmiz əleyhinə beynəlxalq hücumlar daha da dərinləşə bilər və “ölkəmiz əleyhinə sanksiyalar, qətnamələr, qərarlar verilə bilərmi?” sualı yaranır:

“Ən azı indiki gerçəklikdə NATO, onun əsas üzvlərindən olan Fransa və digər dövlətlərin Ermənistanı himayəyə götürməsi fonunda bizim əleyhimizə real hərbi hərəkətlərə səbəb olarmı və sairə. Bütün bu amillərin öz yeri var, hər birini dəyərləndirmək lazımdır. Dəqiq bir fakt aydındır. Şübhəsiz, zamanla bütün bayramlarımız bir-birinə qarışmış olacaq.

XANKENDİ BAYRAQ.jpg (123 KB)

Daha təntənəli keçiriləcək. Çünki bu, ləyaqət məsələsidir. Mən istəməzdim ki, insanlar üzərinə müəyyən mənada bir basqıçı mövqedə olaq. Ümidvarıq ki, dövlət tərəfindən bu günlərin simvollaşması və təqvimimizin ayrılmaz hissəsinə çevrilməsi, yeni müstəqillik günü və bütövlük günü kimi təsbit olunması fonunda kütləvi xalq bayramları kimi qeyd olunacaq. Çünki 90-cı illərdən miras qalan, qara haşiyəyə alınmış dövr, era, mərhələ arxada qalıb. İndi isə təqvimimizin qırmızı rəngə boyandığı mərhələləri yaşayırıq. Yeni siyasi, milli kimlik vətəndaş kimliyi deməkdir. Amma bilin və agah olun ki, bu, mütləq zaman alacaq.

1453-cü il İstanbulun fəthi fonunda artıq 6 əsrdən çoxdur onun qaynarlığını, istiliyini, birləşdiriciliyini, epopeya olduğunu qardaş türk xalqı qoruyub saxlayır. Müharibədə qələbə qədər milləti böyüdən, ucaldan mühüm hadisə yoxdur. Biz bu qələbəni qazanmışıq, o ərazilər bizə sadəcə bir BMT qərarı ilə verilməyib. Azərbaycan xalqının bununla bağlı öyünməyə, fəxr etməyə ixtiyarı var. Siz qarşıdakı günlərdə hər bir bölgədə, hər bir ailədə qələbə süfrələrinin açıldığını görəcəksiniz”.

Afaq MİRAYİQ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR