İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndi ətrafında 50 minlik Azərbaycan qoşunu? - İLGİNC DETALLAR

13329 05.09.2023 11:30 Gündəm A A

Erməni analitiklər Qarabağdakı marginal silahlıların məhvini qaçılmaz hesab edir və həyəcan təbili çalır; Paşinyanın “artsax bayramı” təbriki də antiterror əməliyyatını ikiqat aktuallaşdırır

Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün içərisində un olan iki yük maşını (TIR) Ağdam-Xankəndi yolunda gözləməkdə davam edir. “Yeni Müsavat” qeyd edir ki, içərisində 40 ton un olan TIR-lar avqustun 29-dan etibarən Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postu qarşısındadır.

Ərazidə olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər. Yardımın erməniəsilli şəxslərə çatdırılması üçün danışıqlarda isə hələ də irəliləyiş yoxdur. Qarabağda qondarma rejimə rəhbərlik edənlər isə bu yardımın çatdırılmasının qarşısını almağa cəhd edirlər. Qarabağ ermənilərindən olan Hamlet Apresyan bildirib ki, Əsgəranda ermənilər çadır qurub və növbətçiliyə başlayıb: “Azərbaycanın yük maşınları gedənə qədər insanlar orada qalacaq”.

Laçın yolu müharibə ilə açılacaq, bu, yeganə real variantdır” -  Qasparyandan sərsəm açıqlama

Abram Qasparyan

Erməni ekspert Abram Qasparyanın dedikləri də maraqlıdır. O bildirir ki, Qarabağda humanitar müstəvidə məsələ kəskinləşərsə, Azərbaycan hərbi əməliyyata başlaya bilər: “Azərbaycan humanitar əsaslarla Qarabağa daxil olmaq üçün qanuni hüquq yaratmağa çalışır. Qarabağdakı ermənilər bilir ki, ya getməli, hər şeyi tərk etməli, ya da qalıb mübarizə aparmalıdırlar. Son dərəcə vacib bir vəziyyət var. Qarabağdan qadınlar və uşaqlar çıxır. Əgər yalnız kişilər qalsa, bu, Azərbaycana Qarabağda qalan  kişiləri silahlı marginal qruplar kimi təsnif etmək üçün qanuni hüquq verəcək. Nəticədə Azərbaycan antiterror əməliyyatı aparmaq üçün qanuni hüquq əldə edəcək”. Erməni politoloq Aleksandr İsgəndəryan bu mövzuda qeyd edir ki, hazırda Qarabağda yüngül odlu silah və yüngül texnikaya malik 2000-ə yaxın sülhməramlı var, onların əhatəsində isə bütün növ silahlarla silahlanmış 50 000 nəfərlik Azərbaycan Ordusu mövcuddur: "Rusiya sülhməramlıları Qarabağda döyüşməyəcəklər. İlham Əliyev bütün bunları yaxşı başa düşür, heç bir inandırmaya qulaq asmır və gördüyü işi davam etdirir".

Ermənistanda fəaliyyət göstərən Birinci Qarabağ Döyüşçüləri Cəmiyyətinin rəhbəri, həmin dönəmlərdə “Kornidzor batalyonunun” komandiri olmuş Ara Xudaverdyan “Haykakan Jamanak” qəzetinə müsahibəsində deyib ki, Araikin “istefası”, Zodda baş verən son hadisələr və İrəvanda aksiya Rusiyanın nəzarəti altında baş verir. Onun iddiasına görə, Rusiyanın başlıca hədəfi Ermənistanı tamamilə sıradan çıxarmaqdır. Xudaverdiyan daha sonra bildirib ki, hadisələrin gedişatı Qarabağdakı qanunsuz silahlı dəstələrin məhv edilməsi ilə nəticələnəcək. “Bunun ardından isə partizan müharibəsi başlayacaq. Mən deyə bilmərəm, bu partizan savaşında Qarabağ ermənilərinin nə qədər hissəsi iştirak edəcək və ya hansı rolu olacaq. Lakin bu prosesi qaçılmaz görürəm”.

Erməni təşkilat rəhbəri maraqlı bir fikrə də toxunub. O deyib ki, bir çox dövlətlər onlardan terrorçu kimi istifadə edirlər: “Bu gün bizdən müxtəlif dövlətlər başqalarının ərazilərinə hücum və insanları öldürmək üçün terror metodundan istifadə etmək üçün yararlanır. Bu gün biz özümüzü həmin dövlətlərin qucağına atmışıq. Lakin 44 günlük müharibə göstərdi ki, dünya artıq bizi dəstəkləmir, bizə qarşıdır. Bu gün onlar bizə yemək, paltar, ayaqqabı verə bilərlər. Amma hərbi məsələdə bizə dəstək olmayacaqlar”. Maraqlıdır, Xankəndidən qadın və uşaqların çıxarılması həqiqətdirsə, bu nəyə işarədir? “Un maşınları qəbul edilməzsə, ardınca tank gələ bilər” iddiasının əsas varmı?

Elxan Şahinoğlu son çıxışı ilə özünü və "ağalarını" belə ələ verdi -  ƏTRAFLI, en son xeberler 2023, xeberler bu gun 2023

 Elxan Şahinoğlu

Analitik Elxan Şahinoğlu erməni tərəfinin mövqeyini şərh edərək bildirir ki, Azərbaycan Qarabağda qayda-qanun yaratmaq istəyində israrlıdır: “İrəvan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevın Xankəndi yolunda diplomatlar qarşısında səsləndirdiyi "Qarabağda xaosa imkan verməyəcəyik" və “erməni separatçıları tərk-silah olunmalıdır” açıqlamasını antiterror əməliyyatının anonsu kimi oxuyublar. Doğru anlayıblar. Ermənistan Azərbaycanın Qarabağda qayda-qanun yaratmaq və təşəbbüsünə yiyələnmək siyasətini önləmək üçün sərhəddə bizə problem yaratmağa başlayıb. Məqsədləri diqqəti Qarabağdakı xaosdan sərhəddə yönəltməkdir ki, Azərbaycan bölgədə əməliyyat planını təxirə salsın". Ekspertin fikrincə, tutaq ki, Qarabağda əməliyyat ləngidi, bu nəyi dəyişəcək ki?! Onun sözlərinə görə, İrəvanın və Qarabağdakı separatçıların “vaxt udmaq” taksikası nəticə verməyəcək: “Hadisələr Azərbaycanın Qarabağın tamamını nəzarətə götürmək üzrə inkişaf edir. Bunu sərhəddə yaradılan gərginlik də durdura bilməyəcək”.

Təhlilçi Asif Nərimanlı qeyd edir ki, Azərbaycan Ağdam-Xankəndi marşrutu açıldığı halda Laçın yolundan da yüklərin daşınmasına icazə verəcək: “Postdan mülki əhali ilə yanaşı, yüklər də keçəcək və hər iki marşrut - Ağdam və Laçın paralel şəkildə işləyəcək. Bu məsələ müəyyən suallar yaradır, xüsusilə Bakı niyə buna razılaşır, ümumiyyətlə, buna ehtiyac varmı? Azərbaycan öz suveren ərazisində istədiyi addımı atmaq haqqına sahibdir, lakin mövcud reallıqda nəticə əldə etməyin yolu müəyyən gedişlərin edilməsini də tələb edir. Və bu, Ağdam yolunu işlək vəziyyətə salmaq üçün Laçın yolundan yüklərin buraxılmasına razılaşmaqdan ibarətdir. Xankəndinə yüklərin Ağdam marşrutundan daşınmasını praktiki olaraq iki qüvvə həyata keçirə bilər: biri Beynəlxalq Qırmızı Xaç Komitəsidir (BQXK), digəri Rusiya sülhməramlıları. BQXK bunu etməkdən imtina edir, hərçənd, rusların bölgədəki rolu fonunda istəsə belə nəticə əldə etməsi çətin görünür. Mövcud vəziyyətdə Ağdamdan Xankəndinə yüklərin çatdırılmasını Rusiya sülhməramlıları həyata keçirə bilər. Ruslar bunun qarşılığında Bakıdan Laçın postundan da yüklərin keçidinə icazə verilməsini istəyir, çünki bu məsələ ermənilərin istəyindən daha çox, artıq regional mübarizənin bir hissəsinə çevrilib. Fransanın timsalında bölgəyə müdaxilə etmək istəyən tərəflərin Laçın yolu ətrafındakı manevrləri də bunu deməyə əsas verir. Rusiya Laçın yolundan yüklərin keçidinə nail olarsa, başda Fransa olmaqla, bölgəyə praktiki müdaxiləyə cəhd edən tərəflərin önünü kəsə biləcəyini hesab edir”. Ekspert hesab edir ki, beynəlxalq oyunçuların toqquşması fonunda Bakının qarşısında iki qüvvə var: "Ağdam marşrutuna qarşı çıxan, nəinki Laçın yolundan yüklərin keçidinə, hətta “Laçın dəhlizi”nin bərpasına nail olmağa çalışan Fransa və Ağdam və Laçın yollarının paralel açılmasına razılaşan Rusiya. Azərbaycan hədəfinə nail olmaq üçün bu qüvvədən biri ilə - Rusiya ilə razılaşır".

Siyasi şərhçi Məhəmməd Əsədullazadə antiterror əməliyyatına başlanması üçün Ermənistan baş naziri Nikol Paşinyanın son hərəkətini əsas göstərir: “Qarabağ separatçılarına "müstəqillik" günü ilə bağlı məktub göndərib və Ermənistanın onları dəstəkləyəcəyini qeyd edir. Ermənistan Qarabağ iddialarından əl çəkmirsə, Azərbaycan öz ərazisində silahlı erməni birləşmələrinin qalmasına dözümlü yanaşmamalıdır. Çox qısa bir vaxtda silahlı erməni birləşmələrinə qarşı hərbi əməliyyatlar keçirilməlidir. Təbii ki, Rusiya silahlı erməni birləşmələrini qoruyur. Amma bu, Azərbaycanı öz milli təhlükəsizliyindən vaz keçməyə əsas vermir. Rusiya öz geosiyasi maraqlarına görə silahlı erməni birləşmələrini qoruyursa, öz ərazimizdə təhlükəsizliyimizi təhdid edən erməni silahlı dəstələrini niyə məhv etməməliyik?! Paşinyanın  Azərbaycanla hərbi toqquşmaya gedəcəyi mümkündür. Çünki müxalifət ona qarşı siyasi təzyiqləri gücləndirir".

Emil SALAMOĞLU
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR