İnsanlara hürriyət, millətlərə istiqlal!

Xameneinin dəfn mərasimi - İran əsrin vida mərasiminə hazırlaşır

809 02.07.2026 18:30 Dünya A A

İranda ali dini lider Əli Xameneinin həlak olmasından 4 aydan artıq vaxt keçdikdən sonra ölkə tarixinin ən genişmiqyaslı vida və dəfn mərasiminə hazırlıq tamamlanmaq üzrədir. İran rəsmiləri qarşıdakı tədbiri "əsrin dəfn mərasimi" adlandırır və bildirirlər ki, İnqilab Keşikçiləri Korpusu (SEPAH), təhlükəsizlik qurumları, hökumət strukturları və yerli hakimiyyət orqanları görünməmiş səviyyədə səfərbər olunub.

Rəsmi açıqlamalara görə, Tehranın mərkəzində milyonlarla insanın hərəkətini tənzimləmək üçün xüsusi şəhər dəhlizi yaradılıb. Müxtəlif dövlət qurumları mərasimdə 12–20 milyon nəfərin iştirak edə biləcəyini iddia edir. İştirakçıların qəbulu üçün bir milyondan artıq insanı eyni vaxtda yerləşdirə biləcək məkan hazırlanıb.

Mərasim ətrafında ən çox müzakirə olunan məsələ İslam Respublikasının yeni ali lideri hesab olunan Müctəba Xameneinin ictimaiyyət qarşısına çıxıb-çıxmayacağıdır.

Əli Xameneinin oğulları ötən il baş vermiş müharibədən sonra heç bir ictimai tədbirdə görünməyiblər. Rəsmi qurumlar isə Müctəba Xameneinin dəfn mərasimində iştirak edib-etməyəcəyi barədə məlumat verməkdən imtina edirlər.

Dəfn mərasiminin qərargah katibi Əli Əkbər Purcamşidian bildirib ki, bu məsələ yalnız Silahlı Qüvvələrin Ali Baş Komandanı Ofisi və İnqilab Liderinin Ofisi tərəfindən münasib vaxtda açıqlana bilər.
Analitiklər hesab edirlər ki, Müctəba Xameneinin dəfn namazına imamlıq etməsi və ya mərasimdə mərkəzi fiqur kimi çıxış etməsi hakimiyyətin ötürülməsi prosesinin rəmzi təsdiqi kimi qiymətləndirilə bilər.

Mərasim öncəsi diqqət çəkən məqamlardan biri də Xamenei ailəsinin üzvlərinin taleyi ilə bağlı qeyri-müəyyənliyin davam etməsidir.

ABŞ-İsrail hücumları zamanı ailənin bir neçə üzvünün öldüyü bildirilmişdi. Son günlər Əli Xameneinin qaynı Həsən Xocastə Bağırzadə televiziya çıxışında "şəhid liderin ikinci qızı üçün dua edin" çağırışı etməklə ailənin digər üzvlərinin də sağlamlıq vəziyyəti barədə yeni suallar yaradıb.

Hələlik cavabsız qalan digər mühüm sual cənazə namazına kimin rəhbərlik edəcəyidir.

Şiə dini ənənəsində ali dini liderin cənazə namazına imamlıq edən şəxs mühüm siyasi və dini simvol hesab olunur. Bu səbəbdən həmin seçimin İranda yeni siyasi balansın göstəricisi ola biləcəyi qeyd edilir.
Rəsmi dairələr Əli Xameneinin vəsiyyətnaməsinin məzmununu da açıqlamayıb. Məşhəd şəhərinin cümə imamı Əhməd Ələmül-Huda bildirib ki, vəsiyyətnamə hazırda mərhum liderin oğullarının əlindədir.
İran hökumətinin planına əsasən, mərasim bir neçə gün davam edəcək.

İlk mərhələ Tehrandakı İmam Xomeyni Namaz Zalında keçiriləcək. Burada insanlar iki gün ərzində Xameneinin tabutunu ziyarət edə biləcəklər. Sonra cənazə Tehran küçələri ilə müşayiət olunacaq.
Bundan sonra mərasim Qum şəhərində davam edəcək.

İran hakimiyyəti daha sonra cənazənin İraqa aparılacağını açıqlayıb. Proqrama əsasən, Nəcəfdə və Kərbəlada dini mərasimlər keçiriləcək, daha sonra cənazə yenidən İrana qaytarılaraq Məşhəddə, İmam Rza ziyarətgahında dəfn olunacaq.

İran rəsmiləri bildirirlər ki, bu marşrut müxtəlif şiə dini mərkəzlərinin istəyi nəzərə alınmaqla müəyyənləşdirilib.

İran Daxili İşlər Nazirliyinin məlumatına görə, mərasimdə müxtəlif ölkələrin prezidentləri, parlament sədrləri, baş nazirləri və nazirləri iştirak edəcəklər.

Rəsmilər onlarla ölkədən nümayəndə heyətlərinin gələcəyini bildirirlər.

Tədbiri təxminən 800 xarici jurnalistin işıqlandıracağı açıqlanıb.

Siyasi müşahidəçilərin fikrincə, qarşıdakı mərasim sadəcə dini vida mərasimi deyil. Analitiklər hesab edirlər ki, bu tədbir İslam Respublikasının yeni rəhbərliyi ətrafında birlik nümayiş etdirmək, hakimiyyətin ötürülməsini legitimləşdirmək və ölkədə siyasi sabitlik görüntüsü yaratmaq məqsədi daşıyır.

Bir sıra ekspertlər mərasimi Müctəba Xameneiyə yönəlmiş "yenidən sədaqət andı" kimi də xarakterizə edirlər.

Ekspertlərin ümumi qənaətinə görə, Əli Xameneinin dəfn mərasimi təkcə İranın deyil, bütün Yaxın Şərqin gələcək siyasi mənzərəsini müəyyənləşdirə biləcək ən mühüm hadisələrdən biri hesab olunur. Çünki bu mərasimdən veriləcək mesajlar İslam Respublikasında hakimiyyətin necə formalaşacağını və yeni siyasi kursun hansı istiqamətdə inkişaf edəcəyini göstərən əsas siqnallardan biri olacaq.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR