İnsanlara hürriyət, millətlərə istiqlal!

Xalq köşəsi

2995 04.05.2022 09:20 Yazarlar A A

Əgər diqqət eləmisinizsə, dünyada hansı dövlətin idarə edilməsində xalqın rolu sıfıra yaxındırsa, oralarda dövlətin adının böyründə mütləq saxta bir “xalq” sözü yapışdırılır. Çin Xalq Respublikası, Əlcəzair, Banqladeş Xalq Respublikaları...

Vaxtilə SSRİ dünyaya sosializm-kommunizm kabusu yayanda belə adlanan ölkələr lap çox, necə deyərlər, zibil kimi idi. Anqoladan Mozambikə, Çexiyadan Polşaya qədər onlarla dövlətin adında “Xalq” sözü var idi. (Bəlkə də hörmətli Pənah Hüseyn sosializm xiffətinə görə öz partiyasını Azərbaycan Xalq Partiyası adlandırmışdır).

Ancaq o dövlətlərin “xalq”ı Sovetlərin cəhənnəmə vasil olmasıyla da bitdi. İndi çoxları adının böyründə bu yarlıkın olmasını istəmir, süni oyunbazlıq etmir. Həmin dövlətlərin xalqı da artıq respublikanın adının yanında öz adını görmədiyi üçün dilxor olmur.

Rusiya isə “Xalq Respublikası” hoqqabazlığını davam etdirməkdən bezmir. Ukraynanın böyründə Donetsk və Luqansk “Xalq Respublikaları” adında 2 oyuncaq qurum qayırmışdılar, bu bəs eləmədi. İndi deyirlər Xerson və Odessa Xalq Respublikaları yaratmağa çalışırlar. Uyğun olaraq XNR və ONR adlanacaqmış.

Dünyanın ən repressiv rejimlərindən birini qurublar, danışanın ağzından vururlar, fərqli fikirə, hətta fikirsizliyə görə (zarafat eləmirəm, bu yaxında Moskvada bir nəfəri sadəcə beş ulduz, yəni, “* ***” yazılmış plakata görə həbs etmişdilər) adamlar zülmə məruz qalır, ancaq böyür-başlarını gülünc “xalq respublikaları” ilə doldururlar. Putinin kefi istəyəndə konstitusiyanı pozur, yenidən yazır. Seçkilər 20 ildir mənasız hərəkətdən başqa heç zada yaramır. Bu fonda “xalq respublikalarına” dəstək verirlər... Sanki Rusiya kürt yatmış toyuqdur, bu “respublikacıqlar” da onun yumurtaları. Bir müddət üstündə yatır, isidir, yumurtadan təzə cücə-dövlət çıxır, sonra onu ərazilərinə qatırlar.

Hələ bir Dnestryanı adlı oyuncaq qurumu da Moldovanın böyrünə soxublar. Səhv eləmirəmsə, bu hələlik “Xalq Respublikası” adlanmır. Ancaq Rusiyanın ordakı siyasəti bütün ətrafında apardığı destruktiv siyasətdən qətiyyən fərqlənmir. Qoşun yeridiblər, qanunsuz baza saxlayırlar, Moldovanın ərazi bütövlüyünü saymırlar, 30 ildir bölgə min cür kriminal qruplaşmaların at oynatdığı nəzarətsiz zonaya çevrilib. Təzəlikcə orada təxribat törətdilər, bir teleradio qülləsini, hansısa inzibati binanı partlatdılar. 20 yanvar 1990-cı ildə Bakıda teleqüllənin ötürücü qurğusunu KGB-nin əliylə partladanların davamçılarıdır, ayrı sxem tanımırlar. O vaxt belə şeyləri bəhanə edib Azərbaycana qoşun yeritdilər, qan tökdülər. İndi də belə oyunlarla Moldovaya savaş açmaq, Ukraynanı iki cəbhədə vuruşmağa məcbur etmək istəyirlər.

Sözgəlişi, rusların bu “poçt-teleqrafı tutmaq” kimi inqilabi həvəsinin əsasını Lenin qoyub. Başa düşmürlər zaman dəyişib, indi teleqüllə kimə lazımdır? Çeçenlər bu müharibədə Ukraynanın Melitopol şəhərindən kənd təsərrüfatı texnikaları oğurlayıb öz kəndlərinə aparıblar. Orda karikatur durum yaranıb. Ukraynalılar texnikanın yerini naviqasiya qurğusuyla öyrəniblər, üstəlik məsafədən blok qoyublar: traktor və kombaynlar işləməz hala gəlib. Rusiya və onun əlaltısı olan rejimlər üçün bu cür yeni, avanqard Qərb əkinçilik texnikaları uçan boşqab görmək kimidir.

Dnestryanı camaatı da az aşın duzu deyil. Son təxribat zamanı onlar üzü... Moldova və Rumıniyaya doğru yollarda basabas yaratmışdılar. Rusiyanın oyuncağıdırlar, ancaq quyruq qapı arasında qalanda Avropaya qaçırlar. Sən demə hazırda Dnestryanıda yaşayanların eyni zamanda bir neçə pasportu var: Rusiya, Moldova, Rumıniya, “Dnestryanı”... Hansı tutar, tutar. “Mumiya” filmində boynundan bütün dinlərin simvollarını asan lotunu xatırladırlar.

Sonda qeyd edim ki, bu separatçı qurumların “xalq respublikası” adlanması elə bizim bəzi bambılı yazıçı və şairlərin, artistlərin “xalq yazıçısı, xalq şairi, xalq artisti” adı almağına da çox oxşayır. Lakin bu başqa temadır, mən bu gün siyasətə qarışmıram.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR