İnsanlara hürriyət, millətlərə istiqlal!

Vətəndaşlarımızı müalicə üçün İrana getməkdən necə çəkindirək - alternativ yollar

1051 06.04.2023 08:36 Gündəm A A

Aydın Əliyev: “Bu, qeyri-demokratik üsullarla yox, ölkəmizdə dərman preparatlarının qiymətini tənzimləyərək, təbliğat-təşviqat işlərini apararaq edilməlidir”

Azərbaycan müstəqillik qazandıqdan, İranla sərhədlər açıldıqdan sonra vətəndaşlarımız o taya kütləvi şəkildə gediş-gəlişə başladılar. Kimi cənubda qalmış qohumlarını axtarmağa, kimisi ticarət, kimisi də dini təhsil, ziyarət üçün Cənubi Azərbaycana tez-tez səfərlər etdi. 90-cı illərin sonu, 2000-ci illərdə isə azərbaycanlılar kütləvi şəkildə İrana müalicə üçün getməyə başladılar. Bu tendensiya COVİD pandemiyası dövründə sərhədlərin bağlanması səbəbindən xeyli azaldı.

Son vaxtlar İranın Azərbaycana qarşı məkrli planları, siyasəti və davranışları təftiş edilərkən o həqiqət də üzə çıxdı ki, molla rejimi ötən müddət ərzində İrana müxtəlif səbəblərdən, o cümlədən tibbi xidmət almaq üçün gedib gələrkən bir çox azərbaycanlıları müxtəlif şantaj yolları ilə casus şəbəkəsinə bu və ya digər yollarla cəlb edə bilib.

Bu məsələ kifayət qədər təhlükəli və ciddidir, təhlükəlidir.

“2016-2017-ci illərdə Azərbaycandan İrana müalicə üçün gedən insanların sayı bir milyondan çox idi. Demək olar ki, bu illər ərzində İrana kütləvi axın var idi. Nə üçün biz öz səhiyyəmizi normal qura bilmirik ki, bizim insanlarımız gedib İranda kəşfiyyatçıların, hansısa dövlət qurumlarının, dini qruplaşmaların faktiki olaraq qurbanına çevrilsin”. Bu sözləri “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu TV Müsavat-ın canlı efirində deyib.

Qeyd etmək lazımdır ki, insanların müalicə üçün İrana getmələri daha çox orada tibbi xidmətlərin, dərmanların ucuz olması ilə əlaqəlidir.

Bu isə o deməkdir ki, insanlarımız vaxtilə ölkədə keyfiyyətli, pulsuz tibbi xidmət ala bilmədikləri üçün gedirdilər. İndi bu məsələdə mühüm bir yenilik var: son illərdə Azərbaycanda icbari tibbi sığorta tətbiq olunur və əksər vətəndaşlar bu sistemdən yararlana bilirlər. Ən mühümü odur ki, tibbi sığorta ilə ən yüksək səviyyəli, müasir avadanlıqları olan tibb müəssisələrində də müalicə olunmaq mümkündür.

Eyni zamanda yenə də davam edən problem dərmanlarla bağlıdır ki, dövlətin xüsusən buna diqqət yetirməsi vacibdir. Dərmanlar ölkədə çox bahadır, bəziləri tapılmır və keyfiyyətsizdir. Bu işi monopoliyadan çıxarmaq mütləqdir.

Vətəndaşları İrana axından qurtarmağın bir yolu da qardaş Türkiyə ilə dövlət səviyyəsində tibbi xidmətlərə dair müqavilə bağlamaq ola bilər. Bəllidir ki, Türkiyədə tibbi xidmətlər əcnəbilər üçün bahadır. Bir neçə il öncəyədək Azərbaycan vətəndaşlarına güzəşt edilirdi, hətta bir çox hallarda tibbi sığorta da tətbiq olunurdu. Ancaq müəyyən işbazların bunu biznesə çevirmələri səbəbindən artıq azərbaycanlılara güzəşt edilmir. Qardaş ölkə isə tibb sahəsində memorandum imzalamaqla qarşılıqlı olaraq tibbi sığorta ilə müalicə və müayinə olunmağı təşkil etmək mümkündür. Bununla həm də insanlarımızı İranın casus şəbəkələrinin toruna düşməkdən qoruya bilərik. Mümkündürmü, bu addım atıla bilərmi?

Müqayisə üçün qeyd edək ki, qardaşlıq bağları olan Moldova və Rumıniyada moldovalılar Rumıniyada öz ölkələrindəki kimi tibbi xidmət ala bilirlər. Eyni qaydanı biz də Türkiyə ilə tətbiq edə bilərikmi?

Musa Quliyev: Bu gün Azərbaycan dünya və region üçün çox önəmli dövlətə  çevrilib - AZƏRTAC

Musa Quliyev

Qeyd edək ki, bir neçə dəfə deputat Musa Quliyev də Milli Məclisdə bu məsələni qaldırıb.  Bizimlə söhbətdə də o qeyd edib ki, indiki zamanda ən yaxşı variant Azərbaycan və Türkiyənin dərman sənayesini birləşdirməkdən ibarətdir: “Hazırda Türkiyə dünyada ən ucuz və keyfiyyətli  dərman istehsal edən, eyni zamanda uyğun şərtlərlə idxal edən ölkələrdəndir. Heç də təsadüfi deyil ki, bizim hər birimiz həkimə müraciət edəndə, həkimlər bildirir ki, "imkan daxilində dərmanı Türkiyədən gətirin". Bu gün biz Türkiyəyə gedib-gələnlərə baxsaq, oradan ən çox gətirilən vəsait dərmandır. Biz Türkiyə ilə hərbi sənayemizi birləşdiririk, təhsilimizi birləşdiririk. Hesab edirəm ki, Türkiyənin dərman sənayesi imkanlarından geniş istifadə etmək lazımdır. Əgər ölkə özü dərman istehsal etmirsə, 95-96 faiz idxaldan asılı bir ölkəyiksə, burada qiymətin tənzimlənməsindən söhbət getməli deyil. Biz azad bazar iqtisadiyyati şəraitində yaşayırıq. Burada da azad rəqabətə imkan verməliyik".

Dərmanların tərkibinə müdaxilə etmək... əxlaqsızlıqdır”

Azərbaycan Həkimləri İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, İranın təbliğat maşını hər sahədə işləyir, həm də tibb sahəsində: “Xüsusən sərhəd rayonlarında taksi fəaliyyəti ilə məşğul olanlar maddi maraq qarşılığında reklamlar aparırlar ki, İranda yaxşı həkimlər var, müalicə ucuzdur. Ucuz tərəfi ilə razılaşmalı oluruq. İranda tibbi xidmət və dərman preparatlarının qiyməti bizə nisbətən ucuzdur. Bu "kart"dan da istifadə edərək xəstələri ora cəlb edirlər. Əvvəl lap çox idi, son vaxtlar bir az azalsa da, yenə də var. Təbii ki, ora gedən insanların içərisindən müəyyən bir təsirə salma ehtimalı var. Bunun qarşısı alınmalıdır. Amma qeyri-demokratik üsullarla yox, ölkəmizdə dərman preparatlarının qiymətini tənzimləyərək, təbliğat-təşviqat işlərini apararaq edilməlidir. Bu cür olmasa, məcburi variantlara da əl atmaq olar. Amma bir fakt da var ki, İranda müalicə alıb, gələndən sonra ağırlaşan xəstələr də çoxdur. Güclü təsiredici dərmanlardan istifadə edərək qısamüddətli effekt alırlar. Amma sonrakı etaplarda gəlib burada ağırlaşırlar. Mən nə qədər xəstə görmüşəm gedib oradan şəfa tapmayıblar".

Ekspert əlavə edib ki, Türkiyə ilə əməkdaşlıq olduqca aktualdır: “Amma Türkiyədə özəl sektorda tibbi xidmət bir az bahalıdır. Ona görə də bizdən hər adam orada o imkanlardan istifadə edə bilmir. Amma oradakı uzmanları bura dəvət etmək olar, bizim səhiyyəni inkişaf etdirmək üçün. Düzdür, əcnəbi həkimlərin çoxu bizim ölkədə qalmaq istəmirlər, maddi rifah yaxşı olmadığına görə. Xaricdə təhsil alan həkimlərimizi ölkəmizə cəlb etmək üçün onları stimullaşdırmaq lazımdır”.  

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR