İnsanlara hürriyət, millətlərə istiqlal!

Vergi Məcəlləsinə “ağrıyan başı kəsmək” təklifi?

1992 08.11.2023 11:00 İqtisadiyyat A A

Sahib Məmmədov: “Bu dəyişiklik ölkədə ekspert xidmətinin keyfiyyətini azaldacaq”

Azərbaycan hökuməti mikrosahibkarlıq subyektlərinə 2018-ci ildə verdiyi güzəştin əhatə dairəsini kəskin şəkildə məhdudlaşdırır. Belə ki, 2024-cü ilin dövlət büdcəsi layihəsi ilə birlikdə Milli Məclisə Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə müvafiq dəyişikliyi nəzərdən tutan layihə də təqdim edilib.

Bu dəyişiklik əksər ekspertlərin kəskin narazılığına səbəb olub. İqtisadçı Rövşən Ağayev xatırladır ki, bir neçə il əvvəl Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə belə bir dəyişiklik edilmişdi: əgər sahibkar əhaliyə yox, hüquqi şəxslərə (yəni biznes subyektlərinə) xidmət edirsə, bu halda hətta dövriyyəsi etibarı ilə (illik 200 min manatdan aşağı) mikrosahibkar olsa belə, sadələşdirilmiş vergi ödəyicisi ola bilməz.

Ekspert deyir ki, bu halda həmin subyekt avtomatik 20 faizlik gəlir vergisinin ödəyicisi sayılır:

062700019906.jpg (199 KB)

“Amma elə həmin vaxt məcəlləyə 102.1.30-cu maddə əlavə edildi ki, qanunvericiliyə uyğun gəlirlərin və xərclərin uçotunu aparan mikrosahibkarlıq subyekti olan fərdi sahibkarların əldə etdiyi gəlirin 75 faizinə vergi güzəşti tətbiq olunur. Yəni 20 faizlik vergi şkalası mikrosahibkarlar üçün 5 faizə endirilir. İndi məhz həmin maddəyə belə bir dəyişiklik təklif edilir ki, əgər mikrosahibkarın 3 nəfər muzdlu işçisi yoxdursa, avtomatik gəlirləri 20 faizlə vergiyə cəlb olunacaq”.
Bəs hökumət bu güzəşti niyə ləğv edir? İqtisadçının sözlərinə görə, arqumentlərdən biri budur ki, iri dövriyyəsi olan sahibkarlar öz fəaliyyətlərini 3-5 işçisinin adına açdığı VÖEN-lə rəsmiləşdirərək 15 faizlik göydəndüşmə güzəştdən 10 minlərlə vəsait qazana bilir.

Ekspert bunun real olduğunu deyir. “Amma ağrıyan başı kəsmirlər, ağılla müalicə edirlər”, - deyə əlavə edir.

Bəs yeni mexanizm bunun qarşısını alacaqmı? R.Ağayev bunun çətin olduğunu deyir:

“Çünki bunu əvvəl edən və bəhrəsini görənlər üçün 3 nəfər muzdlu işçidən ibarət 2-3 mikrosahibkar subyekti yaratmaq yenə də problem olmayacaq. Yəni onlar 5 faizlik vergi güzəştindən yenə də bəhrələnəcəklər. Ortada beli qırılan elə mikrosahibkarlar olacaq ki, məhz onların işinin xarakteri fərdi iş qurmağı tələb edir. Məsələn, İT mütəxəssisləri, tərcüməçilər, dizaynerlər, araşdırma və tədqiqat xidməti göstərən müxtəlif sahə ekspertləri. Yekə-yekə dövriyyəsi olan subyektlər yenə də yol tapıb dövriyyələrini 3 nəfərlik işçilər arasında bölüşdürüb 3-5 VÖEN-lə 5 faizlik güzəştdən bəhrələndiyi halda, sadaladığım şəxslər 20 faizlik vergi yükü altında əziləcəklər”.

İqtisadçı-ekspert Natiq Cəfərliyə görə, dəyişiklik mikrosahibkarlar üçün böyük çətinliklər yaradacaq:

natiqceferli1669218848.jpg (32 KB)

“Bütün dünyada hökumətlər mikro-kiçik sahibkarlara dəstək olmağa çalışırlar. Əsl sabit ölkələrin sabitlik formulu odur ki, büdcə gəlirlərinin 60-70 faizini kiçik-orta sahibkarlar təmin edir, məhz bu zaman sabit inkişaf yolu yaranır.

2024-cü ildə Vergi Məcəlləsinin 102 və 106-cı maddələrinə təklif olunan dəyişikliyə əsasən gələn ildən mikro sahibkarların gəlir vergisinə 75 faiz güzəşt qismən ləğv edilir, bu güzəşt yalnız o sahibkarlara aid olacaq ki, onların azı 3 əməkdaşı olsun və sosial sığorta haqqı sahəsində borcu olmasın. Yaxşı, hökumət nədən bu mənasız addımı atır, vergi daxilolmalarını artırmaq üçünmü? Axı bu güzəştin ləğvi büdcə gəlirlərinin ciddi artımına səbəb olmayacaq, maksimum 40-50 milyon manat əlavə vəsait daxil ola bilər. Bəs nədən bu yola gedirlər?! Deyim - hökumət rəqəmlərlə “rəqs etməyi”, oynamağı çox sevir, bu addımla mikrosahibkarları, guya əlavə 3 iş yeri açmağa “təşviq” edirlər ki, sonra Prezidentə məruzə etsinlər ki, aparılan siyasət nəticəsində yeni iş yerləri açılıb. Mikrosahibkar da baxacaq ki, zatən bunun dövriyyəsi 200 mini keçən kimi ƏDV ödəyicisinə çevrilir, 200 mindən aşağı olanda əgər, məsələn, ilə 20-30 min gəliri olacaqsa, bunun 4-6 min manatını vergi verməlidir, oturub hesablayacaq - əgər 3 nəfər qohumunu formal, minimum əmək haqqı ilə rəsmiləşdirsə, onların Sosial Müdafiə Fonduna ödənişləri il boyu 2-3 min arası olacaqsa, edəcək, yox, əgər bu baş ağrısıdırsa, etməyəcək, qeyri-rəsmi fəaliyyətə üstünlük verəcək. Yəni bu dəyişiklik ölkədə kölgə iqtisadiyyatını genişləndirəcək".

Tanınmış vətəndaş cəmiyyəti nümayəndəsi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov Vergi Məcəlləsinə ediləcək bu dəyişikliyin dövlət qurumlarının maliyyələşdirdiyi qrant layihələrində işləməyə ekspert tapmaq kimi problemə səbəb olacaq:

2021-06-02-12-10-047DoTDYlsIySxv.jpg (54 KB)

“Dəyişiklik mikrosahibkarlar üçün güzəştin ləğvi deməkdir. Çünki mikrosahibkarların əksəriyyəti muzdlu işçi götürməyə imkanı olmayan fərdi xidmətlər göstərən şəxslərdir: təlimçilər, ekspertlər və sair. Onların illik dövriyyəsi 15-20, ən yaxşı halda 45-50 min manatdan yuxarı deyil. Məsələn, mənim ekspert kimi illik dövriyyəm 15 min manatı keçmir. Mənim kimilərə problem yaranmasın deyə differensial yanaşma tətbiq edilə bilər. Lakin düzü, buna inanmıram, çünki bizdə bir problemi həll etmək üçün digər sahələrdə problem yaradırlar. Dəyişiklik nəyə gətirəcək? Əvvəla, ölkədə ekspert xidmətinin haqqı artacaq: insanlar özlərinə nəsə qalsın deyə, xidmət haqqını yüksək qoyacaqlar”.

Liqa rəhbərinin sözlərinə görə, Azərbaycanda 14 dövlət orqanı qrant layihələri maliyyələşdirir:

“Bu layihələrin məbləğ məhdudiyyəti var. Dəyişiklik qəbul edilərsə, indiyədək 200-300 manata görülən işlər üçün ekspertlər özlərinə pul qalsın deyə, məcburən yüksək xidmət haqqı istəyəcəklər. Əksər dövlət orqanları bu tələb üzündən genişlənən layihə büdcələrini ya maliyyələşdirməyəcəklər, ya da aşağı haqq istəyən ekspertlərlə müqavilə bağlanmasını tələb edəcəklər. Nəticədə, çox mühüm sahələrdə elmi-praktiki potensialı aşağı olan ekspertlərin xidmətindən istifadə olunacaq ki, bu da ölkə üçün zəruri olan sahələrdə tədqiqatların keyfiyyətinin kəskin düşməsini şərtləndirəcək”.

Hesablama Palatasının 2024-cü ilin büdcə layihəsinə verdiyi rəydən aydın olur ki, 2024-cü il üzrə yeni siyasət təşəbbüsləri çərçivəsində vergi və gömrük sahəsində təklif olunan əlavə dəyişikliklərin büdcə gəlirlərinə 134,4 milyon manat artırıcı, 25,4 milyon manat azaldıcı təsiri nəzərdə tutulur. Belə ki, Palatanın rəyində qeyd olunan məlumata əsasən, növbəti ilin büdcə sənədləşməsinə əlavə edilmiş sənədlərə əsasən vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmalar üzrə dövlət büdcəsinə hesablanmayan məbləğlər 2021-ci il üçün 6 milyard 521,9 milyon manat, 2022-ci il üçün 7 milyard 630,8 milyon manat, 2023-cü il üçün 8 milyard 80 milyon manat, 2024-cü il üçün isə əvvəlki il və cari ilin eyni göstəriciləri ilə müqayisədə müvafiq olaraq 731,2 milyon manat və ya 9,6 faiz, 282,0 milyon manat və ya 3,5 faiz çox olmaqla 8 milyard 362 milyon manat təşkil edir ki, bu da dövlət büdcəsinə hesablanmayan məbləğlərin artmasını göstərir.

Hesablama Palatasının gəldiyi qənaət budur ki, təqdim edilmiş məlumatlara əsasən, sahibkarlar üçün vergi və gömrük qanunvericiliyinə təklif olunan dəyişiklik hesabına formalaşdırılacaq əlavə gəlir idxalda edilmiş güzəştlərin büdcə gəlirlərinə azaldıcı təsirinin kompensasiya edilməsi məqsədini daşıyır: “Beləliklə, dəyişikliklərin (cari ildə təsdiq edilmiş qərarlar da nəzərə alınmaqla) dövlət büdcəsində 16,0 milyon manat azaldıcı təsiri nəzərdə tutulur. "Büdcə zərfi"nə əlavə edilmiş sənədlərdə əvvəlki illərdə olduğu kimi növbəti il üçün də güzəştlərin büdcə, iqtisadi və sosial baxımdan səmərəliliyinin qiymətləndirilməməsi fonunda növbəti il üçün vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmalar üzrə dövlət büdcəsinə hesablanmayan məbləğlərdə artım müşahidə edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 3 noyabr tarixli 436 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi Qaydaları”nın 6.7-ci bəndinə əsasən Maliyyə Nazirliyi tərəfindən güzəştlərin səmərəliliyinin qiymətləndirilməsi üzrə nəticələrə dair arayışın “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11.15-ci maddəsinə əsasən növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı 3 il üçün icmal büdcənin göstəriciləri ilə birlikdə təqdim edilməsi nəzərdə tutulub, lakin təqdim olunmayıb".

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR