İnsanlara hürriyət, millətlərə istiqlal!

"Vəfat edən Qarabağ əlillərinin ailələrinə birdəfəlik ödəmənin verilməsinə çox sevindim" - RƏY

564 03.08.2022 15:17 Sosial A A

"Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsi dövlətin qazilərə olan diqqət və qayğısının bariz nümunəsidir".

Musavat.com xəbər verir ki, bunu "Report"a açıqlamasında Birinci Qarabağ müharibəsinin iştirakçısı, II qrup əlil Elməddin Səfərov deyib.

O bildirib ki, birdəfəlik ödənişin verilməsi çox böyük köməkdir: "Hazırda 48 yaşım var. On altı yaşım olanda könüllü olaraq Birinci Qarabağ döyüşlərinə qatılmışam. Ağdam cəbhəsində Azərbaycanın Milli Qəhrəmanı, şəhid Asif Məhərrəmovun batalyonunda pulemyotçu olaraq döyüşmüşəm. Ağdam, Əsgəran, Şuşa istiqamətlərində gedən döyüşlərdə vuruşmuşam. 1992-ci ilin iyunun 12-də düşməndən 12 kəndin geri alınmasında əməyim olub. 1992-ci il iyulun 19-da Naxçivanik istiqamətində ağır yaralanmışam və hazırda bir ayağım işləmir. Dövlətin verdiyi bu yardımı müalicəmə xərcləyəcəm".


E.Səfərov qeyd edib ki, vəfat edən Birinci Qarabağ müharibəsi əlillərinin ailələrinə də yardımın verilməsi xüsusilə təqdirəlayiqdir: "Bizim hər il iki dəfə müalicəyə ehtiyacımız olur. Tam səmimi deyirəm ki, biz qazilər dövlətimizi pula-mala görə sevmirik. Birdəfəlik ödəmənin təkcə hazırda müharibə əlili statusunda olanlara deyil, həm də vaxtilə Birinci Qarabağ müharibəsi ilə bağlı əlilliyi olmuş, lakin sonradan sağalmış, yəni reabilitasiya olunduğundan əlillik dərəcəsi hazırda olmayan şəxslərə də verilməsi Ali Baş Komandan İlham Əliyevin qazilərə olan diqqət və qayğısının göstəricisidir. Qazilərimizdən bir çoxu dünyasını dəyişib. Bu yardımın onların vərəsələrinə də şamil olması alqışa layiqdir. Vəfat edən qardaşlarımızın övladları bir daha əmin oldular ki, onların atalarının əməyinə necə qiymət verilir".

Qeyd edək ki, Baş nazir Əli Əsədov avqustun 2-də “1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərar imzalayıb.

Qərarla Birinci Qarabağ müharibəsi əlillərinə I dərəcə əlilliyə görə – 8 800 manat, II dərəcə əlilliyə görə – 6 600 manat, III dərəcə əlilliyə görə – 4 400 manat məbləğində birdəfəlik ödəmə ediləcək.

Birdəfəlik ödəmə almaq hüququ olan şəxslər aşağıdakılardır:

- 1997-ci il avqustun 2-dək olan xidmət dövründə aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər;

- Hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər;

- Xidmətlə əlaqədar əlilliyi müəyyən edilmiş, lakin sonradan reabilitasiya olunmuş şəxslər;

- Müəyyən edilmiş məbləğdən az məbləğdə sığorta ödənişi almış şəxslər;

- Yuxarıda göstərilən kateqoriyadan olan şəxslər vəfat etdikdə onların vərəsələri.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR