İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqtonun qərarı bazarları silkələyə bilər – Azərbaycan üçün risklər nələrdir?  

979 04.07.2026 13:30 İqtisadiyyat A A

ABŞ Federal Ehtiyat Sisteminin (FED) yeni sədri Kevin Varş Avropa Mərkəzi Bankının Sintra Forumunda mühüm açıqlama ilə çıxış edib. O bildirib ki, FED bundan sonra bazarlara gələcək faiz qərarları ilə bağlı əvvəlcədən siqnallar vermək siyasətindən uzaqlaşacaq. Qərarlar yalnız iqtisadi göstəricilər, inflyasiya, məşğulluq və iqtisadi artım tempinə əsasən qəbul ediləcək.
Mütəxəssislərin fikrincə, bu yanaşma qlobal maliyyə bazarlarında qeyri-müəyyənliyi artıra bilər. Çünki investorlar artıq FED-in növbəti addımlarını əvvəlcədən proqnozlaşdırmaqda çətinlik çəkəcəklər. Bu isə dolların məzənnəsinə, qızıl və neft qiymətlərinə, eləcə də inkişaf etməkdə olan ölkələrin maliyyə bazarlarına birbaşa təsir göstərə bilər.

Bəs bu qərar investorların davranışına və beynəlxalq kapital axınlarına necə təsir göstərə bilər? İnkişaf etməkdə olan ölkələrin valyutaları və maliyyə bazarları üçün hansı risklər yarana bilər? ABŞ-da faiz siyasətinin qeyri-müəyyənləşməsi Azərbaycana xarici investisiya axınına necə təsir göstərə bilər?

Musavat.com bildirir ki, iqtisadçı Eldəniz Əmirov mövzuya bu cür şərh verib:

"Son illərdə qlobal maliyyə bazarlarının iştirakçıları ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəhbərlərinin hər çıxışını diqqətlə izləyir, onların verdiyi mesajlardan növbəti faiz qərarlarını öncədən təxmin etməyə çalışırdılar. Lakin FED-in yeni yanaşması ilə vəziyyət dəyişir. Artıq bazarların diqqət mərkəzində mərkəzi bank rəhbərlərinin bəyanatları deyil, inflyasiya göstəriciləri, məşğulluq səviyyəsi, iqtisadi artım tempi və digər fundamental makroiqtisadi məlumatlar dayanacaq".

İqtisadçının fikrincə, bu isə o deməkdir ki, maliyyə bazarları bundan sonra açıqlanan hər yeni statistik göstəriciyə daha həssas reaksiya verəcək:

"İnflyasiya ilə bağlı hesabatlar, əmək bazarının vəziyyəti, istehlak xərcləri və iqtisadi aktivlik göstəriciləri investorların qərarlarında həlledici rol oynayacaq. Nəticədə bazarlarda volatilliyin artması, istiqraz bazarında gəlirlilik səviyyələrinin daha kəskin dəyişməsi, səhm bazarlarında isə qiymət dalğalanmalarının güclənməsi ehtimalı yüksəlir".

Eldəniz Əmirov vurğulayıb ki, bu dəyişiklik inkişaf etməkdə olan ölkələr, o cümlədən Azərbaycan üçün də xüsusi əhəmiyyət daşıyır:

"Əgər ABŞ-da faiz dərəcələri yüksək səviyyədə qalarsa və ya daha da artırılarsa, bu, dolların qlobal bazarlarda mövqeyini gücləndirə bilər. Belə şəraitdə beynəlxalq investorlar vəsaitlərini daha təhlükəsiz hesab etdikləri ABŞ maliyyə alətlərinə yönəltməyə üstünlük verə bilərlər. Nəticədə inkişaf etməkdə olan ölkələrə investisiya axınları zəifləyə, maliyyə bazarlarında əlavə təzyiqlər yarana bilər.

Əslində isə investorlar, şirkətlər və biznes dairələri strateji qərarlarını ayrı-ayrı siyasətçilərin, dünya liderlərinin və ya mərkəzi bank rəhbərlərinin çıxışlarına deyil, iqtisadiyyatın real vəziyyətini əks etdirən göstəricilərə əsaslandırmalıdırlar. Bəyanatlar bazarlarda qısamüddətli psixoloji təsir yarada, gözləntiləri dəyişə bilər. Lakin iqtisadiyyatın həqiqi mənzərəsini ortaya qoyan əsas amil statistik göstəricilərdir.
Makroiqtisadi məlumatlar iqtisadiyyatın laborator analizinin nəticələrinə bənzəyir. Həkim necə ki, xəstənin vəziyyətini emosiyalara deyil, analiz nəticələrinə əsasən qiymətləndirirsə, investorlar da bazarların gələcək istiqamətini məhz həmin rəqəmlər əsasında müəyyən etməlidirlər. Tarix dəfələrlə göstərib ki, bazarlar uzunmüddətli perspektivdə bəyanatlara deyil, iqtisadi reallıqlara tabe olur. Buna görə də inflyasiya, məşğulluq, istehlak və iqtisadi artım göstəricilərini düzgün oxumağı bacaranlar bazarda üstünlük əldə edir, onları yanlış qiymətləndirənlər isə ciddi maliyyə itkiləri ilə üzləşirlər".


Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR