İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqtonla Bakının gərgin münasibətlərinin gerçək səbəbləri

894 10.01.2024 12:10 Ölkə A A

“Amerika uşaqları”nın Azərbaycanda “əl-qolunun” bağlanması ABŞ-ın narazılığı üçün ciddi səbəb ola bilər, amma... 

7 fevral prezident seçkisi yaxınlaşdıqca Azərbaycana beynəlxalq təzyiqlərin artacağını qeyd etmişdik. ABŞ Dövlət Departamentinin Azərbaycanı dini azadlıqların ciddi pozuntusuna yol verən ölkələrin “qara siyahı”sına salmasının ölkəmizdə belə ciddi reaksiya doğurduğunun səbəbi daha çox bir ay sonrakı seçki ilə bağlıdır. O da iddia olunur ki, Blinkenin bu qərarı potensial olaraq ABŞ hökuməti tərəfindən sanksiyalar üçün yol açır. 

Rəsmi Bakı ilə Vaşinqton arasında əslində nə baş verdiyini anlamaq bir az çətindir. Görünən səbəblər haqda çox danışılır: ABŞ Azərbaycan hakimiyyətinin Qarabağda qətiyyətli addımlarından qəzəblidir, hətta guya Bakı ermənilər üçün hansısa komfortlu şərait vəd edib, amma onu yerinə yetirmədiyi üçün Amerika özünü aldadılmış hesab edib. Münasibətləri gərginləşdirə biləcək Rusiya faktoruna vurğu etmək olar, Azərbaycanın Moskva ilə balanslaşdırılmış siyasətinin Vaşinqtonu məmnun etməməsi anlaşılandır. ABŞ-ın Avropada ən sadiq müttəfiqi Fransaya qarşı Azərbaycanın sərt ifşa siyasəti, Bakıda Parisin Afrikadakı sümürgən siyasətinə həsr olunmuş bir neçə beynəlxalq tədbir keçirilməsi də Vaşinqtonun qıcıqlı reaksiyasına səbəb ola bilərdi. Nəhayət, “Amerika uşaqları”nın Azərbaycanda “əl-qolunun” bağlanması da Vaşinqtonun narazılığı üçün ciddi səbəb ola bilər. 

İran səfirliyinin dostu olan 60-dan çox jurnalist: onlar kimlərdir? - Elçin  Mirzəbəyli yazır

Elçin Mirzəbəyli

BAXCP sədrinin müavini, siyasi ekspert Elçin Mirzəbəyli hesab edir ki, bunun başlıca səbəbi Bayden administrasiyasının ABŞ tarixinin ən ermənipərəst iqtidarı olmasıdır: “Co Baydenin prezident seçiləndən dərhal sonra ölkəsinin tarixində ilk dəfə qondarma soyqırımı tanıdığını bəyan etməsi də bunu təsdiqləyir. Dini azlıqlarla bağlı ABŞ Dövlət Departamentinin son kağız parçasında Azərbaycandakı vəziyyəti əks etdirən hissəsinin hazırlanmasının Livanın Vaşinqtondakı konsulluğunun keçmiş əməkdaşı, Amerika Erməni Assambleyasının Vaşinqton ofisinin kommunikasiya üzrə departamentinin sabiq direktoru, erməni əsilli Daniela Saroyan-Aşbaxyana həvalə etməsi, sözügedən şəxsin 2020-ci ildə, 44 günlük müharibədən sonra departamentdə ölkənin xarici siyasətini müəyyənləşdirən komissiyalardan birinin rəhbərliyinə gətirilməsi hətta Birləşmiş Ştatların öz qanunvericiliyinə ziddir. Buna baxmayaraq, Blinkenin xarici siyasət "kontora"sı, ölkə qanunvericiliyinə məhəl qoymadan, erməni diasporunun maraqlarını ifadə etmək üçün bütün vasitələrdən yararlanır. Ağ Evin heç cür barışa bilmədiyi məsələ ölkəmizin öz əraziləri üzərində suveren hüquqlarını tam bərpa etməsi, silahlı separatizmin kökünü Azərbaycan ərazilərindən kəsməsidir. Bununla Birləşmiş Ştatların təkcə Azərbaycana deyil, o cümlədən regiona təsir imkanları tamamilə itirilib, uzun illərdən bəri aparılan hesablamalar, etnik erməni faktoru üzərindən Azərbaycanın daxili siyasətinə müdaxilə imkanları sıradan çıxarılıb. Bu isə rəsmi Bakıya, azsaylı mühüm strateji faktorlar istisna olmaqla, bütün digər məsələlərdə geniş manevr imkanları verib. Azərbaycan istisnasız olaraq, milli maraqlara söykənən siyasət yürüdür və özünün hər hansı qütbün geosiyasi oyunlarında istifadə olunmasına cüzi də olsa imkan yaratmır. Azərbaycan tərəfdaşlığa meylli olan tərəflərdən ilk növbədə ölkənin suveren hüquqlarına və milli maraqlarına tam sayğı, daha sonra isə balanslaşdırılmış, ədalətli, sistemli münasibət tələb edir. Çünki hazırda Bakının mövqeyi, bölgədə istənilən, o cümlədən iqtisadi, siyasi və hərbi müstəvidə balansın dəyişməsi üçün yetərlidir. Blinkenin Yaxın Şərqə Türkiyədən başlayan son səfəri ərəfəsində, onun rəhbərlik etdiyi “kontor”da ölkəmiz əleyhinə uydurma iddialardan ibarət ittihamların ifadə olunması, Ağ Evin Ankaraya “alver” üçün “təzyiq portfeli” ilə yola düşdüyündən xəbər verir və nəticələr də onu göstərir ki, departament rəhbərinin səfəri uğursuzluqla sonuclanıb. Bayden və onun komandası, o cümlədən dünyanın üz qarasına çevrilən demokratlar Ağ Evdə ən azı iki dönəmlik sonuncu aylarını keçirirlər. Hətta Blinkenin üz tutduğu ölkələr, o cümlədən İsrail belə demokratların hakimiyyətdə qalmasını arzulamır. Düşünürəm ki, Birləşmiş Ərəb Əmirliklərinin prezidentinin Azərbaycana rəsmi səfəri, Blinkenin Yaxın Şərq “turnesi”nin nəticələri haqda qənaətə gəlmək üçün yetərlidir."

Azərbaycanın İsraildə səfirlik açması çox vacibdir”

Rusif Məmmədsoy

Politoloq Rusif Məmmədsoyun sözlərinə görə, Azərbaycan-ABŞ münasibətlərində müəyyən gərginliklər hiss olunsa da, strateji məsələlərdə anlaşma mümkündür: “ABŞ çox yaxşı anlayır ki, Cənubi Qafqazla bağlı qərarlar verərkən Azərbaycanın üzərindən xətt çəkmək, sadəcə olaraq, mümkün deyil və Azərbaycanın milli və təhlükəsizlik maraqları mütləq diqqətə alınmalıdır. Təbii ki, situativ olaraq münasibətlərdə gərginlik və ya yumşalma müşahidə edə bilərik. ABŞ-ın Azərbaycanı dini azadlıqların pozulmasına görə ittiham etməsinə gəlincə isə bu, tamamilə absurddur və Birləşmiş Ştatlar burada böyük səhvə yol verir. Təbii ki, prezident seçkisi yaxınlaşdıqca ölkəmizə basqılar daha da arta bilər. 

ABŞ-ın nə deməsindən asılı olmayaraq Qarabağ Azərbaycan dövlətinin daxili işidir və kimsə bu  məsələlərə müdaxilə edə bilməz. Proseslərə başqa prizmadan baxsaq, onu deyə bilərik ki, Azərbaycanın Rusiya ilə normal münasibətləri Birləşmiş Ştatları razı salmaya bilər. Ancaq bu da onların problemidir. Azərbaycan qonşuları ilə münasibətləri normal saxlamaqda, qarşıdurma şəraitindən uzaq durmaqda maraqlıdır. Əgər ABŞ Rusiya ilə münasibətlərdən narazıdırsa, o zaman Azərbaycanı deyil, Ermənistanı ittiham etməlidir və sual etməlidir ki, Rusiyaya sanksiyalardan yayınmaq üçün niyə kömək edirsən? Və yaxud da Qərbin Rusiyaya qarşı savaş apardığı, sanksiyalar tətbiq etdiyi zamanda Almaniya Rusiyadan qaz nəqlini 2 dəfə artırmaqdan bəhs edir. Bunları sual etmək daha məqsədəuyğundur deyə düşünürəm. Azərbaycana gəlincə isə, rəsmi Bakının mövqeyi bəllidir. Azərbaycan Qoşulmama Hərəkatının aparıcı üzvüdür. Amma Azərbaycan həm də hər zaman humanitar müstəvidə Ukraynaya yardımlarını davam etdirir. Bütün bunları nəzərə aldığımız zaman onu deyə bilərik ki, Azərbaycan üçün hazırda ən önəmli vəzifə güclənməkdir".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR