İnsanlara hürriyət, millətlərə istiqlal!

Şimali Kıbrıs Türkiyənin tərkibinə keçir? - nazir açıqladı

630 27.07.2024 14:29 Siyasət A A

Sabiq deputat: “Şimali Kiprdəki türklər Naxçıvan modelinə üstünlük verə bilərlər”

Şimali Kipr Türk Cümhuriyyətnin nəqliyyat və inkişaf naziri Erhan Arıklı maraqlı təklif səsləndirib. Onun sözlərinə görə, əgər Şimali Kipr müstəqil dövlət kimi tanınmasa, o zaman Türkiyənin tərkibində muxtar respublika statusuna keçilməsinə baxıla bilər. Nazir əsas məqsədin Kiprin şimalında türk varlığının qorunması olduğunu bildirib.

Erhan Arıklı: "Toplum, herkes statükocu; öylesine statükocuyuz ki…"

E.Arıklı alternativlər üzərində düşündüklərini deyib: “Özümüzü müstəqil dövlət kimi tanıda bilməsək də, ərazidə türklərin mövcudluğunu qorumalıyıq. Məsələn, Azərbaycanın tərkibində olan Naxçıvan Muxtar Respublikasına bənzər bir model qurula bilər.

Yəni Şimali Kiprin Türkiyənin tərkibində muxtar respublika statusuna keçməsi istisna edilmir. O halda xarici əlaqələrdə Ankaraya bağlı olsaq da, daxildə müstəqil qalacağıq. Bu məsələni gündəmə gətirəcəyik”. E.Arıklı əlavə edib ki, Şərqi Aralıq dənizi sahilləri neft və qazla zəngindir: "ABŞ və Avropa İttifaqı (Aİ) bölgənin sərvətini rahatlıqla istismar etmək üçün burada türklərin mövcudluğunun əleyhinədir. Kipr Respublikası onsuz da Aİ üzvüdür. Yəni onlara əsas maneə Şimali Kiprin varlığıdır, buranı idarə edə bilmədikləri bölgə kimi görürlər. Əgər Türkiyə və türk milləti buradan əlini çəksə, neft və qaz tamamilə ABŞ-la Aİ-nin nəzarətinə keçəcək. Nəticədə Şimali Kipr Türk Respublikası əsla tanınmayacaq".

Bu təklif nə qədər real ola və hansı nəticələr doğura bilər?

Sona Əliyeva: Seçicilərə çatdırmaq istədiyim məlumatlar var - "İki sahil"

Sabiq deputat, siyasi təhlilçi Sona Əliyeva musavat.com-a bildirdi ki, indiki məqamda Şimali Kipr Türk Cümhuriyyətinin muxtar respublika kimi Türkiyənin tərkibinə keçməsi tələskənlik olardı: “Hələ bir qədər gözləmək üçün zaman var. Bəlkə də gələcəkdə Şimali Kiprin müstəqilliyi Türk Dövlətləri Təşkilatı tərəfindən tanına bilər. Artıq ŞKTR TDT-nin müşahidəçi üzvlərindəndir.

Azərbaycan da Qarabağ məsələsini həll edib. Əvvəllər rəsmi Bakı Qarabağ probleminə görə, Lefkoşanın müstəqilliyini tanıya bilmirdi. İndi zaman dəyişib, geosiyasi müstəvidə kartlar yenidən dağıdılır. Ola bilsin ki, Macarıstan istisna olmaqla altı türk dövləti Şimali Kipr Türk Cümhuriyyətnin müstəqilliyinə “hə” desin. Amma bu mümkün olmasa və xarici təhdidlərin artması fonunda Şimali Kiprdəki türklər Naxçıvan modelinə üstünlük verə bilərlər. Onlar referendum keçirərək Türkiyənin tərkibində muxtar respublika kimi qalmalarına heç kim qarşı gələ bilməz. Üstəlik, bölgədəki neft və qaz amilini də gözdən kənarda tutmaq olmaz. Bu, həm də Aralıq dənizi zolağında, su hövzəsində türklərin hakimiyyətinin güclənməsi baxımından da önəmlidir. Düşünürəm ki, hazırda Şimali Kiprin Cənubi Kiprlə birləşməsi üçün Qərbdən təzyiqlər artmaqdadır. ABŞ və Avopa Birliyi bu istiqamətdə sərt ritorikalardan da çəkinmir. Ona görə də Ərsin Tatar hakimiyyəti yüz ölçüb bir biçməlidir. Azərbaycanın Naxçıvan modeli formatında Şimali Kiprin Türkiyənin çətiri altında muxtar Respublika kimi mövcudluğunu davam etdirməsi yaxın gələcək üçün ən uyğun variantdır. Bu məsələ referendumla həll edildiyi üçün kimsə yox deyə bilməyəcək”.

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR