İnsanlara hürriyət, millətlərə istiqlal!

Valyuta Fondu “oxu” deyir, Dünya Bankı “oxuma...”

817 15.04.2023 08:40 İqtisadiyyat A A

İqtisadçı ekspert: “Bu qurumlar birinci rübdəki göstəricilərdən xəbərsizdirlər sanki...”

Aprel ayının ötən dövrü ərzində Azərbaycanda cari il və növbəti 2 ildə iqtisadi artım, inflyasiyaya dair iki beynəlxalq qurumun kəskin fərqli gözləntilərini əks etdirən proqnozları açıqlanıb.

Dünya Bankının (DB) aprelin əvvəlində açıqlanan hesabatında bildirilib ki, Dünya Bankına görə, bu il Azərbaycanda iqtisadiyyatın artımı 2,2 faiz təşkil edəcək. Bu isə bankın 2023-cü ilin yanvar proqnozu ilə müqayisədə 0,6 faiz azdır.

Dünya Bankı həmçinin 2024-cü ildə Azərbaycan iqtisadiyyatının ötən proqnoza nisbətən 0,1 faiz az, yəni 2,1 faiz artacağını gözləyir. Hesabata görə, 2025-ci ildə Azərbaycanda real ÜDM-in artımı 2,6 faizə yüksələcək: “Ortamüddətli perspektivdə Azərbaycanda iqtisadi artım ehtimal ki, böyük həcmli investisiyalar (o cümlədən Avropa İttifaqının vasitəçiliyi ilə bağlanmış bir neçə enerji sövdələşməsi fonunda), eləcə də Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının həyata keçirilməsi üçün dövlət xərclərinin artması ilə dəstəklənəcək. 2023-cü ildə iqtisadi artımın 2,2 faiz təşkil edəcəyi gözlənilir. Ortamüddətli perspektivdə artımın struktur islahatları olmadan orta hesabla 2,5 faiz səviyyəsində olacağı proqnozlaşdırılır”.

Dünya Bankına görə, Azərbaycanın qeyri-neft-qaz sektorunda artım iki illik sürətli artımdan sonra “COVİD-19" pandemiyasından əvvəlki dinamikaya yaxınlaşıb və onun 5,2 faizə qədər azalacağı gözlənilir. Qurum ekspertləri qeyd edirlər ki, qeyri-neft sektorunda artım əsasən yenidənqurma işləri ilə bağlı xidmətlər və tikinti ilə bağlı olacaq. Bu da güclü dövlət sərmayəsinin xidmət və tikinti sektoruna yönəldilməsi ilə bağlıdır. Bank həmçinin kənd təsərrüfatı üzrə artımın real ÜDM-də payının 2023-cü il üzrə 3,2 faiz, 2024 və 2025-ci illər üzrə 3 faiz proqnozlaşdırdığını açıqlayıb. Qeyd edək ki, ötən il üzrə bu rəqəm 3,4 faiz təşkil edib.

Rəqəmsal iqtisadiyyatın biznesin inkişafında rolu - yeni çağırışlar...

Bank hesabatında Azərbaycanda sənaye artımı bu il 0,5 faiz, 2024-cü ildə 1 faiz, 2025-ci il üzrə 1,2 faiz müəyyən edilib. Xidmət sektorunda isə bank 2023-cü ildə 4,7 faiz, 2024-cü ildə 4,5 faiz, 2025-ci ildə 4,6 faiz artım gözləyir.

Dünya Bankı Azərbaycanda inflyasiyanın 2022-ci ildəki 13,5 faizdən 2023-cü ildə 8,5 faizə qədər azalacağını proqnozlaşdırıb. Bu isə Azərbaycan Mərkəzi Bankının inflyasiya proqnozu olan 8 faizə yaxındır. Beynəlxalq qurum  2024-cü ildə Azərbaycanda  6,2 faiz, 2025-ci ildə isə 5,4 faiz inflyasiya proqnozlaşdırır.

Beynəlxalq Valyuta Fondu (BVF) isə Azərbaycanda bu il real ümumi daxili məhsul artımına dair proqnozunu 2,5 faizdən 3 faizə yüksəldib. BVF-nin proqnozuna görə, 2024-cü ildə Azərbaycanda ÜDM-in real artımı 2,6 faizə çatacaq.

Fond bu il üçün Azərbaycanda inflyasiya proqnozunu 10,8 faizdən 11,3 faizə qədər artırıb. BVF hesab edir ki, 2024-cü ildə Azərbaycanda istehlak qiymətləri indeksi 8 faiz artacaq.

Rəsmi statistikaya əsasən, 2023-cü ilin yanvar-mart aylarında ölkədə 30 milyard 310,6 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz çox ümumi daxili məhsul istehsal olunub. Bu zaman iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,9 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 4,9 faiz artıb. ÜDM istehsalının 47,5 faizi sənaye, 9,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,0 faizi tikinti, 2,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 faizi informasiya və rabitə sahələrinin, 17,6 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,5 faizini təşkil edib. Adambaşına düşən ÜDM 2991,2 manata bərabər olub.

2018-ci ilin yanvar-may aylarında iqtisadi artım olub - BBN.az

Birinci rübdə ölkədə 18,6 milyard manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz az sənaye məhsulu istehsal edilib. Bu zaman neft-qaz sektorunda məhsul istehsalı 4 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 4,7 faiz artıb.  Sənaye məhsulunun 72,0 faizi mədənçıxarma sektorunda, 22,6 faizi emal sektorunda, 4,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,4 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 1,1 faiz artıb

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-mart aylarına nisbətən 13,8 faiz artıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, birinci rübdı ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə inflyasiya 17,1 faiz, qeyri-ərzaq məhsulları üzrə 12 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,6 faiz təşkil edib. Ötən ay isə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 0,7 faiz, ötən ilin mart ayına nisbətən isə 13,6 faiz artıb.

Martda ərzaq məhsulları, içkilər və tütün məmulatları fevralla müqayisədə 1,3 faiz, ötən ilin mart ayına nisbətən isə 16,8 faiz bahalaşıb. Ay ərzində qyrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, vaflinin, peçenyenin, mal və qoyun ətinin, təzə balığın, pendirin, zeytun yağının, naringinin, portağalın, narın, almanın, bananın, soğanın, kartofun, balqabağın, pomidorun, şəkərin, çayın, mineral suların, spirtli içkilərin, azalma isə əsasən çörəyin, unun, qarabaşaq yarmasının, yumurtanın, süfrə marqarininin, günəbaxan və qarğıdalı yağlarının, xiyarın, çuğundurun, yerkökünün, mərcinin qiymətlərində müşahidə olunub.

Keçən ay qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi  əvvəlki ayla müqayisədə 0,3 faiz, ötən ilin mart ayına nisbətən 11,6 yüksək olub.  Qeyri-ərzaq məhsullarından daha çox artım mebellərin, paltaryuyan maşınların, minik avtomobilləri üçün ehtiyat hissələrinin, sintetik yuyusu vasitələrin, şampunların, azalma isə əsasən kəsilmiş taxtaların, kompüterlərin və yazı kağızlarının qiymətlərində müşahidə olunub.

Martda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi isə fevralla müqayisədə 0,2 faiz, ötən ilin mart ayına nisbətən 10,8 faiz artıb.

Göründüyü kimi, həm BVF, həm də Dünya Bankının Azərbaycanla bağlı proqnozları reallıqdan xeyli uzaq və bir-birindən kəskin fərqlidir. Bu fərqin səbəbi nədir və iki qurumun hansının proqnozu reallığa daha yaxındır?

Oxu.az - Elmin inkişafı büdcədən nə dərəcədə asılıdır?

Pərviz Heydərov

Sualları cavablandıran iqtisadçı-ekspert Pərviz Heydərovun dediyinə görə, beynəlxalq qurumların ölkəmizdə iqtisadi artım və bahalaşma ilə əlaqədar irəli sürdükləri proqnozlar tamamilə səhvdir və heç bir məntiqə uyğun gəlmir: “Ona görə heç bir məntiqə uyğun gəlmir deyirəm ki, bu qurumların belə görünür, ilin başlanğıcından ötən 3 ay ərzində ölkəmizin iqtisadi göstəricilərindən xəbərləri yoxdur. Cari ilin yanvar-mart ayları ərzində ölkəmizdə istehlak qiymətləri indeksi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13, faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları 17,1 faiz, qeyri-ərzaq malları və  əhaliyə göstərilən ödənişli xidmətlər isə müvafiq olaraq 12 faiz və 10,6 faiz artıb. Ümumiyyətlə, sözügedən tendensiyanın aylıq tempinin ən azı keçənilki dinamikada qaldığı əyani görünür. İqtisadi artımsa, cəmi 0,4 faiz təşkil edib. Bahalaşma və inflyasiya tendensiyası o vaxt səngiyəcək ki, ilk növbədə enerjidaşıyıcıları ucuzlaşsın. Bunun isə nə vaxt baş verəcəyi hələ məlum deyil. Söhbət, təbii ki, qlobal miqyasdan gedir. Çünki ölkəmizdə sözügedən tendensiya ən çox qlobal miqyasdan qaynaqlanır ki, bahalaşma və inflyasiyada əsas rolu məhz idxal amili oynayır.

Yeri gəlmişkən, il başlanandan ötən dövr ərzində qiymət artımı və inflyasiya tempi əslində daha çox arta bilərdi. Lakin hökumətin nəzarəti və o cümlədən Mərkəzi Bankın (AMB) pul kütləsinin idarəolunması sahəsində gördüyü bir sıra tədbirlər nəticəsində proses nisbətən cilovda saxlanılıb. Ancaq bunun nə qədər davam edəcəyi bəlli deyil. İdxalın getdikcə artması təzyiqi gücləndirməkdədir. Hələ üstəlik arada nəqliyyatda gediş haqqı da artırılıb".

Ekspert bildirir ki, il ərzində Tarif Şurası tərəfindən tənzimlənən qiymətlər sırasında nəqliyyatda gediş haqqından da əlavə digər dəyişikliklərə (artımlara) də gedilərsə, inflyasiya, ümumiyyətlə, sıçrayış nümayiş etdirə bilər: “Proqnoz budur ki, yanacaq ucuzlaşmayacağı təqdirdə qlobal bahalaşma və inflyasiyadan doğan təsir və təzyiq davam edəcək, yəni ölkəmizə inflyasiya idxalı səngiməyəcək. Hansı ki, bunu tam olaraq neytrallaşdırmaq özü də əslində qeyri-mümkün sayılır. Çünki daxili bazarımız idxal məhsullarından asılı olduğundan yerli istehsal nə qədər çox stimullaşdırılsa belə, bundan qısa müddətdə yaxa qurtarmaq real ola bilməz.

İkincisi, belə bir fonda il ərzində tənzimlənən qiymətlər sırasında nəqliyyatda gediş haqqından əlavə hər hansı digər artıma və yaxud artımlara da gedilərsə, bu, ciddi fəsadlara yol aça bilər. Odur ki, adını çəkdiyiniz qurumların söylədikləri rəqəmlər nəyə əsaslanır bilmirəm. Hər iki qurumun irəli sürdükləri proqnoz rəqəmlərdən görünür ki, onlar inflyasiyanı iqtisadi artımla əlaqəli tuturlar. Azərbaycanda isə bahalaşma və inflyasiya amili heç vaxt bununla bağlı olmayıb".

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR