İnsanlara hürriyət, millətlərə istiqlal!

“Üzeyir Mehdizadəni tanımıram, bəlkə də babat oxuyandır” - “Gəl öpüşək...” - SOS

4526 06.04.2023 15:01 Gündəm A A

“Mahnılarımız monitorinq aynasında” adlı kitabda bayağı tərzdə təqdim olunan mahnıların siyahısı açıqlanıb. Sözügedən siyahıya Pərviz Bülbülə, Türkan Vəlizadə, Üzeyir Mehdizadə, Ülviyyə Namazova, Aygül Səfərova, Aydın Sani, Nüşabə Musayeva, Nəfəs, Aydın Lökbatanlı, Canan və digərlərinin ifaları daxildir.

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin “Mahnılarımız monitorinq aynasında” adlı hesabat tədbirində bildirilib ki, bayağı mahnılar milli-mənəvi dəyərlərimizə xələl gətirir.

Musavat.com gündəm üzrə media eksperti, teletənqidçi Qulu Məhərrəmlinin fikirlərini öyrənib.

1670252867655086648_1200x630.jpg (285 KB)

Media eksperti bildirib ki, burada iki məsələ var – bayağı mahnılar və mahnının sözləri:

“Həm melodiya baxımından, həm sözlərə yazılan mahnıların keyfiyyəti baxımından və o musiqidə ifadə olunan sözlərin Azərbaycan dilinin qaydalarına uyğunluğu, sözlərin plastikası, incəliyi, ifadə etdiyi mənalar bizi narahat etməyə bilməz. Bu mövzu təxminən yarım əsrdir ki, aktualdır. Bu, sovet dövründə aparıcı mövzulardan biri idi. Hətta qəzetlərdə “SOS, zövqümüzü xilas edin!” tipli yazılar gedirdi. Heç nə dəyişməyib. Sadəcə bayağılığın dərəcəsi artıb, dilə həssaslıq azalıb. Efirdə səsləndirilən o mahnıların ətraf üçün zərəri daha da artıb. Burada 2 metod var. Düşünürəm ki, biz bu bayağılığın qarşısını almaq üçün inzibati metodlardan istifadə edə bilərik və cəmiyyətin – xüsusən gənc və orta nəslin musiqi tərbiyəsinin qayğısına qalmalıyıq. Birinci metod asandır, ikinci isə ağıl, zəhmət, intellekt, texnologiya tələb edir. Məsələn, metronun çıxışında və digər ictimai yerlərdə mahnılar səslənir. Orada çalışan şəxslərə izah etmək olar ki, daha yaxşı musiqilər səsləndirmək mümkündür.

Mən o mahnılara xüsusi olaraq qulaq asmıram. Bəzən avtomobildə radioya qulaq asanda o bayağı sözlər diqqəti cəlb edir. “Gəl öpüşək” və s. kimi ifrat dərəcədə insan hisslərini eybəcərləşdirən sözlər eşidirsən. Bu sözləri kim yazır, ona musiqiləri kim bəstələyir? Bəzən eyni adam həm söz yazır, həm musiqi bəstələyir. Yəni bunun çox pis nümunələrini ortaya qoyurlar. Əlbəttə, efirlərdə, xüsusilə radiolarda belə musiqilər çox gedir. Hətta ciddi radiolarda bəzən o cür bayağı mahnılar səslənir. Mən demirəm dərhal inzibati qayda tətbiq edək və s. Bunların hamısı toya hesablanmış mahnılardır. Müğənnilər istəyirlər ki, o mahnılar efirdə populyarlaşsın, sonra bunları toya çağırsınlar. Yəni toy estetikasına uyğun siyasət aparılır.

Bəstəkarlar İttifaqı da bu məsələdə müəyyən rol oynaya bilər. Xüsusilə televiziya, radio yaxşı zövq formalaşdırmaq üçün çox populyar mahnılar, hitlər ortaya qoya bilər. Bizim cəmiyyət qarşısında məsuliyyəti olan məşhur müğənnilərimiz var. Onlar öz mahnılarına xüsusən diqqət yetirməlidirlər ki, hər cəhətdən nümunəvi olsunlar – həm melodiya, həm dilin işlənməsi, sözlərin tələffüzü, üslub, tələffüz aydınlığı. Bunlar da şərtlərdir. Məncə, televiziyalar bununla bağlı məsuliyyət daşıyır. Bəli, azadlıq, sərbəstlik var, sovet dövründəki kimi hər şeyə çox ciddi senzura qoyulmur. Amma həddindən artıq zövqləri azdırmaq, pozmaq, bayağılaşdırmaq, dəyərlərin üzərinə getmək yolverilməz bir haldır.

Bəzən toyda o qədər bayağı mahnı oxuyurlar, zalı tərk edirsən ki, onu eşitməyəsən. Amma bunlar hamısı biznesə yönəlib, pul qazanmağa yönəlik məsələlərdir. Bu məsələdə zövq və şüur iştirak etməlidir”.

Qulu Məhərrəmli vurğulayıb ki, biz Üzeyir Hacıbəylinin gənclər arasında populyar olmasını arzulayırıq:

“Mən inanmıram ki, Üzeyir bəyin “Arazbarı”na qulaq asan və yaxud onun romanslarını dinləyən nəslin ardınca başqa bir Üzeyir, başqa bir səviyyə gətirilsin. Bu məsələlərdə internetlə yayılan çox şeylər var, süni baxışlar formalaşdıra bilirlər və s. Mən Üzeyir Mehdizadəni tanımıram. Gənclərdən eşidirəm ki, belə bir oxuyan var. Bəlkə də babat oxuyandır, amma onu tanımıram. Onun populyarlığının səbəbini tapmaq lazımdır. Bu cəmiyyətdə Üzeyirə də qulaq asanlar var. Kimsə kimsəyə deyə bilməz ki, sən mütləq şəkildə bu mahnıya qulaq as. Zövq çox mütəhərrik bir şeydir. İnsan öz əhvalına, səviyyəsinə uyğun mahnıya qulaq asır. Biz heç kimə deyə bilmərik ki, sən ancaq xalq mahnısına, estradaya qulaq as, Üzeyir Mehdizadəyə qulaq as. Yanaşmalar fərqli olur.

Televiziyalar, radiolar inzibati şəkildə o cür bayağı musiqilərin və sözlərin qarşısını almalıdır və ala bilər”.   

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR