İnsanlara hürriyət, millətlərə istiqlal!

Ürəyindən minaya düşən Zülfüqar...

1780 22.06.2023 10:11 Yazarlar A A

Cümə günü Milli Məclisin növbəti iclası olacaq. Amma bu dəfə ondan zəng gəlməyəcək, “Qağa, necəsən? Bu gün iclas varmı?”- soruşmayacaq… Sonuncu dəfə ölümsüzlüyə qovuşmasından öncəki iclas günü zəng eləmişdi. Çox danışa bilmədik, deyəsən, dalğa itdi, düz-əməlli sağollaşa da bilmədik… Demə, dağlardaymış…

zulfu.jpg (56 KB)

Ondan əvvəlki iclas günü xeyli söhbətləşmişdik, Bəhmən Vətənoğlunun yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecənin təsiri altındaydı, elə vurğunluqla danışırdı ki...Dedim, Zülfüqar, mənim aləmimdə Bəhmən Vətənoğlunun, Şücaət Kəlbəcərli, Məmməd Aslan da Kəlbəcər uğrunda savaşın şəhidləridir, onları Kəlbəcərsizlik apardı. Həm də bizi ovundururdular Vətən, yurd sevdalı şeirləri ilə…Buna görə əbədi cənnət qazanıblar onlar. Dediklərimlə razılaşdı. Sonra da Başlıbel səfərinə hazırlaşdığını söylədi, nənəsilə bağlı intizarına son qoyacağına böyük inamla…

Və…o dəhşətli xəbər gəldi günün birində…Hamımız sarsıldıq. Təkcə media cameəsi, Zülfüqar Hüseynzadənin yaxınları, dostları, tanışları yox…Sosial media Zülfüqar itkisinin nə qədər insanı yandırıb-yaxdığını nümayiş etdirdi. Dövlətin yüksək ranqlı rəsmilərindən tutmuş, sadə vətəndaşımıza qədər hər kəs üzüldü, səmimi şəkildə acısını ifadə etdi. Zülfüqar bu münasibəti haqq etmişdi, əxlaqı, ləyaqəti, vətənpərvərliyi, dürüstlüyü, peşə etikası və Qarabağa, Kəlbəcərə, Başlıbelə əbədi bağlılığı ilə…Əlindən namərdlik gəlməzdi. Etməzdi!

Zülfüqar o qədər zarafatcıl, pozitiv insan idi ki, adam bir anlıq reallıq hissini itirib də, onun ölümlə də zarafat etdiyi düşüncəsinə qapılır…Amma bu dəfə zarafat olmadı, təəssüf ki…

Başlıbeldən yaxınlarına yolladığı vatsap səsyazısına təkrar-təkrar qulaq asdım: “…Mən yaşamaq istəyirəm. 30 il Başlıbelsiz qalmışam. Heç olmasa 30 gün orda yaşamaq istəyirəm”. Bu sözləri deyəndə kövrəldiyini səsindən də aydın duydum, səsi azca xırıldadı sanki…Zülfüqar belə ürək sahibiydi. Yurda bağlılığı onu son nəfəsində apardı Başlıbelə.

O qədər ürəyiyanan idi ki…Amma öz ağrı-acısını bölüşməyi sevməzdi, qəribə gülüşünün içərisində əridərdi, kimsəyə yük olmasını istəməzdi.

Yaxşı xatırlayıram, bir neçə il öncə eşitdik ki, ayağını sındırıb. Zəng etdim, “abi, keçmiş olsun”-deyəndən sonra saldı zarafata. Demə, Bərdədə gənclərin futbol oynadığını görüb, qoşulub onlara və…Amma bu bədbəxt hadisəni elə ballıya-ballıya nəql elədi ki, mən də qoşuldum onun zarafatlarına, sanki heç nə olmayıbmış… “Artıq yavaş-yavaş ayağımı yerə basıram”-deyib, narahat olmamağımı istədi. Dedim qardaş, sən bütün günü piyada gəzməyə adət etmiş adamsan, gözə gəldin. “Şeytana lənət”-deyib, sözü-söhbəti dəyişdi. Axı, dostumuz həm də şəkərdən əziyyət çəkirdi, üstəlik yüksək təzyiq...Ovuc-ovuc dərmanlar içirdi. Həm də gün ərzində 8-10 km yürüş edirdi. Bəzən mənə də məsləhətlər verirdi, “hələ cavansan, imkan vermə təzyiq və şəkərin artsın, imkan daxilində  piyada gəz”, deyirdi...Belə ürəyiyanan qardaş idi...  

elsadd.jpeg (213 KB)

Ürəyinə stend qoyulmasından isə çox sonralar xəbər tutduq çoxumuz. Özü istəməyibmiş kimlərsə bilsin. Ürəyinə yaxın dostlarına belə əziyyət vermək istəməmişdi.

2020-ci ilin dekabrında koronaya yoluxmuşdum. Vəziyyət çox ağır idi. Aradı, “qardaş, nəyə ehtiyacın var”-deyərək. Təşəkkür elədim, dedim özünü qoru, çox axmaq virusdur. Dedi ara-sıra parka gəzməyə çıxıram, heç yerə getmirəm. Deyəsən, onda İlham bəy (İsmayıl) da virusa yoluxmuşdu. Soruşdum durumunu, dedi bir az əvvəl danışmışam, artıq yaxşılaşır. Yaxın dostlarının sağalmağına o qədər sevinirdi ki...

Sosial şəbəkədə İlham İsmayıla təbrik əvəzi belə yazmışdı: “Qarabağ harayı çəkərək hər gün yaramın qaysağını qoparsa da “uf” demək əvəzinə mənə “oxay” dedizdirən qardaşım, Allah o günü mənə qismət eləsin, səninlə Dəlidağın zirvəsində bu cür qoşa şəkillər çəkdirək”. Yanaşı dayandıqları fotonu paylaşıb, yazmışdı bu arzunu...

Yaxın dostları İlham İsmayılı Bərdədə, Zülfüqarın yas mağarında görəndə xatırladım bu sözləri...Çox hüznlüydü İlham bəy, Üzeyir bəy (Cəfərov), Elxan Salahov...Elə hamı, qardaşı Allahyar, oğlu Hüseynə qədər yas içindəydi- Zülfüqarın iç dünyasına bələd olan hər kəs...   

rza son.jpeg (27 KB) 

Bərdənin Əliyanlı kənd qəbiristanlığında, ata-anasının məzarları yanında dəfn olundu 8 bacı, 1 qardaşın sonbeşiyi Zülfüqar...Yaşca kiçik olsa da, çox böyük ürək sahibiydi. Bunu elə dayısı da bizimlə söhbətində söylədi, özü yaşca bir neçə yaş böyük olsa da, Zülfüqarı böyük qardaş sayırdı...

Bəs bu ürək niyə dayandı? Bir söhbətimizi xatırlayıram: 2019-cu ilin ilk aylarında “Qağa, səndən qarabağlı jurnalist olaraq 5-6 kəlməlik şərh almaq olarmı? Necə hesab edirsən, jurnalistlərimiz Ermənistana getsin, getməsin?”-soruşmuşdum. Cavabı qısa, həm də məntiqli oldu: “Məncə getmək və haqlı mövqeyimizi səsləndirmək üçün nəinki Ermənistana, başqa planetlərə də getmək lazımdır” .

Bəli, Zülfüqar Qarabağ naminə başqa planetləri belə, fəth etmək axtarışındaydı. Gecə-gündüzü olmadı illər uzunu. Desəm ki, tez-tez görüşürdük, yalan olar, iş-güc buna imkan vermirdi. Amma imkan olanda dərdləşirdik, dərdlərimizin başında Qarabağ dayanırdı. İllər öncə parlament jurnalistləri olaraq Toğanaya səfər edəndə onun nə hallara düşdüyünü müşahidə eləyib, ürəyimdə qovrulmuşdum. “Kəlbəcər-80 km” yazılmış yol nişanının qarşısında dayanıb, üzü dağlara, erməni əsarətində olan yurda sarı boylanırdı...

Sonrakı illərdə Türkiyəyə bərabər yolçuluğumuz olub, Qarabağ tədbirləri çərçivəsində. Qarabağla bağlı tədbirlərə qatılırdıq, Qarabağ adına salınan parklara gedirdik, amma baxırdım ki, bütün bunlar onu ovundurmur, büruzə verməsə də, ürəyində sızıldayır... O boyda ağrı-acını daşımaq, gəzdirmək asan deyildi ki...

Ərdəbildə, Şeyx Səfi məqbərəsində, Şah İsmayıl Xətainin türbəsini ziyarət edib çıxarkən də onu havalanan görmüşdüm. Böyük bir imperiyanın sahiblərinin uyuduğu məkanla bağlı...Və kompleksin qarşısındakı skamyada oturmuş ağsaqqalın bizi yanına çağırıb “niyə gedib torpağıvızı azad eləmeysuz”-soruşması da hər ikimizin ürəyinə ox kimi sancılmışdı. Zülfüqarla birgə o ağır sualın təsiri altından çıxa bilməmişdik. Ürəyimizdən vurmuşdu həmin ağsaqqal bizi...

Zülfüqarın “Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq əzabı…”-yazısını (18 aprel 2021-ci il tarixli) bir daha oxudum...

92 yaşlı Pəri nənənin nəşinin qalıqlarını tapacağı barədə atasının məzarı başında and içmişdi. Amma iki dəfə hava şəraiti Kəlbəcərə getməyə imkan verməyib. Sonrakı səfərində də bir nəticə olmayıb. Bu dəfə çox ümidliymiş...Zülfüqarın atasının anası Pəri nənə 1993-cü ilin aprelində, Ermənistanın Kəlbəcəri işğalı zamanı vəhşicəsinə qətlə yetirilib, Başlıbel qətliamı zamanı...Düşmən kəndə qəfil hücum edən zaman sakinlər canını qurtarmağa çalışırlar. O zaman xilas ola bilməyənlər ermənilərin əlinə keçdi, yataq xəstəsi olan Pəri nənəni erməni qaniçənlər elə yatdığı çarpayıdaca güllələyirlər. O zaman 113 gün ermənilərin mühasirəsində qalan kənd sakinlərinin bir qrupu gecə ilə evlərə gedib və öldürülənlər içərisində Pəri nənənin də olduğunu görüblər. Düşmən ağbirçəyi güllələyəndən sonra evə od vurubmuş...

Təsəvvür edin, Zülfüqar bu ağrı-acını 28 il daşıdı ürəyində. Buna ürək tab gətirə bilərdimi? Nəhayət, bu həsrətə son verəcəyini düşünürdü. Tədarük görmüşdü. Dağıdılmış, yandırılmış ata evinin qazılması, nənəsinin qalıqlarının tapılması üçün nə lazımdırsa, hazırlamışdı. Öz əlləri ilə Başlıbeldə çadır qurmuşdu, orda çalışacaq insanların əziyyət çəkməməsi üçün. Bir neçə il əvvəl Başlıbel qırğınında qətlə yetirilmiş həmkəndlilərinin qalıqlarının aşkarlanması, onların dəfn edilməsi Zülfüqarı o qədər ümidləndirmişdi ki...Əmin idi ki, atasının məzarına bir gün nənəsinin məzarından torpaq gətirəcək...Reportajının davamını yazacaq...Qismət olmadı...

Sübh çağında, bir neçə dəqiqə sürən ürək sızıltısı onun ömrünü yarıda qoydu. Əziz həmkarımız Etibar Seyidağa bir əhvalat danışdı, çox təsirləndim. Aprelin 16-sında Gəncədə, Başlıbel soyqırımının 30 illiyinə həsr olunmuş tədbirdə çıxış edən Zülfüqar tribunadan çıxış edib. Deyib ki, biz 30 il Kəlbəcərə, Başlıbelə qovuşmaq arzusunda olduq, şükürlər olsun, arzumuza çatdıq. Bu gün də arzu edirəm ki, Allah mənim canımı Başlıbeldə alsın...Və Uca Yaradan qardaşımızı öz dərgahına məhz Başlıbeldə apardı...Alın yazısı, tale məsələsi, mistika, yoxsa...

defn zulfu.jpeg (213 KB)

Hər kəsin bir qisməti var təbii ki...Hamımız günün birində bu dünyanı tərk edəcəyik. Amma...

2021-ci il iyunun 4-də saat AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının operatoru Sirac Abışov (həmçinin Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev) Kəlbəcərdə minaya düşərək şəhid oldular. Zülfüqar mətbuatımızın Kəlbəcərdəki növbəti qurbanı oldu.

azertac.jpeg (59 KB)

Məzarı başında da söylədim, məncə, Zülfüqar Hüseynzadə də şəhiddir- Başlıbel qətliamının qurbanı, Kəlbəcər şəhidi. O da minaya düşdü - ürəyindən...Bu, qurulmuş “saatlı mina” neçə illər idi partlamaq üçün fürsət gəzirdi. Stend qoyulması ola bilsin bir az gecikdirdi, bəlkə də Allahın sevdiyi bəndəsi olduğundan Başlıbeldə torpağa baş qoydu, gözlərini əbədiyyətə yumdu. Bütün bunlara rəğmən, düşmən lənətlənməlidir: Zülfüqar kimi dəyərli vətən övladının ömrünü “yeyən” qəddarlıqlar etdiyinə görə...28-30 illik işğal dönəmində xatirələri belə, çiliklənən, torpaqların azadlığından sonra dağıdılmış yurdunu görəndə hönkürtüdən az qala ürəyi partlayan nə qədər insanlarımız oldu. Zülfüqar da hər gedişində o ağrı-acıları təzədən yaşayırdı. Və bir gün düşmənin qurduğu minaya düşdü, çox təəssüf ki...

Bir müddət öncə Yardımlıya bərabər getmişdik, həmkarımızın qardaşının yas məclisinə. Masallıda dayandıq, Zülfüqar maşından düşüb, gül mağazası axtardı, nəhayət, qərənfil tapdı, Kəlbəcər şəhidi Əli Rzalının məzarı üstünə qoymaq üçün. Murov aşırımında şəhidliyə qovuşmuş gənc balamızın şəklini ürəyinə sıxmaq istəyirdi...

rzalı.jpeg (109 KB)

Belə ürək sahibiydi qardaşımız. Ruhu şad, məkanı cənnət olsun! İnşallah Başlıbel daxil, bütün Kəlbəcər, Qarabağ, Zəngəzur abad olacaq, Qarabağ nəfəsli “Moderator.az” saytı da əbədi yaşayacaq, dostları sağ olsun, jurnalistikada təhsil alan oğlu Hüseyn qardaşımızla bərabər... Biz ONU heç vaxt unutmayacağıq...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR