İnsanlara hürriyət, millətlərə istiqlal!

UNESCO və İran məscidlərə qarşı

1368 02.12.2022 15:44 Media A A

Deputat: “Bütün dünya buna münasibət bildirməlidir”

Xəbər verildiyi kimi, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (YUNESKO) xoşməramlı səfiri kimi fəaliyyətinə xitam verilməsi məqsədilə UNESCO-nun Baş direktoru Odri Azulaya məktub ünvanlayıb.  Məktubda 30 ilə yaxın işğal dövründə Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinə və tarixi abidələrinə qarşı həyata keçirilmiş siyasət və vandallıq barədə məlumat verilib.

İndiki mərhələdə Vətən müharibəsi nəticəsində ərazilərimizin uzunmüddətli işğaldan azad edilməsindən sonra genişmiqyaslı bərpa və bölgənin dirçəldilməsi işlərinə birinci vitse-prezidentin aktiv cəlb olunduğu və xüsusi rolu nəzərə alınaraq, onun UNESCO-nun xoşməramlı səfiri vəzifəsini yerinə yetirməsinin imkan xaricində olduğu vurğulanıb. Qeyd edilənlərlə əlaqədar Ermənistanın işğalı nəticəsində Azərbaycanın mədəni irsinə dəyən zərərin qiymətləndirilməsi məqsədilə işğaldan azad olunmuş ərazilərə UNESCO missiyasının tezliklə təşkilinə ümid ifadə olunub.

Rəsmi məlumata görə, işğal altındakı Azərbaycan torpaqlarında təsbit olunan tarixi-dini abidələrin sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb.

Prezident İlham Əliyev də noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışı zamanı bəzi müsəlman ölkələrinin rəhbərlərinə açıq mesaj yollayıb. Dövlət başçısı qeyd edib ki, məscidləri dağıdan ermənilər müsəlman ölkələri ilə dost ola bilməz: “Məscidləri dağıdan müsəlman ölkələri ilə dost ola bilməz. Məscidləri dağıdana müsəlman ölkələrinin rəhbərləri qucaq aça bilməz, bilər? Onları qucaqlayıb öpə bilər? Bu, riyakarlıqdır, bu, satqınlıqdır. Bunun başqa adı yoxdur. Ona görə müsəlman aləmində biz Ermənistanı əsas dayaqlardan təcrid etdik”.

Bəs UNESCO-nun bu cür biganəliyinin səbəbi nədir? Dünyaya dini, milli tolerantlıq  prinsipləri ilə bağlı tövsiyələr verən qurumlar indi niyə susurlar?

Ceyhun Məmmədov: Virusla mübarizədə vətəndaşlarımızın üzərinə ciddi vəzifə  və böyük məsuliyyət düşür

Milli Məclisin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, həm UNESCO, həm də bir sıra müsəlman dövlətlərinin Azərbaycanla bağlı məsələlərdə biganə, bəzən ikili standartlarla qərəzli yanaşması qəbuledilməzdir: “Təəssüf ki, iki il keçməsinə baxmayaraq bu günə kimi UNESCO hələ də bu məsələyə heç bir münasibət bildirməyib. Heç bir komissiya göndərməyib. Bu gün də ermənilərin bu vəhşiliyinə, barbarlığına heç bir reaksiya bildirilməyib. İranın gözü qarşısında məscidlərimiz dağıdıldı. Məscidlərimizdə donuz saxlanıldı. Əlbəttə, bu, İranın Azərbaycana qarşı xəyanəti kimi dəyərləndirilməlidir. Burada hansısa dini tolerantlıqdan söhbət gedə bilməz. Burada həm UNESCO, həm də İran tərəfindən Azərbaycana qarşı laqeyd, biganə münasibət açıq-aydın özünü göstərir. Azərbaycan bu məsələyə dəfələrlə münasibətini bildirib. İran özünün müsəlman ölkəsi olduğunu iddia edir. Amma əməllərində biz bunu görmürük. Bu gün İranın İslam adından danışmağa haqqı yoxdur. Eyni zamanda UNESCO da dünya irsini, mədəniyyətini qoruyur, zaman-zaman bu fikirləri səsləndirir, amma reallıq odur ki, onun fəaliyyətində ədalət, bərabər münasibət özünü göstərmir. Hesab edirəm ki, həm UNESCO, həm də İranın bu davranışına bütün dünya münasibət bildirməlidir. Bu, qətiyyətlə pislənməlidir”.

Deputat əlavə edib ki, bu gün 40 milyon azərbaycanlının hüququ İranda pozulur, onlar ana dilində təhsil almaqdan məhrum ediliblər: “Ancaq sayları o qədər də çox olmayan ermənilərə ana dilində təhsil üçün geniş imkanlar yaradılıb. Bu gün İranda erməni dilində məktəb və mədəniyyət mərkəzləri sərbəst fəaliyyət göstərir.

Azərbaycanlılara qarşı bu ayrı-seçkilik və qərəz qəbuledilməzdir. İranın Ermənistandakı məscidləri fars məscidi adı altında təmir etməsi, Ermənistanın bu cinayət əməllərində şərik olması İslamın prinsiplərinə də ziddir. İran bu əməlləri ilə özünü də ifşa etmiş oldu. Təkcə bu əməllərə görə İranın İslamın adından danışmağa haqqı yoxdur".

 Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq  "Dini və milli tolerantlıq, millətlətarası münasibətlərin inkişaf etdirtilməsi" mövzusunda hazırlanıb. 

Hazırladı: Afaq Mirayiq

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR