İnsanlara hürriyət, millətlərə istiqlal!

Ümmətçilik şüarı, millətçilik xətti – İran mollaları yerli türklərə qarşı qısqanc ovqatdadır

2240 24.11.2022 15:17 Analitika A A

İranda yaşayan və çox zaman “Azərbaycan türkü” adlandırılan aborigenlərin, İran türklərinin öz haqları uğrunda mübarizə aparmaqla yanaşı, nədən separatçı olmamalarının, ölkənin parçalanmasını istəməmələrinin çox qədim, tarixi və tutarlı səbəbləri var.

Onlar özlərini bu ölkənin təsisçisi, qurucusu, böyüdənu, qüdrətləndirəni, qoruyanı sayırlar və bu, böyük ölçüdə elədir.

İranın yadelli işğalından xilas olduğu əsrlərdə bu ölkədə məhz türk tayfaları hökmranlıq ediblər. İranı yüzillərlərə əsarətdə saxlayan yadellilərdən - ərəblərdən, monqollardan, teymurilərdən xilas edərək müstəqil dövlətə çevirənlər də əsasən türk tayfaları olub.

Səfəvi xanədanının İranın böyüməsində, bütövləşməsində, vahid ideoloji-dini məfkurə ətrafında konsolidasiyasındakı rolunu heç kim dana bilməz və belə bir açıq cəhd yoxdur, sadəcə, gizli bir qısqanclıq var.

Без названия.jpg (10 KB)

Şah İsmayıl Xətai kimi həm iradəli və qüdrətli hökmdar, həm də dövrünün böyük ziyalısı, ideoloqu olmasaydı, müasir İran bu gün bu qədər böyük və qüdrətli ölkə olmazdı. Elə şiəlik məzhəbinin bu gün İranın bötüvlüyünü, monolitliyini təmin edən dini cərəyan halına gəlməsi də Şah İsmayılın xidmətidir. Bu cərəyan ümumən islam dünyasında rəxnəyə, ixtilafa səbəb olsa da, ayrıca götürülmüş bir dövlətin böyüməsinə və bütövləşməsinə səbəb olub və müasir İranı idarə edənlər məhz bu səbəbdən məzhəbçiliyə böyük önəm verirlər.

Səfəvilərdən sonra ortalıqda qalmış, 4-5 kiçik dövlətə parçalanmaq üzrə olan İranı yenidən bütövləşdirən, gücləndirən Nadir şah Əfşar da türk tayfalarının birindən çıxmış hərbçi idi. Başına şahlıq tacını Muğanda, bugünkü Sabirabad rayonunun Suqovuşan kəndində, Arazla Kürün qovuşduğu məkanda qoyan Nadir şah İranın sərhədlərini Dərbənddən Dehliyə, Əfqanıstandan müasir Türkiyənin ərazilərinə, Bağdada qədər genişləndirmişdi. Fəqət o, bunu dini ideologiya ilə yox, qılıncının gücü ilə etmişdi.

555.jpg (78 KB)

Nadir şahdan sonra İran yenə parçalanma təhlükəsi qarşısında qalmış, əslində parçalanmışdı. İranın tarixi əyalətləri bir-birinə düşmənçilik ovqatında idilər. Özünü Əfşar xanədanının yerində görən fars əsilli Kərim xan Zənd İranı toparlaya bilmirdi. Bu işi də türk əsilli Qacarlar etdilər. Ağa Məhəmməd şah Qacarın başladığı işi onun qardaşıının övladları davam etdirdilər və İran yenidən böyüdü, gücləndi. Hələ o dövrdə bu dövlət Osmanlı imperiyası ilə mənasız çəkişmələrə, Rusiya imperiyası ilə sarsıdıcı müharibələrə cəlb olunmasaydı, İran daha güclü və böyük ölkə olardı.

Bütün bunlar tarixi faktlar, gerçəkliklərdir. 1925-ci ildə İranda türk xanədanlarının hakimiyyətinə son qoyulsa da, onun yerində öz sülaləsinin hakimiyyətini quran Rza şah Pəhləvinin xanımı Azərbaycan türkü və bakılı generalın qızı olub. Rza şahın varisi Məhəmmədrza şahın anası da, xanımı da, övladları da Azərbaycan türkləridir, fəqət onlar heç vaxt etnik kökənlərinə önəm verməyərək, özlərini farsdilli İran dövlətinin sahibi, qoruyucusu hesab ediblər.

Hazırda İranda elə bir rejim hakimiyyətdədir ki, onlar Səfəvilərin xəttini götürüblər, şiə məzhəbini az qala müstəqil bir dini cərəyan halına gətiriblər, həmişə ümmətçilikdən danışsalar da, üstüörtülü şəkildə fars şovinizmi siyasəti aparırlar.

77.jpg (31 KB)

Mollakratiya ideoloqları Azərbaycan türklərinin separatçılıq etməyəcəklərini, İranı bölməyəcəklərini bilsələr də, bu millətə qarşı sərvaxt və qısqanc olmalarının səbəbi başqadır. Onlar bu toplumun yenidən güclənərək İranda üstün mövqeəyə gələ biləcəklərindən əndişəlidirlər. Mollaları buna vadar edən fars millətçiliyidir, ona görə də Azərbaycan türklərinin istənilən oyanışına, hərəkətlənməsinə “pantürkist” damğası vururlar, bu xalqın öz milli kimliyini unutmasını, yavaş-yavaş fars millətinin içində assimlyasiyaya uğrayıb əriməsini arzu edir, siyasətlərini bu məqsədə yetişmək istiqamətində qururlar.

İran (o zamanlar Qacarlar dövləti) hələ 1918-ci ildə xalq cumhuriyyəti yaranarkən Azərbaycan adına etiraz edib. Tehran bunu onunla əsaslandırıb ki, İranda bu adda əyalət var. Sanki o dövrün iranlı siyasiləri özlərinin o qədər də həvəslə və geniş şəkildə işlətmədikləri coğrafi termini özəlləşdiribmişlər. Son illərdə bənzər hərəkəti Yunanıstan da etdi, Makedoniya dövlətinin öz adını “Şimali Makedoniya”ya dəyişdirməsini tələb etdi və ona nail oldu. Tarixdə belə nümunələr ya azdır, ya da, ümumiyyətlə, yoxdur.

000.jpg (258 KB)

Son vaxtlar isə İran mediasında Azərbaycanın adını bilə-bilə çəkmir, ikrahla “Bakı Respublikası” adlandırırlar. Bu, cılız, uşaq öcəşməsinə oxşayan hərəkətə cavab olaraq bizim media da İranı “Tehran Respublikası” adlandıra bilər. Belə etməklə heç nəyə nail olmaq mümkün deyil, bu, ara yerdə onsuz da gərginləşmiş münasibətləri bir az da gərginləşdirməkdən başqa bir işə yaramaz.

Hər bir dövlətin vətəndaşları öz tarixlərini yaxşı bilsələr, o dövləti kimlərin qurduğunu, böyütdüyünü, ayaqda saxladığını dərk etsələr, daha yaxşı olar. O zaman ortaya böyük iddialar, cığal fikirlər, yanlış hərəkətlər çıxmaz.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR