İnsanlara hürriyət, millətlərə istiqlal!

Ümid verən, umsuq edən MİDA - Ya bu il "nənələr" hakerlərdən cəld tərpənib, ya da....

2607 30.07.2023 09:00 Yazarlar A A

 

Biz xalq olaraq kütləvi şəkildə çox şey istəmirik, cəmi iki şey istəyirik: 1. Ölkədə korrupsiya və rüşvətxorluq olmasın, halallıq və dürüstlük olsun; 2. Elə olsun ki, pulumuzu verək, qardaşımızı, oğlumuzu gömrüyə, vergiyə, “sistem”ə, “dolanışıqlı iş”ə düzəldə bilək, o da “üçdən-beşdən” qazansın, balalarını saxlasın.

Bəli, əliəyriliyi, ayrı-seçkiliyi, day-day və böyük pul hesabına gəlib bizdən qabağa keçənləri görən gözümüz yoxdur, istəyirik hər şey haqq-ədalətlə olsun, pulumuzu verək, özümüz qabağa keçək və ya qabağa düşək.

MİDA (Mənzil İnşaatı Dövlət Agentliyi) adlanan qurumun yaratdığı imkanlardan bəhrələnərək “qabağa düşmək” istəyənlərin bir yarısı məhz belə düşünür.

Amma o biri yarısının həqiqətən də güzəştli, ucuz başa gələn mənzillərə ehtiyacı var. Onlar hər dəfə MİDA-nın təşkil etdiyi müsabiqəyə, yarışa ümidlə qatılır, umsuq və məyus olub, çıxırlar. Sonra da kütləvi narazılıq başlayır.

Təbii ki, 300 mənzilin satışa çıxarıldığı yerdə 10 min alıcı varsa, onun 9700-ü ala bilməyib, narazı qalacaq. Lakin o “şanslı” 300 nəfərin siyahısına baxanda “şanssız”lar yenidən hövllənirlər ki, necə olub, onlar udub, biz yox, necə edirlər, göyə çıxıb internetə kosmosda qoşulurlarmı ki, bu qədər cəld tərpənirlər, 5-6 saniyəyə məsələni həll edirlər.

Keçən dəfə mənzil udan “şans”lı bir nənə banklardan birinə kredit götürməyə gəlibmiş. Bankda onun böyür-başında olanlar maraqlanıb ki, necə oldu uddun, xala. Təxminən 60+ yaşda olan nənə onlara deyib ki, evdə oturmuşduq, girdik kompüterddə bir az qurdalandıq, bir də gördük, udmuşuq. “Hansı sayta girmişdin, xala?”, “Verilən kodları necə yığdın, nənə?” sualları cavabsız qalıb. Axırda nənəyə zəng gəlib və o, telefonu yanındakı qız nəvəsinə uzadaraq deyib: “Bala, bunu aç, maa ver, görüm”.

İndi təsəvvür edin ki, adicə telefonda “cavabla” düyməsini sıxıb aça bilməyən nənə15 ilin hakerlərini qabaqlayıb.

Yeri gəlmişkən, keçən dəfəki satışda sürət rekordu qıran, özlərini təvazökarcasına “aytişnik” adlandıran hakerlər bu il “haqq” (3-5 min manat) müqabilində alıcılara kömək edə bilməyiblər. Bu dəfə “nənələr” onlardan çevik tərpənib.

İndi güman iki yerə gedir: ya “nənələr”in, eləcə də “day-day”ların cəlb etdiyi “aytışnik”lər daha təcrübəli olublar, ya da MİDA bu il ümumiyyətlə satışa mənzil çıxarmayıb, mənzilləri əvvəlcədən satıb, yarışmanı da yalandan keçirib.

Çünki bir təcrübəli haker deyirmiş ki, Pentaqonun işlətdiyi kompüterdən güclü, pinqi 1 olan kompüterdə nə billah edib, əlinə 1 otaqlı mənzil də keçirə bilməyib.

Bax, iş belə olub. Ona görə də bu saat xalq MİDA-dan çox narazıdır, hesab edir ki, qurum nəsə bir fırıldaq edir, haqq-ədalət pozulur. Necə deyərlər, hakerlər haqq-ədalət tələb edir. Bundan yaxşı başlıq ola bilərdi, amma yazıya başqa başlıq seçiləcək: “Ümid verən, umsuq edən MİDA”.

Bəli, ölkədə minlərlə aztəminatlı ailə gözünü MİDA-dan nisbətən ucuz (bazar qiymətindən 25-30 min aşağı) mənzil almaq istəyir, amma çoxtəminatlı adamlar nəsə bir barmaq edirlər və o mənzilləri qamarlayırlar.

Dövlət işində 10-cu dərəcəli bir işdə işləyən, şəhərdə, rayonda 4-5 mənzili olan və MİDA-dan ucuz mənzil qapazlamaq istəyən birinə deyiblər ki, sənin evin-eşiyin var axı, bura niyə müraciət etmisən. Adam deyib, nə ziyanı var, alıb 400-500 manata kirayəyə verəcəm, zamanla mənzil üstümə havayı düşəcək.

Mənzilə ehtiyacı olan, belələrinin evində yaşayıb aybaay kirayə haqqı ödəyən kasıblar isə bir mənzil almağa yetəcək qədər pulu onlara verəcək, özləri idə 20-25 ildən sonra da quru yurdda qalacaq.

Ona görə də bu işə bir əncam çəkilməlidir. Bəzi yoldaşlar deyir, seçim lotereya qaydasıyla olsun. İndiki ilə müqayisədə bu, bəlkə də daha ədalətli olar. Amma dəvənin üstündə ilan vuran kasıbın mənzil qazanmaq şansı artacaqmı, bilmirəm.

Bildiyim odur ki, biz xalq olaraq kütləvi şəkildə cəmi iki şey istəyirik. (Birinci abzasda yazılıb).

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR