Ukrayna ətrafında aparılan sülh müzakirələrində həlledici məqam açıqlanıb. Polşanın baş naziri Donald Tusk bildirib ki, mümkün danışıqların əsas və dəyişməz şərti Ukrayna üçün real və etibarlı təhlükəsizlik zəmanətləridir.
Musavat.com xəbər verir ki, Tusk bu barədə Ukrayna prezidenti Volodimir Zelenskinin Avropa liderləri və Kanada baş naziri ilə keçirdiyi telefon danışığından sonra açıqlama verib. Onun sözlərinə görə, müzakirələrdə iştirak edən bütün tərəflər təhlükəsizlik zəmanətlərinin danışıqların mərkəzində dayanmalı olduğu barədə ortaq mövqeyə gəlib.
Polşa baş naziri bildirib ki, söhbətə Skandinaviya ölkələri, Kanada, Niderland və NATO nümayəndələri də qoşulub və hamı Ukrayna üçün təmin ediləcək zəmanətlərin konkret və etibarlı olmasının vacibliyini vurğulayıb. Tusk qeyd edib ki, bu cür zəmanətlər təkcə Ukraynanın deyil, eyni zamanda Polşanın və regionun ümumi təhlükəsizliyi deməkdir.
“Ukrayna üçün təhlükəsizlik zəmanətləri həlledici əhəmiyyət daşıyır. Onlar real və işlək olmalıdır. Bu zəmanətlər Polşa üçün də daha təhlükəsiz gələcək deməkdir. Bu gün ABŞ və Ukrayna prezidentlərinin görüşündən sonra müzakirələri davam etdirəcəyik”, – deyə Tusk vurğulayıb.
Musavat.com






