Xroniki stress, yuxusuzluq və daimi narahatlıq milyonlarla ukraynalı üçün yeni risklərə çevrilib.
Musavat.com xəbər verir ki, dövlətin sistemli dəstəyi olmayacağı təqdirdə, yaxın gələcəkdə xroniki xəstəliklərə yoluxma halı 30% proqnozlaşdırılır.
Bu barədə Ukrayna Milli Tibb Elmləri Akademiyasının Y.İ. Kundiyev adına Əmək Təbabəti İnstitutunun baş direktoru Boqdan Bojuk "RBC-Ukrayna"ya müsahibəsində danışıb.
Əsas məqamlar:
Yuxu çatışmazlığı: Xroniki stress və daimi narahatlıq səbəbindən ukraynalılar orta hesabla 40 dəqiqə daha az yatırlar ki, bu da ürək-damar və endokrin sistem xəstəliklərinin kəskinləşməsinə rəvac verir.
Müşahidə olunan genişmiqyaslı böhran: Psixi sağlamlığın pisləşməsi səbəbindən təxminən 10 milyon ukraynalının yardıma ehtiyacı var. Cəbhəyanı bölgələrdə çalışan tibb işçilərinin isə təxminən 80%-də peşəkar tükənmə əlamətləri müşahidə olunur.
İqtisadiyyat üçün risklər: Qlobal reabilitasiya proqramları tətbiq edilməsə, xroniki xəstəliklərin dərəcəsi 20-30% arta bilər. Bu isə ölkədə vaxtından əvvəl qocalma və əmək potensialının itirilməsi təhlükəsi yaradır.
Uzunmüddətli fəsadlar: Müharibənin mental təsirləri uzunmüddətli olacaq. Çernobıl təcrübəsində olduğu kimi, zərərçəkənlər bu fəsadları onilliklər boyu hiss edə bilərlər.
Müharibənin başlamasından bəri ukraynalıların sağlamlığı üçün ənənəvi risk faktorlarına məcburi köçkünlük, hava həyəcanı siqnalları və enerji sistemindəki qeyri-sabitlik də əlavə olunub.
"Araşdırmalarımız göstərir ki, ukraynalılar artıq orta hesabla 40 dəqiqə daha az yatırlar. Buna iqtisadi qeyri-müəyyənliyi də əlavə etdikdə, nəticədə daimi psixo-emosional gərginlik, yüksək təşviş və xroniki emosional yorğunluq yaranır", - deyə Boqdan Bojuk bildirib.
Mütəxəssisin sözlərinə görə, bu vəziyyət artıq ürək-damar, endokrin xəstəliklərin və həzm sistemi problemlərinin kəskinləşməsinə səbəb olur.
Ən ağır zərbə mental sahəyə dəyib. Müharibənin başlamasından bəri psixi pozuntu (xüsusilə TSSP - Travma Sonrası Stress Pozuntusu) simptomları olan halların sayı 3-5 dəfə artıb.
Müharibənin fəsadları ilə hər gün birbaşa mübarizə aparanlar arasında vəziyyət daha kritikdir. Belə ki, cəbhəyanı bölgələrdəki tibb personalının təxminən 80%-i tükənmə sindromundan əziyyət çəkir.
Ümumilikdə ölkə üzrə psixi sağlamlığın pisləşməsi səbəbindən təxminən 10 milyon ukraynalının peşəkar yardıma ehtiyacı olduğu qiymətləndirilir.
Ekspert xəbərdarlıq edir ki, əgər Ukrayna genişmiqyaslı sağlamlıq və reabilitasiya proqramlarına başlamasa, ölkə ciddi əmək potensialı böhranı ilə üz-üzə qalacaq.
"Heç bir tədbir görülməsə, xroniki qeyri-infeksion xəstəliklərin, arterial hipertenziyanın, şəkərli diabetin və ürək-damar patologiyalarının təxminən 20-30% artacağını proqnozlaşdıra bilərik", - deyə Bojuk xəbərdarlıq edib.
Əmək Təbabəti İnstitutunun qeydə aldığı digər bir təhlükə isə əmək qabiliyyətli əhalinin vaxtından əvvəl qocalması və əlilliyidir.
Mütəxəssis vurğulayır ki, müharibənin mental fəsadları öz mürəkkəbliyinə görə Çernobıl faciəsinin təsirlərini xatırladır və insanlar bu fəsadlarla onilliklər boyu yaşamaq məcburiyyətində qala bilərlər.
Xatırladaq ki, ukraynalılar "Əlçatan dərmanlar" proqramı çərçivəsində preparatları hətta "Ukrpoşta.Apteka" vasitəsilə də əldə edə bilərlər. Bu zaman dərmanların çatdırılması tamamilə pulsuz həyata keçirilir.
Musavat.com






