Ukrayna Prezidenti Vladimir Zelenski döyüş əməliyyatlarını qışa qədər dayandırmağı mümkün hesab edir. Lakin istisna edilmir ki, Rusiya danışıqların son mərhələsində bu razılaşmalardan qaça bilər. Belə bir açıqlama ilə Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov çıxış edib.
Onun sözlərinə görə, Zelenski Rusiya ilə danışıqlar üçün qışa qədər “imkan pəncərəsi”nin olduğunu deyib və onun tapşırığı müharibəni mümkün qədər tez dayandırmağa çalışmaqdır. “Mən təsdiqləyirəm ki, bu, həqiqətən də onun istəyidir – döyüş əməliyyatlarını mümkün qədər tez, arzuolunandır ki, qışa qədər dayandırmaq”.
Budanov əlavə edib ki, bu, tamamilə düzgün, vaxtında və düşünülmüş bir yanaşmadır.
Bəs mümkünmü? Tramp Ukraynada müharibəni heç olmasa, bu il dayandıra biləcəkmi? Hazırda zaman kimə işləyir – Kiyevə, yoxsa Moskvaya?
Bu arada Rusiya Dövlət Dumasının deputatı, general Andrey Qurulyov Ukrayna cəbhəsində ağır vəziyyət, qış-yaz hücumlarının gözlənilən nəticəni verməməsi və böyük itkilər fonunda hakimiyyət dairələrində yeni genişmiqyaslı səfərbərlik barədə müzakirələr aparıldığını deyib. Bununla belə, general hesab edir ki, yeni səfərbərlik özü-özlüyündə cəbhədə dönüş yaratmayacaq. Onun fikrincə, Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları ilə bağlı problem həll edilməzsə, əlavə canlı qüvvə yalnız itkilərin artmasına səbəb olacaq.
Deputat, həmçinin, deyib ki, Ukrayna dronları hücum qruplarının irəliləməsini ciddi şəkildə məhdudlaşdırır, piyada bölmələrinə ağır zərbələr endirir və həm ön xətti, həm də yaxın arxa cəbhəni faktiki olaraq nəzarətdə saxlayır. O, vəziyyəti “son dərəcə sərt mövqe dalanı” kimi qiymətləndirərək, cəbhədə irəliləyişin faktiki dayandığını etiraf edib:“ Xəyallarla yaşamağı dayandırmaq lazımdır ki, guya az sonra cəbhə xəttini yaracağıq. Yanaşmanı kökündən dəyişməsək, bu olmayacaq”.

Hərbi ekspert Ramil Məmmədli Musavat.com-a deyib ki, Ukrayna müharibəsinin qışa qədər bitməsi ilə bağlı səslənən fikirlərə hərbi-siyasi reallıq ehtiyatla yanaşmağı tələb edir: “Zelenski tərəfindən qışa qədər döyüşlərin dayandırılması üçün imkan pəncərəsinin mövcudluğu barədə verilən mesaj, əslində, daha çox siyasi niyyət və diplomatik test xarakteri daşıyır. Bu, real hərbi nəticədən çox, mümkün danışıqlar mühitinin yoxlanılması kimi oxunmalıdır. Ukrayna Prezident Ofisi rəhbəri Kirill Budanovun açıqlamaları da göstərir ki, Kiyev tərəfində müharibənin uzanmasının yaratdığı resurs təzyiqi artıq açıq şəkildə etiraf edilir. Budanovun “Rusiya son mərhələdə razılaşmalardan imtina edə bilər” fikri isə danışıqların hələ də sabit platformaya oturmadığını göstərir. Yəni, burada sülh planından çox, sınaq diplomatiyasından danışmaq daha doğrudur”.
Vəziyyətə gəlincə, hərbi ekspert Rusiya cəbhəsində səslənən etiraflara diqqət çəkir: “General Andrey Qurulyov tərəfindən səsləndirilən fikirlər, genişmiqyaslı səfərbərliyin müzakirə olunması, lakin bunun belə cəbhədə dönüş yaratmayacağı barədə etiraflar optimizm narrativinin zəiflədiyini göstərir. Burada əsas məqam ondan ibarətdir ki, müharibə artıq irəliləmə və ya geri çəkilmə mərhələsindən çıxaraq, resurs və texnologiya aşınması mərhələsinə keçib. Xüsusilə dron müharibəsi faktorunun ön plana çıxması, Andrey Qurulyovun da qeyd etdiyi kimi, hücum qruplarının manevr imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Bu isə klassik cəbhə hücumlarının effektivliyini aşağı salır və müharibəni daha çox donmuş, lakin aktiv konflikt modelinə yaxınlaşdırır”.
Bəs burada Tramp faktoru nəyi dəyişə bilər?
Hərbi ekspert bu suala belə cavab verib: “ABŞ-də siyasi ritorikada müharibənin tez bitirilməsi ilə bağlı səslənən fikirlər, xüsusilə Tramp tərəfindən verilən bəyanatlar, daha çox siyasi mesaj xarakteri daşıyır. Real mexanizm isə tək bir liderin iradəsi ilə yox, NATO strukturu, Avropa İttifaqının təhlükəsizlik strategiyası və Rusiyanın hərbi-siyasi məqsədləri ilə müəyyən olunur. Hərbi reallıq göstərir ki, bu mərhələdə müharibənin bir tarixdə bitməsi ehtimalı zəifdir. Daha real ssenari lokal atəşkəs zonaları, dondurulmuş cəbhə xətləri və mərhələli danışıqlar modelidir.
Yəni, klassik qələbə ilə bitən müharibə yox, uzunmüddətli siyasi-hərbi balans forması ortaya çıxa bilər. Strateji baxımdan zaman faktoru isə hazırda ikili xarakter daşıyır. Rusiya uzunmüddətli resurs üstünlüyünə arxalanmağa çalışır, Ukrayna isə Qərb yardımının davamlılığına ümid edir. Amma hər iki tərəf üçün ən böyük risk müharibənin normaya çevrilməsi, yəni ictimai və iqtisadi adaptasiyanın artmasıdır. Nəticə olaraq, müharibə qışa qədər bitəcəkmi sualının cavabı hərbi yox, siyasi iradədən asılıdır. Hazırkı dinamika isə göstərir ki, nə Kiyev, nə Moskva tam şəkildə geri addım atmaq niyyətindədir. Bu isə o deməkdir ki, yaxın aylarda danışıqlar cəhdləri, lokal eskalasiya paralel gedəcək, yekun həll isə hələ uzaq görünür”.
E.Məmmədəliyev,
Musavat.com






