İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna taxılı üçün dəhliz - Rusiya Türkiyənin təşəbbüsünü dəstəkləyir

857 09.06.2022 09:30 İqtisadiyyat A A

Qərb limanları minalardan təmizləməsi üçün Kiyevə təsir edəcəkmi?; Lavrovun Türkiyə səfərində verdiyi açıqlamalar...

Ukrayna taxılının aclıq təhlükəsi ilə üzləşməkdə olan Şimali Afrika ölkələrinə çatdırılması hazırda ABŞ və Avropa İttifaqını narahat edən başlıca problemlər sırasındadır. Hər iki mərkəzdə hesab edirlər ki, Rusiya Ukrayna taxılının ixracını məqsədli şəkildə bloklayaraq, ondan özünə qarşı sanksiyaların aradan qaldırılması üçün istifadə etməyə çalışır.

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel iyunun 8-də Avropa Parlamentindəki çıxışında bir daha bəyan edib ki, Rusiya ərzağı müharibə silahı kimi istifadə edir, taxılı oğurlayır, limanları blokadaya alır və əkin torpaqlarını döyüş meydanına çevirir. O bildirib ki, hazırda Ukraynanın dəniz limanlarında 20 milyon tondan çox buğda, taxıl və qarğıdalı qalıb: “Bu, dünya ərzaq təhlükəsizliyini təhdid edir və dünyanın müxtəlif ölkələrində aclığa və qıtlığa gətirib çıxarır”.

Ş. Mişel qeyd edib ki, mayın 30-31-də Brüsseldə keçirilən fövqəladə iclasda bu ərzaq məhsullarının dünya bazarına çatdırılması üçün logistika imkanları müzakirə olunub. Onun sözlərinə görə, qlobal aclıq hər kəsi narahat etməlidir və buna görə də bu məsələ hərtərəfli, kordinasiya edilmiş yanaşma tələb edir: “Biz G7 daxilində, Afrik Birliyi ilə və digər tərəfdaşlarla bu məsələ üzərində işləyirik. Rusiya hərbi gəmiləri, raketləri Ukrayna limanlarını blokadaya alaraq ərzağın ixracına imkan vermir, Rusiya tankları, topları və minaları Ukraynaya imkan vermir ki, əkinçilik və kənd təssərüfatı işlərini görsün”.

Rusiya prezidenti Vladimir Putinin Ukrayna limanlarından ixraca icazə verilməsi üçün Rusiyaya qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılmasını şərt olaraq irəli sürməsi bu iddiaların doğruluğunu göstərir. Rusiya hətta yalnız özünə deyil, Belarusa qarşı sanksiyaların da ləğvi şərtilə çıxış edir.

ABŞ və Avropa Ukrayna məhsullarının qlobal bazara çıxışını təmin etməkdə bütün tərəflərdən çox maraqlıdır. Belə ki, Ukrayna taxılının əsas alıcıları Şimali Afrikanın kasıb ölkələridir. Hesablamalara əsasən Ukraynadan ixracın əvvəlki həcmləri bərpa olunmasa, sentyabr ayına doğru həmin ölkələrdən Avropaya kütləvi insan axını başlayacaq - ərzaq çatışmazlığı və aclıq səbəbilə. Buna görə də Avropa İttifaqı və onun strateji müttəfiqi ABŞ Ukrayna məhsulunun dünya bazarına yolunu genişləndirmək üçün müxtəlif variantlar üzərində işləyirlər.

Ukrayna, Rusiya və Türkiyə razılaşdı: Odessaya limanından taxıl daşınacaq

Hələlik Qərb tərəfindən ortaya konkret bir mexanizm qoyulmayıb, amma Türkiyə təşəbbüskarlığı ələ alaraq xüsusi təkliflə çıxış edib. Ankara Rusiya, Ukrayna, BMT və Türkiyənin iştirakı ilə Ukrayna limanlarından taxıl ixracı üçün xüsusi dəhlizin yaradılmasını təklif edir.

İyunun 8-də Rusiya xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə səfəri baş tutub. Səfər çərçivəsində keçirilən müzakirələrdən sonrakı brifinqdə Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu bəyan edib ki, Rusiya və Ukrayna arasında dialoqa qayıtmaq üçün zəmin yarandığını görürlər. Onun fikrincə, son günlərdə Ukrayna Prezidenti Vladimir Zelenskinin açıqlamaları, digər tərəfdən isə Türkiyənin səyləri bunu deməyə imkan verir.

Türkiyə XİN rəhbəri bildirib ki, Ukrayna taxılının dünya bazarlarına çıxarılması üçün BMT, Rusiya, Ukrayna və Türkiyənin iştirakı ilə plan mövcuddur. O qeyd edib ki, bu mexanizm Türkiyəni qane edir, lakin həm Rusiya, həm də Ukrayna tərəfinin də bu plana razılıq verməsi lazımdır.

S.Lavrov isə bəyan edib ki, Rusiya Ukrayna limanlarından çıxacaq taxıl yüklü gəmilərin təhlükəsizliyini təmin etməyə hazırdır və Rusiya tərəfi bu məsələdə türkiyəli həmkarları ilə əməkdaşlıq etmək niyyətindədir. Bundan əlavə, o, Ukrayna tərəfinin limanları minalardan təmizləməli olduğunu da vurğulayıb.

Ukrayna Xarici İşlər Nazirliyi isə aparılan danışıqlarla bağlı iyunun 7-də açıqlama ilə çıxış edib. Açıqlamada qeyd olunur ki, Ukrayna taxılının ixracına dair hər hansı razılaşma mütləq Ukraynanın maraqlarını nəzərə almalıdır, əks halda, rəsmi Kiyev heç bir razılaşmanı qəbul etməyəcək. Qeyd olunur ki, Ukrayna öz tərəfdaşları ilə taxıl üçün humanitar dəhlizin açılması üzərindı işləyir. Rusiya isə öz növbəsində Ukrayna ərazisindəki taxıl terminallarını atəşə tutur. Bu zaman Rusiyanın yaradılacaq dəhlizdən Odessaya hücum üçün istifadə etməsinin istisna olunmadığı vurğulanır: “Təminatlar Ukraynaya öz sahillərini hücumdan qorumaq üçün silahların çatdırılması, həmçinin qara dənizin müvafiq ərazisində vəziyyətə nəzarət etmək üçün üçüncü ölkələrin hərbi-dəniz qüvvələrinin cəlbi yolu ilə verilməlidir”.

Ukrayna XİN Türkiyənin taxıl ixracı probleminin həllinə yönəlik cəhdlərini yüksək qiymətləndirir: “Türkiyənin cəhdlərini yüksək qiymətləndiririk. Lakin eyni zamanda qeyd etməliyik ki, hələlik bununla bağlı Ukrayna, Türkiyə və Rusiya arasında hər hansı razılaşma yoxdur. Bir daha qeyd edirik ki, qərarlar bütün əlaqədar tərəflərin iştirakı ilə qəbul olunmalıdır. Ukraynanın maraqlarını nəzərə almayan bütün razılaşmalardan biz qətiyyətlə imtina edəcəyik”.

Qeyd edək ki, Ukraynadan ərzaq məhsullarının Avropa üzərindən ixracında artım baş verib. Belə ki, may ayında Ukrayna xaricə aprel ayındakından 80 faiz çox aqrar məhsullar ixrac edib. Ölkənin Aqrar Siyasət və Ərzaq Nazirliyinin məlumatına əsasən mayda ixrac 1,743 milyon ton təşkil edib. Bu zaman buğda ixracı apreldəki 9,2 min tona qarşı 43,5 min ton (2022-ci ilin mayındakı göstəricidən 20 dəfəyə qədər az), qarğıdalı 601 min tona qarşı 959,35 min ton olub. Buğdanın 75 faizi, soyanın 50 faizi, günəbaxanın 59 faizi, arpanın isə 57 faizi çay nəqliyyatı  ilə, qarğıdalının 53 faizi, soya yağının isə 56 faizi dəmir yolu ilə daşınıb.

Prezident Volodimir Zelenski iki gün əvvəlki açıqlamasında ölkənin 22-25 milyon ton taxılı ixrac etməsi zərurətinin yarandığını, payıza doğru bu həcmin 75 milyon tona çatacağını bildirib.

Ukraine-Poland: history wars rage on | openDemocracy

Hazırda Ukraynadan məhsullar əsasən Polşa ərazisi ilə ixrac olunur. Polşa-Ukrayna hökumətlərinin yaratdığı birgə işçi qrupu Ukrayna taxılının ixracını artırmaq üçün müzakirələri davam etdirir. Polşa hökuməti ofisinin rəsmisi Mixail Dvorçakın mətbuata verdiyi məlumata görə, ölkəsinin mövcud infrastrukturu Qara dəniz limanlarından Şimali Afrikaya yönələn 50 milyon ton taxılın ixracını təmin etmək imkanında deyil. O bildirib ki, Polşa limanları əvvəllər ildə 7 milyon ton məhsulun yüklənməsini təmin edirdilər. İşçi qrup dəmir və avtomobil yolu ilə daşımaların artırılması üçün müəyyən prosedurların sadələşdirilməsi variantlarını müzakirə ediblər. Məqsəd Ukrayna ilə Polşa arasında yük avtomobillərinin sürətli hərəkətini təmin etməkdir.

Lakin avtomobil və dəmir yolu, həmçinin çay gəmiçiliyi Ukraynadan on milyonlarla ton taxılın qısa müddətdə daşınmasını təmin etmək üçün yetərli deyil. Buna görə də yaxın həftələrdə Qərbin Ukraynanın öz limanlarını minalardan təmizləyərək Türkiyənin təklif etdiyi dəhlizin yaradılmasına razı salmağa çalışacağı gözləniləndir. Bir müddət əvvəl Böyük Britaniyanın baş naziri Boris Conson Ukrayna taxılını daşıyacaq gəmiləri müşayiət etmək üçün Qara dənizə hərbi gəmi konvoyunun göndərilməsini mümkün saydığını açıqlamışdı. Lakin Rusiyanın bu variantla razılaşması real görünmür. Ən yaxşı halda Moskva yaradılacaq dəhlizin Türkiyə gəmiləri tərəfindən mühafizə edilməsinə razılaşa bilər. Buna görə də Ankaranın təşəbbüsünün Qərb tərəfindən tam dəstək alması real görünür.

Ukrayna taxıl istehsalını və ixracını artıracaq

Bir məsələni də qeyd edək ki,Türkiyə Ukrayna taxılının bazarlara çatmasından həm də iqtisadi fayda götürəcək. Əvvəla, nəzərə almaq lazımdır ki, Türkiyənin maye yağ, quşçuluq və heyvandarlıq üçün yem əlavələri istehsalı sənayesi böyük ölçüdə Ukrayna xammalından asılıdır. Dəhlizin yaradılması son aylarda bu sahələrdə baş verən kəskin bahalaşmanın əksinə proseslə əvəz olunmasına gətirib çıxara bilər. Bu isə ölkədə illik 70 faizdən yuxarı olan inflyasiyanın sürətinin azalmasına gətirib çıxarar. Digər tərəfdən, Türkiyə Ukraynadan məhsulları alaraq dünya bazarına reeksport edə bilər. İki gün əvvəl xarici mətbuat Türkiyənin Ukraynadan taxıl məhsulları üçün 25 faiz endirim aldığına dair məlumat yaymışdı. Tərəflərin heç bir bu məlumatı təkzib etmədiyinə görə onun reallıq payı xeyli artır. Bu variant reallaşarsa,Türkiyə Ukrayna məhsullarının reeksportundan da irihəcmli gəlirlər əldə edə bilər...

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR