İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna müharibəsi bitməlidir, amma necə... - mümkün ssenarilər  

640 19.07.2024 11:30 Siyasət A A

Tükətmə taktikasının hansı tərəfin axırına çıxacağı hələlik bəlli deyil - rəylər

“Ukrayna Rusiya ilə münaqişəni danışıqlar yolu ilə dayandırmağı planlaşdırır”. “Yeni Müsavat” xəbər verir ki, bu barədə “The New York Times” (NYT) yazıb. 

“Münaqişənin iki il yarım davam etdiyi bir vaxtda Kiyev danışıqlar yolu ilə hərbi əməliyyatları dayandırmaq üçün plan hazırlayır”, - nəşr iddia edib. 

Materialda həmçinin deyilir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenskinin bir gün əvvəl Rusiya nümayəndələrinin növbəti “sülh sammitində” iştirakının vacibliyini bildirən sözləri də göstərir. Bəs müharibə nə vaxt, necə, hansı şərtlərlə bitəcək? Hansısa variantın konturları görünürmü? 

Bu arada Gürcüstanın hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili bildirib ki, Ukraynada hərbi əməliyyatlar bir ildən gec olmayaraq bitəcək. “Əgər respublikaçılar (Tramp - red.) ABŞ seçkilərində qalib gəlsə, o zaman müharibə daha tez -yanvarda başa çatacaq” - o təxmin edib. Onun sözlərinə görə, Ukraynada hərbi əməliyyatlar bitən kimi Tiflislə Brüssel, eləcə də Vaşinqton arasında mövcud olan anlaşılmazlıq aradan qalxacaq və Gürcüstan “qlobal siyasətdə oyunçular üçün tamamilə fərqli maraq obyektinə” çevriləcək. 

Belə çıxır ki, Ukraynada sülh məsələsinə payızdan tez aydınlıq gəlməyəcək? Bəs o vaxtadək kollektiv Qərb Kiyevə lazımi və müasir silahlar, həm də yetərli həcmdə verəcəkmi? 

Polşa prezidenti Anjey Duda deyib ki, Rusiyanın Ukrayna münaqişəsində qələbəsi NATO ilə müharibəyə səbəb ola bilər. Onun fikrincə, bu halda Rusiya ilə Şimali Atlantika Alyansı arasında potensial müharibə inanılmaz dərəcədə yaxın olardı. “Hazırda NATO Rusiya ilə mümkün hərbi əməliyyatlara hazırlaşır”, - Duda Ukraynanın mümkün məğlubiyyəti ilə bağlı suala cavab olaraq qeyd edib. 

“The Economist” qəzeti isə yazıb ki, Rusiya sovet dövründə toplanmış silahları yenidən işə salıb, lakin köhnə tankların 70%-ə qədəri “yerindən tərpənməyib”, qalanları “yuyulub”, yeni kimi buraxılıb". Nəşr bildirir ki, Rusiya ordusu köhnə texnikalardakı artilleriya lülələrini çıxararaq özüyeriyən haubitsalara quraşdırır, belə davam edərsə, 2025-ci ildə Rusiya “kritik tükənmə nöqtəsinə” çatacaq. 

“Rusiyanın Xarkov üzərində may ayında başlayan hücumu, cəbhə xəttinin başqa yerlərində, xüsusən də Donbasda irəliləyişləri strateji baxımdan əhəmiyyətsiz olub və ona baha başa gəlib. İndi məsələ Ukraynanın mübarizəni davam etdirə bilməyəcəyindən çox, Rusiyanın indiki əməliyyat tempini nə qədər saxlaya biləcəyindən gedir. Əsas məsələ insan resursları deyil. Rusiya cəbhə xəttində gücünü 470 000-də saxlamaq üçün hər ay təxminən 25 000-dən çox yeni əsgəri cəbhəyə göndərməlidir. Əksər kəşfiyyat agentliklərinin hesablamalarına əsasən, Rusiya müharibənin ilk iki ilində 3000-ə yaxın tank və 5000 zirehli texnika itirib”, - məlumatda deyilir.

fikret.jpeg (167 KB)

Fikrət Yusifov

Sabiq maliyyə naziri, iqtisadi və siyasi məsələlər üzrə ekspert Fikrət Yusifova görə, kollektiv Qərb Rusiyanı məğlub durumla müharibədə dayandıra bilməyəcəyini artıq anlayıb: “Rusiya-Ukrayna müharibəsinin mümkün qədər tez qurtarması daha çox Ukraynanın maraqlarına xidmət edəcək. Bu sülhün bağlanması üçün Rusiya ilk növbədə Ukraynanın gerçəkdən sülh istədiyinə inanmalıdır. Rusiya prezidenti Vladimir Putin anlasa ki, Ukraynanın sülh təklifinin arxasında zaman qazanıb, müharibəyə daha yaxşı hazırlaşmaq kimi arxa fikirlər var, o halda heç bir danışıqlara getməyəcək. Rusiya iki il yarım ərzində bu müharibədə çox itkilər verib. O səbəbə onu məğlub durumda dayandırmağa heç vaxt razı olmayacaq. Kollektiv Qərb artıq bunu anlayıb. Əgər Qərb Ukraynaya hərbi yardımlar yolu ilə bu müharibədə Rusiyanı küncə sıxışdırmaq siyasəti yürütsə, o halda Rusiya müharibəni uduzmamaq üçün hər vasitəyə əl atacaq. İlk növbədə arsenalında olan taktiki nüvə silahlarını işə salacaq. Vladimir Putinin bir sözünü xatırladıram.  O, çıxışlarının birində "Rusiyasız dünya kimə lazımdı" - demişdi. Bu sözlər sadə sözlər deyil, ABŞ başda olmaqla kollektiv Qərb bu sözlərin fərqindədir, yəni onun ciddiliyini qəbul edirlər. Müharibədə Rusiyanın uduzması Putin hakimiyyətinin sonu demək olar. Bu səbəbdən Rusiya sülh müqaviləsi üçün öz şərtlərini diktə edəcək. Müharibənin başqa, daha təhlükəli müstəviyə keçə biləcəyindən qorxan kollektiv Qərb indi daha çox onun tezliklə bitməsini arzulayır. 

ABŞ-da hakimiyyətə Donald Trampın gələcəyi ehtimalı sui-qəsd hadisəsindən sonra nə qədər artsa da, Demokratların prezident kürsüsünə digər namizədi gətirmək səyləri hələ bitməyib. Yəni indidən Donald Trampın noyabr ayında seçkilərdə qalib gələcəyini əminliklə söyləmək mümkün deyil. Əgər prezident kürsüsünə yenidən Demokratların namizədi oturarsa, o halda müharibənin aqibətinin necə olacağını söyləmək mümkün deyil. Bütün hallarda Rusiya ilə Ukrayna arasında sülh müqaviləsinin bağlanması o qədər də asan olmayacaq. Çünki ortada çox açıq suallar və qaranlıq məqamlar var".

niyameddin.jpeg (88 KB)

Niyaməddin Orduxanlı

Ədalət, Hüquq, Demokratiya Partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı hesab edir ki, Putinin şərtləri yerinə yetirilmədən müharibə bitməyəcək: “Ukraynada müharibənin bitməsini istəyirlərsə, Putinlə danışıqlar aparmalıdır. Rusiyasız "sülh sammiti" keçirirlər. Bu çox gülməlidir. Müharibə edənin iştirakı olmadan hansı sülhdən söhbət gedə bilər? Putinin əsas şərti odur ki, Ukrayna NATO-ya üzv olmaqdan imtina etməlidir. Putin bu mövqeyindən geri çəkilən deyil. Bidzivina İvanişvili dəqiq bilməmiş deyil ki, Ukraynanı Rusiyaya qarşı qoyan məhz Amerikadır. Rusiya Ukraynanın siyasətini çox yaxşı bilir. 2 ildir müharibə gedir. NATO niyə müharibəyə qoşulmur? Nəinki qoşulmur, ən müasir silahları Ukraynaya vermir. Çünki Rusiyanın indiki vəziyyətdə qalmasında maraqlıdır. Trampın qalib gəlsə, ən çox ziyanı Ukrayna çəkəcək. Çünki Trampla  Putinin çox yaxın münasibətləri var".

Əlavə edək ki, Ukraynada müharibənin necə bitəcəyi ilə bağlı fərqli yanaşma və gözləntilər də var.    

Cavanşir ABBASLI,
“Yeni Müsavat”





Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR