İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna ilə bağlı ilginc plan və tarix - “Uzağı, iyuladək...”

2749 19.04.2024 08:25 Siyasət A A

Politoloq: “Qərb Şərqi Ukraynanın Rusiya nəzarətinə keçməsi ilə faktiki razılaşa bilər”

“Bugünkü statistikaya əsəsən mərmi və sursatla bağlı Rusiya ilə 1:10 nisbətimiz var. Vəziyyət pisdir. Mübarizə aparacaq heç nəyimiz yoxdur. Sadə dillə desək, ya Qərb bizi danışıqlar masasına oturmağa sövq edir, ya da onun Rusiya ilə ”qırmızı xətlər"lə bağlı hansısa anlaşması var". 

Bu sözləri tanınmış ukraynalı jurnalist Dmitri Qordon deyib.

O, 2024-cü ildə Ukraynada müharibənin bitəcəyi barədə proqnozunu bir daha təkrarlayıb: “İnanıram ki, bu il müharibə başa çatacaq. Mən bir şey bilirəm, amma sizə deməyəcəm: bu mənə aid məlumat deyil, onu açıqlamağa haqqım yoxdur. Amma ipucu verə bilərəm. Bizi qorxudurlar ki, Putin tezliklə yeni hücuma başlayacaq. Bəli, başlayacaq. Təbii ki, o, torpağın qurumasına qədər gözləyəcək. Qoşunları hazırdır və Xarkov, Slavyansk və Kramatorska hücum etmək istəyir. Sizə deyim ki, iyula qədər müharibənin bütün gedişatını dəyişdirəcək çox ciddi hadisə baş verəcək. Başqa heç nə söyləyəməcəyəm”.

Qordon nəyi nəzərdə tutur? Söhbət baş verəcək hansı ciddi olaydan gedir, Krım körpüsünün dağıdılmasındanmı? 

Bu arada Ukrayna Prezidenti Vladimir Zelenski Qərbin köməyi olmadan Ukraynanın hərbi əməliyyatları davam etdirmək şansının olmadığını  bildirib. 

“Qərb nüvə silahının yayıla biləcəyi və Rusiya ərazilərinin bir hissəsini ələ keçirəcək Çinin güclənməsi səbəbindən Rusiyanın Ukraynada məğlub olmasından qorxur. Qərbdən səslər gəlir ki, biz qorxuruq, Rusiya uduzsa nə olacaq? Yəni hər gün bizim qanımızın tökülməsindən, ölməyimizdən qorxmurlar, amma çox qorxurlar ki, hansısa təhlükə, hansısa miqrasiya böhranı yaranacaq. Ola bilsin ki, Çin çox güclü olacaq. Qorxurlar ki, birdən Putin olmaz və çoxlu ölkələr (Rusiya Federasiyasının ərazisində - red.) yaranacaq, Rusiyanın nüvə silahları necə olacaq və s.”, - Zelenski qeyd edib.

Ukrayna prezidenti haqlıdırmı, onun Qərbin qorxusu haqda söylədikləri nə dərəcədə doğrudur? Qərb Ukraynanı satıbmı?

Azər Hüseynov: “Savadlı və hikmətli ruhanilər yetişməlidir”

Azər Hüseynov

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov burada təəccüblü heç nə görmür. O, Qərbin Ukraynanı meydanda tək qoyacağını əvvəlcədən gözlədiyini qeyd etdi: “Bu, Qərbin dəsti-xəttidir. Bunu bilmək üçün XX əsrdə Qərbin, xüsusilə, Amerikanın hərbi münaqişəyə sövq etdiyi və sonda tək buraxdığı ölkələrə diqqət etmək lazımdır. Mən şərhlərimdə bildirmişdim ki, Ukrayna faktiki parçalanacaq və böyük ehtimal ki, Rusiyanın tutduğu ərazilərdə paralel hökumət də qurulacaq. Dönək Qərbin dəstəyi məsələsinə. Amerika bir zaman Koreyada tərəf oldu, öz müttəfiqləri ilə. Sonda Koreya iki hissəyə bölündü. Vyetnamda eyni ilə anti-kommunist qüvvələrə dəstək oldu və sonda həmin qüvvələr ağır məğlubiyyətə uğradı. Bir zaman, Çində yenə Qərb Çankayşi qüvvələrini dəstəklədi. Sonda məğlubiyyət və Tayvana çəkilmə yaşandı. İraqda baş verənlər. Maliki hökümətinin iflası, İŞİD-in meydana gəlməsi, bölgədə sabitliyin pozulması. Daha sonra Əfqanıstanda Karzainin, daha sonra Qərb yönümlü hakimiyyətin dəstəklənməsi. Sonda nə oldu? Hökümət qaçdı və bu gün Əfqanıstanda Taliban İslam Əmirliyi fəaliyyət göstərir. Məsələ odur ki, bütün bunlardan sonra bəzi analitiklər Zelenskinin fəaliyyəti ilə bağlı optimist çıxışlar edirdilər. Hətta Rusiyanın məğlub olacağını söyləyən ekspertlər də vardı. Maraqlısı odur ki, onların bir qisminin hərbi təhsili də var. Zelenski qalib gələ bilməzdi. Çünki ona Ukrayna ərazisinin xaricində əks hücum hüququ müttəfiqləri vermirdi. Həm də sistemli hücum silah kompleksləri də yox idi. Sonra verilənlər isə ancaq müqavimətə yarayırdı. Qaldı ki, Dmitri Qordona. Bu şəxs də məlum təbliğatın tərkib hissəsi idi. Ukrayna ictimai fikrini bir zaman azdıranlar indi həyəcan təbili çalır. Zelenski ölkəsinin daxili gücünə deyil, Qərbin onu dəstəkləyəcəyinə ümid edirdi. Qərb isə tarixi boyu səbirli və davamlı müttəfiq deyildir. Heç bir dövlətin ərazi bütövlüyünün pozulması yaxşı hal deyildir. Olan Ukrayna xalqına oldu. Xarici siyasi kursun həyata keçirilməsi zamanı ölkənin daxili gücünə, xalq ilə münasibətlərə önəm vermək lazımdır. Ukrayna cəmiyyəti yekcins bir cəmiyyət deyildir. Əgər Ukraynanın katolik olan Qərbi özünü Qərbi Avropaya yaxın bilirsə, Şərqi Ukraynada Rusiyanın, rus dilinin təsir imkanları güclüdür.

Ukraynanın bəlası odur ki, bir zamanlar Rusiya müdaxiləsinə qarşı optimal yolların üstündən xətt çəkib Zelenski hökümətində təmsil olunanlar indi qorxu yayır. Biz uduzuruq deyirlər. Bu haqda da bir zaman demişdim ki, çat Zelenskinin ətrafından başlayacaq və Rusiya Avropanı parçalayacaq. Kontinental Avropadakı dövlətlərdən fərqli olaraq Böyük Britaniya və fərqli qitədə olan Amerika Ukrayna müharibəsinin mənfi təsirlərindən maksimal sığortalanıb. Avropa isə qorxu içindədir. Bu Amerikanın da maraqları daxilindədir. Çünki Amerika bununla Avropanı öz təsir dairəsində saxlaya bilir. Qərb Ukraynanı satıbmı? Qərb Ukraynanı tək buraxdığı aşkardır. Ukraynanın bu müdaxilə qarşısında qalib gələcəyini düşünmək isə hərbi baxımdan da, siyasi baxımdan da xülyadır. Dünyanın bir çox yerində son zaman baş verən hərbi münaqişələr eyni zamanda, Qərbin gücünün bir qədər də şişirdildiyini sübut edir. Antiqərb ritorikası isə dünyada güclüdür. Nə üçün? Çünki dünyanın bir çox ölkələrinin Qərblə həll edilməmiş hesabları vardır, Afrikanın Fransa ilə, digər bölgələrin digər Qərb ölkələri ilə. Qərb təbii ki, hələ çox güclüdür. Bunun da səbəbi iqtisadiyyatdır. O iqtisadiyyat ki, əsrlərlə Afrika və Amerikanın, Uzaq və Yaxın Şərqin istismarı üzərində formalaşıbdır. Ukrayna münaqişəsi hansı ssenarilərlə davam edə bilər? Ukrayna digər hissəsinin işğal edilməməsini təmin etmək üçün Şərqi Ukraynanın Rusiya nəzarətinə keçməsi ilə faktiki razılaşa bilər. Bu hüquqi razılıq əlbəttə ki, deyildir. Amma Ukraynanı tam məhvdən qorumaq üçün yeganə yoldur ki, ölkə tam işğal edilməsin. Bunun üçün də Zelenskinin geri addım atmasını, yaxud da hakimiyyətinin bitməsini gözləmək lazım olacaqdır".

Müsahibimiz sonda qeyd etdi ki, Türkiyənin əsas söz sahibi olacağını düşünür: “Ukrayna danışıqlara getməyə məcbur olacaq. Onun da dadına ancaq Türkiyə çata bilər. Çünki Türkiyə Rusiya ilə münasibətləri elə qurub ki, Suriya deyirsən masadadır, Fələstin-İsrail münaqişəsi deyirsən masadadır, Liviya deyirsən masadadır, Qafqaz deyirsən masadadır. Təbii ki, bu, Türkiyənin milli maraqlarının reallaşdırılmasına xidmət edir. Çünki beynəlxalq münasibətlər sistemində bütün dövlətlər istisnasız öz maraqlarından çıxış edirlər. Bəzən isə bir sıra dövlətlərin və eyni zamanda, xalqların maraqları üst-üstə düşür. Ukrayna səhvi ilk başda etdi. Rusiyanın güc siyasəti ilə irəliləməsi tarixi bir reallıqdır. Onu bu irəliləmədə Qərb heç vaxt dayandıra bilməyibdir. Rusiya tam olaraq maraqlarını təmin etdikdən, təhlükəsizlik zolağı qurduqdan sonra dayanıbdır. Prezident Ərdoğanın Türkiyə üçün tarixi üsul kəşfi də budur. Ərdoğan tarixə baxdı və gördü ki, Osmanlı ilk əvvəllər özü Rusiya ilə tək savaşanda qalib də gəlib, uduzub da. Lakin Qərbin istəklərinə uyğun savaşanda Rusiyanın qarşısını ala bilməyib. Ərazilərini itirib. Ona görə də, Türkiyə bu gün tərəfdaşlıq münasibətlərinin qurulması və davamında maraqlıdır. Ukraynada Poroşenkonu, Yuşşenkonu Rusiya ilə açıq savaşa vadar edə bilmədilər. Çünki bu insanlar hər nə qədər Qərbə meyl etsələr də Rusiya ilə balanslı davranırdılar. Rusiyanın hərbi gücü ilə üz üzə qalmaq istəmirdilər. Zelenski belə etmədi, Rusiyanın hərbi gücünü nəzərə almadı. Avropa parlamentlərində alqışlar onu buraya gətirdi. Hətta bir ara Osmanlıya qarşı savaşmış olan yunan terror təşkilatını da vəsf elədi. Və bugünkü durum ortadadır. Bu vəziyyət ən çox Ukraynanın bir dövlət olaraq mövcudluğuna təhlükədir. Ukrayna da zamanında Azərbaycandan nümunə götürə, rassional davrana bilərdi. Lakin etmədi”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR