İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Avropanı qışdan BELƏ qoruyur

1096 02.01.2024 21:49 Dünya A A

Ukraynanın qaz anbarlarından istifadə Avropa İttifaqı ölkələrinə bu il qazın qiymətində kəskin artımın qarşısını almağa imkan verir.

Musavat.com xəbər verir ki, bu fikir “Financial Times” (FT) qəzetinin hazırladığı materialda əksini tapıb.

“Argus Media” konsaltinq şirkətinin nümayəndəsi Nataşa Fieldinq nəşrə deyib: “Mərkəzi və Şərqi Avropada Ukrayna bu qış qaz təchizatının təhlükəsizliyinin təmin edilməsində əsas rol oynayır”.

“Argus Media”nın hesablamalarına görə, Avropa şirkətləri 2023-cü ilin noyabr ayının əvvəlindən Ukrayna anbarlarından gündə orta hesabla 10,7 milyon kubmetr həcmdə qaz götürməyə başlayıb. Dekabrın birinci yarısında əhəmiyyətli soyuma fonunda bu rəqəm müvəqqəti olaraq sutkada 26 milyon kubmetrə qədər artıb. Qazın yarıdan çoxu Polşa, qalanları isə Macarıstan, Moldova və Slovakiya tərəfindən götürülüb.

Norveçin “Rystad Energy” konsaltinq şirkətinin baş analitiki Nikolin Bromanderin nəşrə verdiyi məlumata görə, bu, “Avropa anbarlarında ehtiyatları 90 faiz səviyyəsində saxlamağa kömək etdi”. Bu, xüsusilə kəskin və ya uzun müddət davam edən soyuq hava şəraitində Avropa qaz ehtiyatlarının tükənməsi riskini azaldır. Nəticədə bu ilin dekabrında Niderkanddakı TTF mərkəzində qazın qiymətləri bir il əvvəlkindən üç dəfə aşağı olub.

FT qeyd edir ki, qaz anbarları ölkənin qərbində cəbhə xəttindən uzaqda cəmləşən Ukrayna Qərb müştərilərini 3 il müddətinə gömrük rüsumlarından azad etməklə, eləcə də qazın saxlanması və nəqli üçün aşağı tariflər təklif etməklə onları cəlb edə bilib. Kiyev Qərb şirkətlərinə ümumi anbar tutumunun üçdə birini - təxminən 10 milyard kubmetr həcmində təmin edib. “Naftoqaz Ukrayna” şirkətinin məlumatına görə, qış ərəfəsində Avropa hüquqi şəxsləri Ukraynada 2,5 milyard kubmetrə yaxın qaz toplayıblar ki, bu da 2022-ci ilin əvvəlindən maksimal həcmdir. Aİ ölkələrində qaz anbarlarının ümumi həcmi 115 milyard kubmetrdir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR