ABŞ-ın nüfuzlu ABC News kanalı Ukrayna-ABŞ xəttində mühüm dönüş yaradan məlumat yayıb.
Musavat.com xəbər verir ki, Kanalın mənbələrinə görə, Kiyev administrasiyası ABŞ prezidenti Donald Trampın təqdim etdiyi sülh planı ilə razılaşıb və artıq proses yekun razılaşmaya doğru irəliləyir.
Məlumata əsasən, tərəflər arasında aparılan intensiv danışıqlar nəticəsində planın əsas siyasi çərçivəsi tam şəkildə razılaşdırılıb. Hazırda müzakirələr yalnız “xırda texniki detalların dəqiqləşdirilməsi” mərhələsindədir. Bu, müharibənin gedişində ilk dəfə olaraq Kiyevin Vaşinqtonun təklif etdiyi konseptual modelə bu dərəcədə yaxınlaşması kimi qiymətləndirilir.
Bəs ABC News-in yaydığı məlumat Ukrayna-ABŞ münasibətlərində hansı strateji dönüşü ifadə edir? Danışıqların bu mərhələyə çatmasında hansı geosiyasi faktorlar rol oynayıb? Ukraynanın bu plana razılığı daxili siyasi elita tərəfindən necə qarşılanacaq? ABŞ-Ukrayna razılaşması Aİ-nin bu prosesdəki rolunu necə dəyişə bilər?
Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb:

“Vaşinqtonun ilkin mətbuatda yayımlanan planı Ukraynanın maraqlarına əleyhinə idi, Ukraynanın faktiki məğlubiyyətini rəsmiləşdirmək anlamına gəlirdi və Ukraynanın rəsmiləri, başda Zelenski olmaqla, bu plana etiraz etmişdilər. Amma o da bəlli idi ki, Zelenski Amerikanın özü ilə münasibətlərin gərginləşməsini istəməzdi. Onsuz da bir dəfə mübahisə yaşanmışdı, növbəti dəfə super dövlətlə ikinci bir mübahisəyə getmək Zelenskinin maraqlarına uyğun deyildi. Buna görə də Zelenski müzakirələrə açıq olduğunu bildirdi. Bu müzakirələr də başladı, Cenevrdə görüşlər baş tutdu, həmin plan da Ukraynanın istəkləri əsasında müəyyən dəyişikliklərlə yenidən işlənildi.
Avropa İttifaqının istəkləri də var idi və onlar da nəzərə alındı. Bəli, bundan sonra artıq dəyişiklik edilən, zəruri korrektələr olunan planın Ukraynanın müəyyən qədər maraqlarına cavab verdiyi fikri formalaşdı. Amma bu hələ də son deyil. Çünki indi bu plan daha sonra Rusiya ilə müzakirə olunmalıdır. Ən gərgin müzakirə məhz Rusiya ilə olacaq. Çünki Rusiya tərəfi ilkin planı məqbul hesab etsələr də, müzakirəyə açıq olduqlarını elan etsələr də, amma dəyişiklikləri qəbul edəcəklərmi - bu, ciddi sualdır. Bu baxımdan hesab etmirəm ki, bu plan Rusiya-Ukrayna münaqişəsinə son qoyacaq”.
Politoloq qeyd edib ki, Ukrana üçün hazırda önəmli olan atəşkəsə nail olmaqdır:
“Kiyev əsasən bunu istəyir, yəni müvəqqəti atəşkəs olsun. Hətta Zelenski bu güzəştə də razıdır ki, itirdiyi torpaqları hüquqi cəhətdən tanımasa da, amma reallığı qəbul edərək, həmin torpaqlar uğrunda müharibənin yenidən alovlanmasını da istəmir. Bu, Ukraynanın ən böyük güzəştidir. Amma Rusiya bunda o qədər də maraqlı deyil. Rusiya işğalı rəsmiləşdirməyə çalışar ki, bu da mümkün deyil. Ona görə danışıqlar davam edəcək, baxmayaraq ki, yayılan xəbərlərə görə, güya Tramp noyabrın axırına qədər vaxt qoyub”.
Elxan Şahinoğlu onu da vurğulayıb ki, Amerikanın özündə də plana bağlı fikir ixtilafı yaranıb:
“Məsələn, dövlət katibi Rubio bir qədər fərqli düşünür, o, planda dəyişikliklər olacağını bildirir. Bəzi respublikaçı konqresmenlər də Trampın planına etiraz ediblər. Ona görə demək olmaz ki, bu plan mütləq reallaşacaq. Yəni, yenidən uzun-uzadı danışıqlar olacaq. Gələn xəbərlərə görə Cenevrədə müzakirələr başlayıb, Ərəb Əmirliklərində də müəyyən görüşlər olub. Yəni, bu planın müharibəyə tamamilə son qoyacağı ehtimalı o qədər də böyük deyil”.
Xalidə Gəray
Musavat.com






