İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədən Ermənistana ŞOK CƏZA - “Ağlını başına yığmasa...”

3363 03.05.2023 22:37 Gündəm A A

Xəbər verdiyimiz kimi, Türkiyə Ermənistan üçün hava məkanını bağlayıb.

“Ermənistanda “Nemesis” abidəsinin qoyulması qəbuledilməzdir. Mən bunu qəbul edə bilmərəm. Ermənistanın bu barədə açıqlamaları isə səmimi deyil. Biz adekvat cavab olaraq hava məkanını bağladıq. Lazım olsa, başqa addımlar da ata bilərik”, - deyə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Nazir əlavə edib ki, Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan və Türkiyə Ermənistanla münasibətlərin normallaşmasını istəyir. Lakin ermənilər gərginlik yaradır, Qarabağa silah daşıyır.

Türkiyənin Ermənistan üçün hava məkanını bağlaması qarşı tərəfdən növbəti təxribatlara yol aça bilərmi? Türkiyə-Ermənistan əlaqələri bu gedişlə normallaşa biləcəkmi?

Türkiyənin Sütçü İmam Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Toğrul İsmayıl Musavat.com-a açıqlamasında bildirib ki, Türkiyə ikili münasibətlərin normallaşması üçün jest etmişdi, amma erməni tərəfi öz xislətindən vaz keçmir.

professor.jpg (220 KB)

Professor vurğulayıb ki, əvvəlcə qondarma soyqırım abidəsi, indi isə “Nemesis” abidəsinin qoyulması təbii ki, yolverilməz və qəbuledilməzdir:

“Bu cür məsələlər provokativ xarakter daşıyır. “Nemesis”in törətdiyi terrorlar yaddaşlardadır. Əlbəttə, bütün bunlar Türkiyə-Ermənistan əlaqələrinə ciddi zərbədir. Ermənistan tərəfi də bunu yaxşı bilir. Bugünkü erməni siyasi zehniyyəti əfsuslar olsun ki, erməni xalqını uçuruma sürükləyir və bu, qeyri-ciddi bir hərəkətdir. Eyni zamanda Ermənistanı başqa dövlətlərin əlində bir maşaya çevirir. Ermənistan faktiki olaraq bu hərəkətlə öz dövlətinin varlığını belə təhlükəyə atır. Digər ölkələrdən fərqli olaraq Ermənistan Türkiyə və Azərbaycanla qonşudur, eyni zamanda kiçik bir dövlətdir, ordusu, iqtisadiyyatı zəifdir, imkanları məhduddur. Sadəcə diasporaya və xarici dövlətlərə güvənərək bölgədə yaşamaq olmaz, bunun üçün öz daxili, iqtisadi siyasətin olmalıdır. Amma gördüyümüz kimi, Ermənistan bütün məsələlərdə ancaq xaricə bağlıdır. Kənardan sərmayə gəlmədikdə ciddi şəkildə sıxıntı yaşayır. Bugünkü geosiyasi problemlər qarşısında Ermənistanın vəziyyəti getdikcə ağırlaşa bilər. Ermənistanın Türkiyəyə qarşı təxribat törətməyə gücü çatmaz. Etdiyi hərəkətlər yalnız ikili münasibətlərə zərər vurur”.

Toğrul İsmayıl qeyd edib ki, Türkiyə-Ermənistan münasibətləri əvvəl-axır normallaşacaq:

“Buna ilk növbədə Ermənistanın ehtiyacı var. Həm iqtisadi baxımdan, həm də qonşuluqda böyük güc olaraq Türkiyə hər zaman Ermənistan üzərində istəsə də, istəməsə də öz ağırlığını qoyacaq. Bunu erməni tərəfi yaxşı bilir.

Ermənistan Azərbaycanla da sülh müqaviləsi məsələsini uzadır. Bu da onun əleyhinədir. Türkiyə hər dəfə bildirir ki, Azərbaycanla münasibətlər düzəlməsə, Türkiyə ilə də əlaqələr düzəlməyəcək. Hesab edirəm ki, Ermənistan ağlını başına yığaraq hər iki ölkə ilə əlaqələri düzəltsə, yaxşı olar. Bu, ilk növbədə onun özü üçün vacibdir”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR