İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə seçki öncəsi sabitliyi pozmaq istəyənlər hərəkətə keçdi - yenə terrorçu qadın...

959 12.05.2023 11:50 Siyasət A A

Türkiyədə seçkilərə cəmi 2 gün qalır. Qardaş ölkə çox ciddi bir seçim qarşısındadır. Türkiyə ilə bağlı məkrli missiyaları, planları olan dövlətlərin, dairələrin seçki öncəsi ölkədə sabitliyi pozmaq, seçkilərə hər hansı bir şəkildə müdaxilə etmək planları da sirr deyil.

Gələn məlumatlar deməyə əsas verir ki, “qara qüvvələr” artıq hərəkətə keçiblər. Belə ki, 10 mayda İstanbul hava limanında terrorçu qadın saxlanılıb. Əvvəl N.G. (şərti ad) adlı qadın şübhəli qismində saxlanılıb. Ondan şəxsiyyət vəsiqəsi tələb edilən zaman sənədinin saxta olduğu ortaya çıxıb. Bundan sonra N.G-nin terror qruplaşmalarından birinə üzv olduğu məlum olub. Qadın polis əməkdaşları tərəfindən tutularaq həbs edilib.

Nəzərə çatdıraq ki, 2022-ci ilin noyabrında Türkiyənin İstiqlal küçəsində terror aktı törədən qadın terrorçu olmuşdu.

Suriya vətəndaşı olan qadının adı Əlham Əlbəşir PKK, PYD və YPG terror təşkilatı tərəfindən xüsusi təyinatlı kəşfiyyatçı kimi təhsil alıb. Belə görünür ki, Türkiyə ilə bağlı belə təhdidlər yenə eyni üsulla və eyni dairədən edilir.

Bu arada Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bir növ mesaj kimi görünən mühüm açıqlamalar verib.

O, Rusiya, Türkiyə, Suriya və İranın XİN başçılarının Moskva görüşü zamanı çıxışında “Ümid edirəm ki, Türkiyədəki seçkilərə xarici müdaxilə olmaz”, - deyə bildirib...

Türkiyə seçki öncəsi və ya seçki günü hər hansı terror və təxribatlarla üzləşə bilərmi? Bu məkrli planlar konkret hansı ünvanların marağındadır?

AMİP-in qurultayı onlayn keçirilə bilər - Əli Orucov

Əli Orucov: “Təkcə PKK-PYD və YPG terrorçularından istifadə edilməyə bilər”

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov belə təxribatların gözlənilən olduğunu qeyd etdi: “Seçkiöncəsi "qara qüvvələrin" Türkiyədə terror və təxribatlar törədəcəyi, eləcə də digər təzyiq və qorxu vasitələrinə əl atacağı gözlənilən idi. Səsvermə günü yaxınlaşdıqca bu qüvvələrin aktivliyi də artıb. Məqsəd də ondan ibarətdir ki, seçki prosesi pozulsun, xaotik bir vəziyyət yaransın və Ərdoğan iqtidarına inam, güvən sarsılsın. Belə durum isə xaricdən fəal dəstək alan müxalifətə yeni mövzu və əks təbliğat üçün arqumentlər verir. Heç kəsə sirr deyil ki, Türkiyənin beynəlxalq və regional nüfuzunun artması, dünya siyasətinin müəyyənləşməsində artan rolu və müstəqil siyasət yürütməsi ABŞ başda olmaqla, Qərbi qane etmir. Hətta deyərdim ki, qıcıqlandırır. Odur ki, xarici qüvvələr çalışırlar ki, Türkiyənin günü-gündən artan beynəlxalq nüfuzuna zərbə vursunlar və əvvəlki sözəbaxan Türkiyəyə qaytarsınlar. Bunun üçün də hər cür təxribatlara əl atırlar. Əsas hədəf isə Türkiyəni indiki güclü hala gətirən Ərdoğanın növbəti dövr üçün prezidentlik postundan seçilməsinin qarşısını almaq və üzüyola Kılıçdaroğlunu hakimiyyətə gətirməkdir. Bunu isə mümkünsüz hesab edirəm. Əvvəla, Türkiyə cəmiyyətində Ərdoğan hələ ki öz populyarlığını saxlayır, ikincisi isə türk xalqı güclü iradəyə sahibdir. Düzgün seçim etməyi bacarır. Təkcə PKK-PYD və YPG terrorçularından istifadə edilməyə bilər. Məncə, çirkin və məkrli planlar daha genişdir. Süni qarşıdurmalara və daxildə təhrikedici hərəkətlərə də əl atıla bilər. Seçki kampaniyası zamanı namizədlərin mitinqlərində yaşananlar bu təhlükələrin ola biləcəyinə bir işarədir. Lavrovun dediklərini də qəribçiliyə sala bilmərik. Rusiyanın XİN başçısı elə-belə söz deməz. Deməli, seçki günü seçki prosesinə xarici qüvvələrin müdaxiləsi barədə tutarlı məlumatlara sahibdir. Onsuz da bizim müşahidələrimiz onu deməyə əsas verir ki, bu müdaxilələr artıq var. Qərb ölkələrində, xüsusən də Almaniyada Yaşıllar Partiyası belə müdaxiləni etməkdən çəkinmir. Türkiyədə keçirilən prezident və ya parlament seçkilərinə indiyədək  istər daxildə, istərsə də beynəlxalq miqyasda bu qədər önəm daşımamış və diqqət çəkməmişdi. Odur ki, seçki marafonu yaxınlaşdıqca müxtəlif aktların və hadisələrin intervalı da sürətlənə bilər. Məncə, Türkiyə bütün bunların hesabını və tədbirini görməmiş olmaz. Ümid edək ki, 14 may Türkiyəmizə və beynəlxalq aləmə tərəqqi inkişaf gətirəcək və demokratiya öz töhfəsini verəcək".

Rusiyanın aksiyaçılara qarşı təxribat törətməsi ehtimalı daha  böyükdür”-Maraqlı AÇIQLAMA - Editor.az

Kamran Məmmədli: “Ciddi seçki saxtakarlığı mümkünsüz görünür”

AĞ Partiya Mərkəzi Aparatının rəhbəri, siyasi şərhçi Kamran Məmmədli hər iki düşərgənin bir-birindən təxribat gözlədiyini düşünür: “Hər bir seçki dövründə terror təşkilatları və radikal qruplar, seçki prosesini təsir altına almaq və qarışıqlıq yaratmaq məqsədi ilə aktivləşə və yaxud aktivləşdirilə bilər. Xüsusən də bunun Türkiyə kimi terrorla uzun illər mücadilə edən ölkələrdə olma ehtimalı yüksəkdir. Son olaraq Türkiyənin daxili işlər naziri Süleyman Soylu Habertürk-ün canlı yayımında müxalifətin xarici ölkələrlə əməkdaşlıq etdiyini və seçkilərə kənardan müdaxilə edilmə ehtimalının yüksək olmasından danışıb. Eyni zamanda müxalifət lideri Kamal Kılıçdaroğlu da seçicilərini seçki günü hər hansı bir təxribata qarşı diqqətli olmağa və hətta qələbə qazandıqları təqdirdə belə küçələrə çıxmamaları barədə çağırış edib. Görünən odur ki, hər iki tərəf təxribatı bir-birindən gözləyir, iqtidar müxalifətdən, müxalifət də iqtidardan...

Ancaq hər bir halda Türkiyə kimi güclü seçki praktikası olan bir ölkədə, YSK-larda həm iqtidarın, həm də müxalifətin çoxlu sayda təmsilçiləri olduğu halda ciddi seçki saxtakarlığı demək olar ki, mümkünsüz görünür. Cüzi narazılıq, müəyyən dairələrdə gərginliyin olması isə təbiidir və fikrimcə, bu, ümumi nəticəyə təsir etməyəcək.

Bu səbəbdən hər hansı bir təxribat hətta olsa belə bunun işə yaramayacağını düşünürəm. Türkiyə xalqı öz seçimini və öz prezidentini 14 mayda və yaxud da 28 mayda, yəni baş tutarsa, seçkilərin ikinci turunda müəyyən edəcək".

Elxan Şahinoğlu: "Laçında sərhəd məntəqəsinin yaradılması tarixi hadisədir"

Elxan Şahinoğlu: “Xarici mərkəzlərin terror vasitəsilə Türkiyədə qarışıqlıq yaratmaq istəkləri istisna deyil”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu terror aktlarının ola biləcəyini istisna etmir: “Türkiyənin bölgədə artan gücünü qəbul etməyən dövlət və terrorçu qruplar seçki günü müəyyən təxribatlar həyata keçirə bilərlər. PKK və FETÖ xarici kəşfiyyat qurumlarının əlində alətdir. Hər iki terrorçu təşkilat Türkiyəni parçalamaq və xarici mərkəzlərin nəzarətində idarə olunan dövlət halına gətirilməsini istəyirlər. Türkiyə ordusu, polisi və istihbarat təşkilatı illərdir hər iki təşkilatla mübarizə aparırlar. Bu terrorçu qruplar zəifləsələr də, güclərini tam itirməyiblər, seçkidən istifadə edib Türkiyədə qarışıqlıq yaratmağa çalışa bilərlər. Fikrimcə, Türkiyənin dövlət strukturları bu halların qarşısını almaq iqtidarındadır. Buna baxmayaraq, xarici mərkəzlərin terror vasitəsilə Türkiyədə qarışıqlıq yaratmaq istəkləri istisna deyil”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR