İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə və Azərbaycan üçün kritik 15 gün - Bakının Kılıçdaroğlu problemi varmı?  

1475 29.04.2023 11:38 Siyasət A A

Türkiyədə prezident və parlament seçkilərinə 15 gün qaldı. Seçkilərin, xüsusən də prezident seçkisinin nəticəsi təkcə qardaş ölkə üçün deyil, bütövlükdə region və hətta dünya düzəni üçün mühüm önəm daşıyır. Təbii ki, Azərbaycan üçün də 15 maydan sonra Türkiyənin sükanı arxasında kimin duracağı az önəm kəsb etmir - bəlli səbəblərdən.

Bu arada ABŞ-ın “The Cradle.co” saytında yayılan məqalədə bildirilir ki, may seçkilərindən sonra Bakı ya rahat nəfəs alacaq, ya da gərginliyi xeyli azaltmaq məcburiyyətində qalacaq.

Məqaləni paylaşan jurnalist Elbəyi Həsənli vurğulayıb ki, nəşr aşağıdakılara eyham edib: “Tayyib Ərdoğan seçilsə, Azərbaycan milli maraqlarını daha təkidlə qoruyacaq, Kamal Kılıçdaroğlu prezident seçilsə, Azərbaycan öz milli maraqlarından geri çəkilmək zorunda qalacaq”.

Bu məqama sayt məqalənin başqa bir hissəsində də toxunub: “Azərbaycan Türkiyədə qarşıdan gələn seçkiləri böyük narahatlıqla izləyir. Ərdoğanın qələbəsi Bakının sərt regional siyasətinin davamlılığı deməkdir, lakin müxalifətin qələbəsi onun son qazanclarını sarsıda bilər”.

Həmçinin bildirilir ki, 2021-ci ilin aprelində Türkiyə parlamentinin İnsan Haqları Komitəsi Qarabağ münaqişəsi ilə bağlı hesabat yayaraq, münaqişəyə görə yalnız Ermənistanın məsuliyyət daşıdığını qeyd edib və Ermənistanı “müharibə cinayətləri” iddiasına görə Beynəlxalq Cinayət Məhkəməsində (ICC) mühakimə etməyə çağırıb. “Amma CHP və HDP kimi əsas müxalifət partiyaları parlamentin hesabatını qərəzli adlandırıb və bu hesabata qarşı çıxıb. Kamal Kılıçdaroğlu prezident seçilsə, CHP və HDP Azərbaycanın əleyhinə daha sərt mövqe sərgiləcəyək”, - deyə yazıda vurğulanır.

Prof. Dr. Mustafa Ilıcalı kimdir? Mesleği nedir, ne iş yapar, kitapları ve  nerelidir? İşte, ayrıntılı kariyer ve biyografisi... - nKariyer

Mustafa İlıcalı: “Ərdoğanın olmayacağını bilə-bilə Sivasda görüşümüzə 70 min insan gəldi”

Bəs bu mülahizələr nə dərəcədə əsaslıdır? Bakının Kılıçdaroğlu problemi varmı? Daha bir detal: Ərdoğanın xəstələnməsinin onun qələbə şansına təsiri mümkünmü?

Türkiyənin Ərzurum şəhərindən olan sabiq deputat, professor Mustafa İlıcalı ümidlidir. O hesab edir ki, deyilənlərin tam əksi olacaq: “İki gün öncə Sivasda idik. Xalq sayın Ərdoğanın özünün ola bilməyəcəyini bilə-bilə meydana toplaşmışdı, onun səhhətindən çox narahat idilər. Sayın cümhurbaşqanının səhhəti çox yaxşıdır. Heç bir problem yoxdur. Onun köməkçisi Fuad bəydən Sivas xalqı Ərdoğanın səhhətini narahatçılıqla soruşurdu. Xalqımızın duası Ərdoğanladır. Onun gücünə xalqımızın dəstəyi güc qatır. İnşallah, 14 mayda biz qalib gələcəyik. 

Ərdoğanın qarşısındakılar ancaq ona söz atmaqla məşğuldur. Türkiyə rəhbəri hər gün bir əsər yaratmaqla məşğuldur, yəni önəmli açılışlara imza atır. Vətəndaşın xeyrinə qərarlar verilir. Onun rəqiblərinin heç bir təcrübələri yoxdur. Sadəcə, böhtan yağdırmaqla məşğuldurlar. Onlar ölkə idarə edəcəklər? İşləri-gücləri ancaq vəzifə bölməkdir. Xalq isə bütün bunları çox yaxşı görür. Əvvəldə dedim, Ərdoğanın olmayacağını bilə-bilə Sivasda görüşümüzə 70 min insan gəldi. Sonunda biz qazanacağıq, Azərbaycanımız üçün, həm də eyni zamanda, dünya üçün. Bizim hər şeydən xəbərimiz var. Azərbaycandan Ərdoğana çox böyük dəstək var. Onun səhhəti qardaşlarımızı çox narahat edir. Biz onlara çox təşəkkür edirik. İnşallah, 14 may seçkilərini həm də azəri qardaşlarımızla birlikdə qeyd edəcəyik".  

Əhəd Məmmədli: “Rusiya bataqlığa tam batsa, bu ehtimal yaranar”

Əhəd Məmmədli: “Türkiyədəki seçkilər Azərbaycan, hətta bütün Türk-İslam dünyası üçün ölüm-yaşam məsələsidir”

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli də Türkiyədən olan sabiq deputat kimi düşünür: “Yeni tarixə baxsaq görərik ki, qardaş ölkə Türkiyədə CHP və ya bu təfəkkür iqtidarda olan zaman Azərbaycan bundan ancaq uduzub. Ötən əsrin birinci və ikinci yarısına baxsaq, yuxarıda qeyd etdiklərim öz təsdiqini tapır. Azərbaycan həmişə Türkiyədən qeyd- şərtsiz dəstəyi Türk-İslam yönümlü iqtidarkılardan alıb. Ötən əsrin əvvəli də belə olub, bu əsərin əvvəli də. Yüz il bundan əvvəl Ənvər Paşanın gənc-türklər, yüz il sonra da Tayyib Ərdoğanın ”Cumhur İttifaqı" iqtidarı Azərbaycanın yanında oldular. Təəssüf ki, CHP və kamalist iqtidarlar haqqında bunu söyləyə bilmirik. Bundan irəli gələrək söyləyə bilərik ki, Türkiyədəki seçkilər tək qardaş ölkə üçün deyil, həm də Azərbaycan, hətta bütün Türk-İslam dünyası üçün ölüm-yaşam məsələsidir. Türkiyə son İslam Xilafətinin son varisi və müsəlman dünyasının ən güclü ölkəsi, ümididir. Qardaş dövlət dünya derjavası olan yeganə müsəlman ölkəsidir. Onu indiki səviyyəsinə çatdıran dünya lideri Rəcəb Tayyib Ərdoğandır. Onsuz Türkiyə yenidən ABŞ-ın nəzarətinə keçəcək və mövcud olduğu yerlərdən geri çəkiləcək, o cümlədən, Qafqazdan. Ona görə də Azərbaycan üçün də Türkiyənin Ərdoğanla davam etməsi hava-su kimi vacibdir. Azərbaycanla bağlı bu nüansı Qərb mətbuatının da təsdiqləməsi bizim nə qədər haqlı olduğumuzun göstəricisidir".

QMİ internet televiziya açdı

Kənan Rövşənoğlu: “Qardaşlığı bir liderin iradəsinə bağlamaq məntiqsizdir”

Tanınmış siyasi yazar Kənan Rövşənoğlu tamamilə fərqli düşünür O, Kılıçdaroğluna qarşı olan bu cür ittihamları doğru saymır: “Maraqlıdır ki, Türkiyədə seçki yaxınlaşdıqca bu cür yazıların sayı artır. Əlbəttə, Rəcəb Tayyib Ərdoğanın Azərbaycan-Türkiyə münasibətlərindəki xidmətləri danılmazdır, bu artıq tarixə yazılıb. Amma bu o demək deyil ki, bizim ölkələrimiz arasında münasibət prezidentin və ya prezidentlərin münasibətindən asılıdır. Bu çox yanlış və xətalı düşüncədir. Əgər biz deyiriksə və qəbul ediriksə ki, Azərbaycan-Türkiyə münasibətləri müttəfiqlikdən də o tərəfə qardaşlıq münasibətləridir, o zaman qardaşlığı bir liderin iradəsinə bağlamaq məntiqsizdir. Sadəcə dediyim kimi, Ərdoğan bu münasibətlərdə xüsusi rolu və xidmətləri olmuş liderdir. Lakin bu heç də o demək deyil ki, Ərdoğan olmasa münasibətlərimiz pisləşəcək. Bütün siyasi liderlər gedicidir, Türkiyə demokratik ölkədir, hakimiyyət dəyişikliyi təcrübəsinə malikdir. Bir gün Ərdoğan da gedəcək. Bu seçkidə və ya bir sonrakı seçkidə. Azərbaycan-Türkiyə əlaqələri isə qalacaq. 

O ki qaldı Kamal Kılıçdaroğlunun seçiləcəyi təqdirdə ölkələrimz arasında münasibətlərin zəifləyəcəyi iddiasına, bunun heç bir tutarlı səbəbi və ya izahı yoxdur. CHP-nin AKP-nin hansısa layihəsinə etiraz etməsi və ya qəbul etməməsi Azərbaycana münasibət demək deyil. Kamal Kılıçdaroğlu hər zaman Azərbaycana xüsusi münasibət bəsləyən, qardaşlıq əlaqələrinə önəm verən siyasətçi olub. 2020-ci il Tovuz hadisələri, 44 günlük müharibə zamanı rəsmi olaraq dəfələrlə Azərbaycanı dəstəklədiyini, Azərbaycanın yanında olduğunu, torpaqları azad etmək haqqının olduğu bildirib, Gəncə və Mingəçevirin raket atəşinə tutulmasını pisləyib. Qələbə günü və Şuşanın azad edilməsini təbrik edib. Yəni 44 günlük savaşda dəstək verib. Bu ilin 27 yanvarında Tehranda səfirliyimizə terror hücumu olanda bu hadisəni terror adlandırıb, qınayıb və Azərbaycanın yalnız olmadığını deyərək açıq dəstəyini bildirib. Bütün bunlar internet resurslarında var. Bundan başqa Kamal Kılıçdaroğlunun müavinləri Mansur Yavaş və Əkrəm İmamoğlunun Azərbaycan münasibətini də bilirik, eyni zamanda koalisiyanın əsas ortağı olan Maral Akşənərin də ölkəmizə ümnasibətini yaxşı bilirik. Yəni bu iddia və ehtimalların ciddi əsası yoxdur. 

HDP-yə gəlincə, birincisi, bu partiya rəsmi olaraq CHP-nin müttəfiqi deyil. Hakimiyyətə qarşı mübarizədə CHP-nin namizədini dəstəkləməsi hələ müttəfiqlik demək deyil. 6-lı masadakı partiyalar və onların rəhbərliyi məlumdur. Əlbəttə, nəyin necə olacağını zaman göstərəcək. Lakin düşünürəm ki, bu cür təbliğatların heç bir anlamı yoxdur. Çünki birincisi, Türkiyədəki seçkilərin taleyini Türkiyə vətəndaşları həll edir. İkincisi də iki ölkənin qardaşlıq münasibətlərini bir nəfərin üzərində qurmaq bu münasibətlərin özünə kölgə salmağa xidmət edir nəticə etibarı ilə..."

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR