İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Ukrayna taxılını dünya bazarına çıxara biləcəkmi - təhlil

805 07.06.2022 08:10 İqtisadiyyat A A

Politoloq: “Bu, yeganə məsələ ola bilər ki, Kiyevlə Moskva arasında razılaşma mümkün olsun”

Ukraynanın taxıl məhsullarının dünya bazarına çatdırılması məsələsi beynəlxalq gündəmin əsas mövzularından biri olaraq qalır. Bugünlərdə BMT baş katibi Antonio Quterreş Belarus prezidenti Aleksandr Lukaşenko ilə danışarkən ikinci təklif etmişdi ki, Ukrayna taxılı Belarus üzərindən dünya bazarına çıxarıla bilər. Bunun üçün əsas şərt Qərbin Belarusa qarşı tətbiq etdiyi sanksiyaların aradan qaldırılmasıdır.  Ardınca Rusiya prezidenti Vladimir Putin də bildirib ki, Ukrayna taxılını sanksiyaları aradan qaldırmaqla Belarus ərazisindən ixrac edə bilərlər.

Putin həmçinin Rusiyanın hər hansı formada Ukrayna taxılının ixracına mane olmadığını, limanları minalamaqla bunu Ukraynanın özünün etdiyini bildirib. Onun sözlərinə görə, Ukrayna dünyada taxıl istehsalında çox cüzi paya malikdir. İndi onun mümkün ixrac imkanı 5 milyon ton buğda, bir qədər də digər taxıl məhsullarıdır və bu həcmlər qlobal bazar üçün ciddi təsirə malik deyil.

Ötən həftə Türkiyə Ukrayna taxılının Qara dəniz üzərindən boğazlardan keçməklə dünya bazarına çıxarılması prosesini başlatdı. Məqsəd BMT, Ukrayna, Rusiya və Türkiyənin birgə səyləri ilə qlobal bazara mümkün qədər çox ərzaq məhsulunun çıxarılmasını təmin etməkdir. Türkiyə rəsmilərinin verdyi məlumata əsasən iyunun 8-də Rusiya xarici işlər naziri Sergey Lavrovun Ankaraya rəsmi səfəri zamanı müvafiq memorandumun imzalanması sayəsində bu mümkün ola bilər.  Türkiyə tərəfi İstanbulda BMT, Ukrayna, Rusiya və Türkiyənin iştirakı ilə xüsusi taxıl mərkəzinin yaradılmasını təklif edir.

Sergey Lavrov'a hava sahası engeli - Son Dakika Haberleri

Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən bildirib ki, Moskva və Ankara dünyada ərzaq təhlükəsizliyi sahəsində yaranmış problemin həllində maraqlıdır: “Bizim prezidentlər - Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan mövqelərin fərqli olduğu məsələlər üzrə qarşıdurmaya getməkdənsə, öz yanaşmalarını dəqiq qeyd etməklə bir-birinin mövqeyinə hörmətlə yanaşır, Ankara Moskvanın, Moskva isə Ankaranın narahatlıqlarını nəzərə alır.   Bu yaxınlarda Qərbin son iki ildə yaratdığı və ağılsız sanksiyalar üzündən kəskinləşən ərzaq təhlükəsizliyi probleminə həsr olunmuş telefon danışığı da keçirilib Bizim Türkiyə ilə birlikdə bu problemləri həll etmək marağımız var”.

Türkiyəyə səfəri zamanı Ukrayna taxılının ixracı məsələsinin danışıqlar mövzusu olacağını xatırladan Rusiya XİN başçısı bildirib ki, Moskva və Ankara dünyada yaranan ərzaq problemlərinin həllində maraqlıdır: “Ümid edirəm ki, Rusiya və Türkiyə Ukrayna taxılının ixracı variantlarını işləyib hazırlaya biləcəklər. Bu məsələyə prezidentlər nöqtə qoyacaqlar”.

Lakin Lavrov yaxınlarda Putinin təklif etdiyi həll yolunu xatırladaraq, Rusiyanın mövqeyinin dəyişmədiyini vurğulayıb: “Prezident bu günlərdəki müsahibəsində Ukraynanın nəzarətində olan Qara dəniz və artıq Rusiya Federasiyası tərəfindən nəzarət olunan Azov limanlarından ərzaq ixracının təmin olunması yollarını dəqiq göstərib”.

Rusiya XİN başçısı BMT Təhlükəsizlik Şurasında Ukraynadan taxılın limanlardan ixracına dair qətnamə qəbul edilməsi cəhdlərini “oyun” adlandırıb: “Vəziyyəti guya Rusiyanın Ukraynadan ərzaq ixracını qəsdən bloklaması kimi qələmə vermək, BMT qətnaməsi qəbul etmək - bunların hamısı oyundur. Ukraynadan taxıl ixracında maraqlı olan hər kəs bilir ki, bunun üçün sadəcə, Zelenskiya limanların minalardan təmizlənməsi və Rusiyanı ittiham etməyi dayandırması əmrini vermək yetərlidir”.

Lavrovun sözlərinə görə, əgər Ankara Ukrayna taxılının ixracı üçün limanlardakı suların təmizlənməsinə kömək etməyə hazırdırsa, o zaman Rusiya və Türkiyə hərbçiləri bunu ən yaxşı necə edə biləcəkləri ilə bağlı razılığa gələ biləcəklər: “Türkiyəli həmkarlarımız minatəmizləmə işində kömək etməyə hazır olduqlarını bildirdilər. Düşünürəm ki, hərbçilərimiz bunu ən yaxşı şəkildə necə təşkil etmək barədə razılığa gələcəklər ki, daha sonra təmizlənməli olan minalanmış sahələr vasitəsilə gəmilər açıq dənizə çıxsın. Bundan sonra biz özümüz və ya türk həmkarlarımızla birgə onları boğazlara və sonra Aralıq dənizinə çatdırmağa zəmanət veririk”.

ABŞ-ın Prezident Administrasiyasından ərzaq ixracı üçün Rusiya və ya Belarusa qarşı sanksiyaların yumşaldılması məsələsinin müzakirə belə olunmadığını bildiriblər. “Politico” nəşrinin yüksək vəzifəli məmurlara istinadən yazdığına görə, ABŞ Türkiyənin Rusiya və BMT ilə apardığı danışıqları diqqətlə izləyir. Lakin taxıl əvəzində sanksiyaların aradan qaldırılması variantını qəbuledilməz hesab edir.

BMT rəsmiləri isə Rusiyanın taxıl ixracı əvəzinə sanksiyaların qaldırılması şərtinin “kövrək” danışıqlara təhlükə yaratdığını bildiriblər.

Zelenski ilə Conson arasında telefon danışığı oldu

Ukraynadan taxılın ixracı məsələsi dünən Ukrayna prezdenti Volodimir Zelenski və Britaniya baş naziri Boris Conson arasında baş tutan telefon danışığında da müzakirə edilib. Ukrayna prezidentinin “Twitter”də yazdığına görə, telefon danışığı zamanı tərəflər Ukrayna cəbhəsindəki vəziyyəti müzakirə ediblər: “Britaniya baş naziri Ukrayna üçün yeni gücləndirilmiş müdafiə dəstəyi paketinin təsdiqini verdi. Biz təhlükəsizlik təminatları üzrə işlərin intensivləşdirilməsi məsələsini müzakirə etdik. Britaniya ilə birlikdə ərzaq böhranının qarşısının alınması və limanların blokadadan çıxarılması yollarını müzakirə etdik”.

Rusiyanın dünyanı aclıqla hədələyərək, Ukraynada yığılıb qalan taxılın kasıb ölkələrə çatdırılması üçün özünə qarşı sanksiyaların aradan qaldırılması şərtini qoyması beynəlxalq aləmdə ciddi narahatlıqlara səbəb olmaqdadır. İtaliyanın XİN başçısı bugünlərdə bildirib ki, Ukraynadan taxıl ixrac edilməsə, Afrikada yeni müharibələr olacaq.

Belə bir həssas məqamda Türkiyənin təşəbbüsü ələ alaraq tərəfləri razı salacaq mexanizm təklif etməsi diqqəti cəlb edir. Qərb Türkiyəyə belə bir avantaj tanıyacaqmı? Bu planın reallaşmasına razı olacaqmı? Zatən Ukrayna savaşında Türkiyənin mövqeyi güclənib. Savaşın ilk vaxtlarından başlayaraq Ankara Ukrayna və Rusiya arasında sülh prosesinin başlanması üçün bir neçə dəfə real addımlar atıb. İki ölkənin xarici işlər nazirlərinin Türkiyədə görüşü təşkil edilib. Hazırda Türkiyə qlobal ərzaq çatışmazlığı probleminin qarşısını almaq üçün tərəflərin hər ikisi ilə eyni rahatlıqla danışıqlar aparmaq imkanında olan tək ölkədir. Bundan əlavə, Qara dənizdə hərbi gəmilərin fəaliyyətində də Türkiyənin əlahiddə səlahiyyətləri var.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

Politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirir ki, Rusiya ərzaq təhlükəsizliyi məsələsində rmövqeyini gücləndirmək və bundan təzyiq vasitəsi kimi istifadə etməyə çalışır: “Rusiya prezidenti Vladimir Putin son müsahibələrinin birində iddia edib ki, guya o, Ukrayna taxılının dünya bazarlarına daşınmasına mane olmur. Halbuki taxılı ixrac etmək üçün Ukraynanın dəniz limanlarından çıxış mümkün deyil. Rusiyanın hərbi gəmiləri Ukrayna limanlarını yaxın məsafədən nəzarətdə saxlayırlar. Bu limanlardan gəmilər çıxarsa, Rusiyanın hərbi gəmiləri tərəfindən saxlanılacaq.

Vladimir Putin Ukrayna dəniz limanlarının mühasirəsindən imtina etmək əvəzinə təklif edib ki, Ukrayna öz taxılını Belarus üzərindən ixrac etsin. Putinin ikinci təklifi isə odur ki, Ukrayna öz limanlarına yaxın əraziləri dəniz minalarından təmizləsin. Kiyev çətin ki, buna razılaşsın. Kremlə etibar yoxdur, dəniz limanlarının ətrafı minalardan təmizlənsə, Rusiyanın hərbi gəmiləri Ukraynanın liman şəhərlərinə, o cümlədən Odessaya hücuma keçə bilər".

Politoloq xatırladır ki, Ankara bu məsələnin həllində də vasitəçiliyini təklif edib: “Türkiyənin Rusiya, Ukrayna və BMT rəsmiləri ilə apardığı danışıqlar nəticəsində ”taxıl dəhlizi"nin işə salınması ilə bağlı yol xəritəsi hazırlanıb. Tərəflər yol xəritəsinin detallarını müzakirə etmək üçün İstanbulda toplaşacaqlar. İstanbulda koordinasiya mərkəzi yaradılacaq. Məqsəd Ukraynanın ixrac üçün nəzərdə tutulan 20 milyon ton taxılının dünya bazarlarına çatdırılmasıdır.

Bu arada, beynəlxalq təşkilatlar Dehliyə müraciət edərək Hindistanın da taxıl ixracatına başlamasını xahiş ediblər. Misir Hindistana müraciət edərək bu ölkədən 500 min ton taxılın idxalına çalışır. Misir taxıl əvəzinə Hindistana sənaye məhsulları göndərməyə hazırdır. Misir dünyanın ən böyük taxıl alıcılarındandır. Misir hər il müxtəlif ölkələrdən 11-13 milyon ton taxıl idxal edir. Əsas satıcılar Rusiya, Ukrayna və Hindistandır. Birinci ikisi ilə problemlər olduğundan Misir Hindistandan daha çox taxıl almağa ümidlidir. Dehli taxıl ixracı ilə bağlı hələ qərar verməyib. Hindistan hökuməti taxıl ixracına qadağaları quraqlıqla əlaqələndirib. Dehli 1 milyard 300 milyonluq əhalisini taxılla təmin etmək üçün birinci növbədə yerli ehtiyacları ödəməlidir. Halbuki Hindistan bu il üçün ən azı 23 ölkəyə taxıl ixracı planlaşdırırdı. İndi Rusiya yaranmış vəziyyətdən Qərbin özünə qarşı sanksiyalarında yumşalmaya nail olmaq üçün istifadə etməyə çalışır".

E.Şahinoğlunun fikrincə, Türkiyənin Ukraynadan taxıl ixracının təşkili ilə bağlı təşəbbüsünün reallaşması mümkündür: “Mümkündür. Çünki bunda həm Rusiya, həm də Ukrayna maraqlıdır. Bu, yeganə məsələ ola bilər ki, Kiyevlə Moskva arasında razılaşma mümkün olsun”.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR