İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə seçkilərində kritik gün - Sinan Oğan Ərdoğanı dəstəklədi

758 23.05.2023 12:53 Siyasət A A

Türkiyədə prezident seçkilərinin ikinci turuna sayılı günlər qaldı. Əksər siyasi təhlilçilərə görə, möcüzə və “fors-major” olaylar baş verməsə, indiki prezident Rəcəb Tayyib Ərdoğan öz postunu qoruyub saxlaya biləcək. 

Qeyd edək ki, “ATA İttifaqı”nın prezidentliyə namizədi Sinan Oğan həm “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, həm də Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu ilə keçirilən görüşlərdən sonra hələ qərar verməmişdi. Oğan türkiyəli jurnalist Fateh Altaylıya yekun qərarını bazar ertəsi - mayın 22-də elan edəcəklərini söyləmişdi.

Bu arada bildirək ki, dünən dağılmış “ATA İttifaqı”ndakı Zəfər Partiyasının sədri Ümit Özdağ hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Numan Kurtulmuşla görüşüb.

Görüş bitəndən sonra Özdağ bildirib ki, görüş çox faydalı keçib: “Dostlarımızla görüşün nəticələrini analiz edəcəyik”.

Kurtulmuş isə Özağla ölkənin problemlərini müzakirə etdiklərini söyləyib: “Ümid edirik ki, prezident seçkilərinin 2-ci turunda Zəfər Partiyası Ərdoğanı dəstəkləyəcək”.

Qeyd edək ki, “ATA İttifaqı” dağıldıqdan sonra ittifaqa daxil olan Ədalət Partiyası ittifaqı tərk edib və "Millət" İttifaqının namizədi Kamal Kılıçdaroğluna dəstəyini elan edib. O, üstüörtülü şəkildə ittifaqdakı digər qüvvələri müxalifət əleyhinə addımlarda ittiham edib.

Bəzi kulis məlumatlarına görə, Özdağ və Oğan əvvəlcədən razılaşdırılmış şəkildə fərqli namizədləri dəstəkləyəcəklər ki, kim qalib gəlsə, hakimiyyətdən pay ala bilsinlər. Belə ki, Özdağın Kılıçdaroğlunu, Oğanın isə Ərdoğanı dəstəkləməsi ehtimal olunur.

Qəzet çapa gedərkən Kılıçdaroğlu ilə Özdağ arasında görüşün keçiriləcəyi barədə xəbərlər yayılmışdı.

Qeyd edək ki, bundan əvvəl də Kılıçdaroğlu-Özdağ görüşü baş tutmuşdu və Özdağ nəticələrin səlahiyyətli orqanlarla dəyərləndiriləcəyini bəyan etmişdi.

Məlumat üçün bildirək ki, dünən axşam saatlarında Sinan Oğan ikinci turla bağlı qərarını açıqlayıb. Bu barədə o, mətbuat konfransında məlumat verib. Deyib ki, ikinci turda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcək. Sinan Oğan Türk Dövlətləri Təşkilatının gücləndirilməli olduğunu deyib...

Bəhruz Məhərrəmov: İran terror dövlətidir

Bəhruz Məhərrəmov: “Kılıçdaroğlunun quracağı hökumət öncədən dağılmağa məhkumdur və...”

Deputat Bəhruz Məhərrəmov müxalif namizədin hökumət qurmaq imkanlarının olmadığını söylədi: “Türkiyədə 28 may seçkiləri bütünlüklə bölgə üçün mühüm əhəmiyyət daşısa da, 14 may parlament və prezident seçkiləri öncəsindəki kritik situasiya mövcud deyil. İlk olaraq ona görə ki, cənab Rəcəb Tayyib Ərdoğan parlament seçkilərində əzici üstünlüklə qalib gəldi, prezident seçkilərində isə əsas rəqibini 3 milyona yaxın səslə üstələdi. Bu mənada böyük vədlərlə meydana çıxan və daha çox Qərbin iradəsini ifadə edən Millət İttifaqı faktiki olaraq seçkiyə yıpranmış şəkildə, ruh düşkünlüyü ilə daxil olur.

Digər tərəfdən, sirr deyil ki, Türkiyə prezident respublikası olsa da, parlament ənənələri və hakimiyyət iyerarxiyasında qanunverici orqanın rolu çox güclüdür.  Parlament isə artıq milli iradənin - “Cümhur” İttifaqının, yəni Ərdoğanın nəzarətindədir. Belə olan halda Kılıçdaroğlu hətta seçkilərdə qalib gəlsə belə davamlı və dayanıqlı fəaliyyət mümkün olmayacaq. Amma Millət İttifaqının tək problemi parlamentdə nəzarət imkanlarına malik olmamaları deyil. Məlumdur ki, "Millət" İttifaqının heyəti - 7-li masanı təşkil edən siyasətçilərin hər biri ayrılıqda siyasi hakimiyyətə iddialıdır və onları yalnız Ərdoğan şəxsiyyəti ilə mübarizə müvəqqəti birləşdirib. Yəni ilk imkanda Millət İttifaqı dağılmağa məhkumdur. Belə bir situasiyada Kılıçdaroğlu hakimiyyətə gələrsə, məhz müttəfiqlərinin siyasi iddiaları səbəbindən təkbaşına prezidentlik edə bilməyəcək və bu da ciddi hökumət böhranına səbəb olacaq. Yəni Kılıçdaroğlunun quracağı hökumət öncədən dağılmağa məhkumdur və əgər 28 may seçkilərində Kılıçdaroğlu və müttəfiqləri qalib gələrsə, yaşanacaq siyasi böhran ən qısa müddətdə növbədənkənar seçkiləri zərurətə çevirəcək. Bunu əslində özləri də anlayır və müxalif cəbhədə ruh düşkünlüyünün də kökündə əslində bu amil dayanır.

Bu mənada Ərdoğanın parlamentdə böyük gücə sahib olduğu və prezident seçkilərində də əsas favorit olduğu bir şəraitdə digər namizədlərin neytral qalıb-qalmaması, yaxud “Cümhur” İttifaqını dəstəkləyib dəstəkləməməsi Türkiyə üçün uzaq perspektivdə nəyisə dəyişməyəcək".

Elçin Mirzəbəyli: Azərbaycan-İtaliya münasibətləri bu gün də dinamik  şəkildə inkişaf etməkdədir - AZƏRTAC

Elçin Mirzəbəyli: “Bunlar Ərdoğanın qazanacağı səslərə təsir edəcək məsələlər deyil”

Politoloq Elçin Mirzəbəyli Sinan Oğanın seçim etməkdə yubandığını düşünür: “Sinan Oğan, əgər Türkiyə siyasətində mövqelərini möhkəmləndirmək və gələcəkdə milliyyətçi qüvvələrin liderlərindən birinə çevrilmək istəyirdisə, o zaman mövqeyini seçkilərin ilk turundan sonra açıqlamalıydı və seçimini də şəxsləri deyil, prinsipləri müdafiə etməsi ilə əsaslandırmalıydı. Sinan Oğan və onunla eyni ittifaqda birləşən partiyaların liderləri isə fərqli yol seçdilər və onların Rəcəb Tayyib Ərdoğan və Kamal Kılıçdaroğlu ilə görüşləri barədə məlumatlar, hətta reallığı əks etdirməsə də seçicidə müəyyən qədər "bazarlıq" təəssüratı formalaşdırdı. Sinan Oğan seçkinin ikinci turundan dərhal sonrakı açıqlamalarında Kamal Kılıçdaroğlunun namizədliyinin dəstəklənməsinə mane olan amil kimi HDP (PKK) və FETÖ ilə əməkdaşlığı, "Millət" İttifaqının konkret proqramının olmadığını göstərmişdi. Rəcəb Tayyib Ərdoğanın namizədliyinin müdafiəsinə mane olan faktor kimi isə əsasən HudaPar-la əməkdaşlığı və suriyalı qaçqınlarla bağlı məsələni gündəmə gətirmişdi. Kamal Kılıçdaroğlunun HDP və FETÖ ilə əməkdaşlığa son verməyəcəyi hər kəsə, o cümlədən Sinan Oğana da, düşünürəm ki, kifayət qədər bəlli idi. Çünki Kamal Kılıçdaroğlunun namizədliyinin xaricdən dəstəklənməsinin, həmçinin Qərbin siyasi marionetlərinin onun ətrafında cəmlənməsinin təməlində əsasən HDP və FETÖ amilləri dayanır. HDP və FETÖ-dən imtina etmək o deməkdir ki, Kamal Kılıçdaroğlu ikinci turda rüsvayçı bir fərqlə məğlubiyyətə uğrayır. CHP lideri isə indiki halda Sinan Oğanın ona veriləcəyi kifayət qədər şübhəli görünən və əsasən narazı milliyyətçilərin səslərinə görə HDP və FETÖ ilə əməkdaşlıqdan imtina etməz. “Cümhur” İttifaqının HudaPar-la əməkdaşlığına gəldikdə isə bu əməkdaşlığın Rəcəb Tayyib Ərdoğanın terrorla mübarizədə sərgilədiyi güzəştsiz mövqeyə zərrə qədər də olsa təsir göstərmək gücündə olmadığı gün kimi aydındır. Suriya qaçqınları ilə bağlı məsələyə gəldikdə isə, onların tədricən öz ölkələrinə köçürüləcəyi ilə bağlı məsələ zatən AKP-nin seçki platformasında yer alıb. Bu baxımdan da hakim partiyaya və onun namizədinə münasibətdə bu “tələblər”in irəli sürülməsi öncədən də ciddi təsir bağışlamırdı. Çünki bütün bunlar Rəcəb Tayyib Ərdoğanın qazanacağı səslərə təsir edəcək məsələlər deyil. Sinan Oğan mənsub olduğu ideoloji baxış bucağına uyğun bir davranış sərgiləməli, seçkilərdən dərhal sonra terrora qarşı mübarizəyə və Türkiyənin bütövlüyünə görə “Cümhur” İttifaqı ilə eyni baxışlara sahib olduğunu bəyan etməli idi. Bununla yanaşı da milli ideyaya bağlı insanların baxışlarını tam şəkildə ifadə edəcək insanların təşkilatlanması və vahid ideoloji çətir altında birləşmələri üçün müxalif mövqeyini davam etdirəcəyini bildirməli idi. Şübhəsiz ki, bu yanaşma da subyektiv xarakter daşıyır, amma qənaətimə görə, belə bir yanaşma Sinan Oğana gələcək seçkilərdə daha böyük uğur gətirə bilərdi. İndi isə onun nə deyəcəyinin siyasi kluarlarda və mediada müzakirə predmetinə çevrilməsindən başqa hər hansı bir effektinin olacağını düşünmürəm. İkinci turun nəticələrinə gəldikdə isə parlament seçkilərində qalib gələn hakim ittifaq prezident seçkilərində də uğur qazanacaq, hətta daha böyük bir fərqlə. Hətta birinci turda Kamal Kılıçdaroğlunu müdafiə edən şəxslərin müəyyən bir hissəsinin, o cümlədən CHP-çilərin Rəcəb Tayyib Ərdoğana səs verəcəyini düşünürəm. Bu həm də CHP-nin Kamal Kılıçdaroğludan qurtulması və Türkiyədə siyasi sabitliyin qorunması üçün vacib amildir və istisna etmirəm ki, gerçəkdən Atatürkçü olanlar Türkiyənin bütövlüyünü Kamal Kılıçdaroğlunun olmayan perspektivindən üstün tutacaqlar".

Elxan Şahinoğlu: "Laçında sərhəd məntəqəsinin yaradılması tarixi hadisədir"

Elxan Şahinoğlu: “Sinan Oğanın Ərdoğana dəstək bəyanatı...”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu müxalifətin ciddi səhvlər buraxdığını qeyd etdi: “Sinan Oğanın Ərdoğana dəstək bəyanatı onun ikinci turda şanslarını artıracaq. Onsuz da bu dəstək olmadan belə Ərdoğanın şansları yüksəkdir. İkinci turda Kamal Kılıçdaroğlu 2.5 milyon səs fərqini aradan qaldırmalıdır. Bu da olduqca çətin görünür. Oğan da Ərdoğana dəstək verir. Amma bu o demək deyil ki, Oğanın yığdığı bütün səslər Ərdoğana gedəcək. Bu səslərin yarısı, yaxud da cüzi hissəsi belə getsə, Ərdoğanın qələbəsi üçün kifayətdir. İlk turda 8 milyondan çox seçici seçkidə iştirak etməyib, Kamal Kılıçdaroğlunun əsas ümidləri bu seçicilərədir. Çalışır ki, onlar ikinci turda iştirak etsinlər. Amma bu o demək də deyil ki, həmin insanlar ikinci turda məntəqələrə gedib hamılıqla Kamal Kılıçdaroğluna səs verəcəklər. Bütün hallarda Ərdoğanın şanslarını yüksək qiymətləndirirəm. Üstəgəl, müxalifətin ciddi səhvləri oldu. Bu səhvlərdən elə ən böyüyü "altılı masa" idi ki, orada cırtdan partiyalar oldu ki, Kılıçdaroğluna heç bir fayda vermədən parlamentdə millət vəkili yerləri əldə etdilər. Bu da CHP tərəfdarlarında narazılıq yaratmaya bilməzdi. Təsəvvür edin ki, Əhməd Davudoğlunun heç bir nüfuzu olmaya-olmaya partiyası parlamentdə 11 millət vəkili yeri əldə etdi".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR