İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Mərkəzi Bankının qərarı lirəni daha da ucuzlaşdırdı: nə baş verir?

1631 24.06.2023 16:10 İqtisadiyyat A A

Türkiyədə qurulan yeni hökumət, Mərkəzi Bankın yeni rəhbərliyi iqtisadiyyatda yaranmış ciddi problemləri aradan qaldırmaq üçün addımlar atmağa başlayıb. İyunun 22-də Türkiyə Mərkəzi Bankı uçot dərəcəsinin kəskin artırılması barədə qərar qəbul edib. Qərarla əsas faiz dərəcəsi 8,5 faizdən 15 faizə yüksəldilib. Bununla da Türkiyədə son iki ildən çox müddətdə ilk dəfə uçot dərəcəsində artım edilib. Hazırda bu göstərici 2011-ci ildən bəri ən yüksək həddədir.

Maraqlıdır ki, ekspertlər Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini daha yüksək həddə  - 21 faizə qaldıracağını proqnozlaşdırmışdılar. Qurum özü uçot dərəcəsinin 15 faizədək artırılmasında məqsədin inflyasiyanın azaldılması və inflyasiya gözləntilərini sabitləşdirmək olduğunu açıqlayıb. Yayılan açıqlamada uçot dərəcəsinin tədricən yüksəldilməsi siyasətinin yürüdüləcəyi qeyd olunub.

Qeyd edək ki, Türkiyə Mərkəzi Bankının indiki rəhbəri Hafizə Ərkan Goldman Sachs Group Inc. və First Republic Bank kimi böyük maliyyə qurumlarında yüksək vəzifələr tutub. O, Türkiyə Mərkəzi Bankının ilk qadın rəhbəridir. Hafizə Ərkan vəzifəyə təyin olunanda ekspertlər bu addımı Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın uçot dərəcəsini aşağı salmaq siyasətindən uzaqlaşmasının əlaməti kimi qiymətləndirmişdilər. TMB-nin 22 iyun qərarı bu qiymətləndirmənin doğru olduğunu göstərdi.

Niyə atamın ölümünü sübut etməliyəm?! - Tanınmış ekspert

Samir Əliyev: “Bazarda inamsızlıq var”

Maraqlıdır ki, TMB-nin uçot dərəcəsini kəskin artırmaq qərarı bazarda hələlik əks-effekt yaradıb: Türkiyə lirəsinin dəyərsizləşməsi sürətlənib. İyunun 23-də 1 ABŞ dolları 25,4 lirəyə bərabər olub.

İqtisadçı-ekspert Samir Əliyevin fikrincə, bazar TMB-dən daha kəskin qərar gözləyirdi: “Bazar artımı çox gözləyirdi - 25-40 faiz arası. Amma Türkiyə Mərkəzi Bankı uçot dərəcələrini gözləntinin əksinə olaraq 15 faizə qaldırdı. Bundan sonra lirənin sürətlə dəyərsizləşməsi göstərir ki, bazar Mərkəzi Bankın müstəqilliyinə və artım qərarında ardıcıl olacağına inanmır. Elə ona görə artım əks-effekt verdi və bir gün ərzində lirə 3 faizə yaxın dəyər itirdi, ucuzlaşmaqda davam edir”.

İqtisadçı-ekspert Elman Sadıqovun fikrincə, TMB iyunun 22-dəki qərarla bazarda, iqtisadiyyatda nəbz yoxlaması edib: “Mən əvvəldən demişdim ki, Türkiyə Mərkəzi Bankı (TMB) faiz dərəcələrini 15-ə qədər artırıb nəbz yoxlayacaq. Əslində bu, heç proqnoz da deyildi. Türkiyə iqtisadiyyatının reallıq və gerçəkliklərini nəzərə alan monetar siyasətin getdiyi və getməli olduğu doğru yolda atılan məntiqli addımlardan biri idi. Faizlərin daha çox deyil, məhz cəmi 15 faizə qədər artırılmasının səbəbləri nədir?

Əvvəla, Türkiyənin maliyyə sistemini nisbətən dərindən öyrənmiş iqtisadçılar faizlərin birdən-birə 25-30, hətta bəzilərinin qeyd etdiyi 40 faizə qədər artırılmasının nə qədər riskli olduğunu gözəl bilirlər. İkincisi, hətta qeyd etdiyim kəskin artım riskli olmasaydı da bu şəkildə artım mümkün deyildi. Çünki bu şəkildə kəskin artım lirənin dəyər qazanmasına səbəb olardı ki, bu da ixrac və ixracatçılar üçün arzuolunan amil deyildir. Bundan bahalı lirə Türkiyənin ixracatı və nəticədə istehsalına, o cümlədən başlamaqda olan turizm mövsümündə xidmət sektoruna ciddi mənfi təsir göstərərdi. Bu səbəbdən faizlərin tədricən artırılması, hər artımda nəbz yoxlanılması, yaranacaq yeni vəziyyətə uyğun siyasətin formalaşması yolu tutulub ki, bu da monetar siyasət baxımından məntiqli və düzgün yoldur.

Zərgər dəqiqliyi tələb edən monetar siyasət hədəf müəyyən edərək hədəfə doğru gedən yolda həm data formalaşdırar, həm də formalaşan dataları nəzərə alar. Hər addımda formalaşan yeni vəziyyəti öz siyasətində nəzərə alar.

Üçüncüsü, faizlər az artırılarsa, növbəti dəfə (1 ay sonra) yenidən artırıla bilər. Əgər çox artırılarsa, qısa müddətdə yenidən aşağı salınması iqtisadiyyatı və maliyyə sistemini alt-üst edər. Dördüncüsü, burada hədəflərin ardıcıllığı məsələsi də var. Mehmet Şimşek nazir təyin olunmazdan bir neçə gün öncə vurğulamışdım ki, həyata keçiriləcək monetar siyasət həm ixracatçıların istəklərini nəzərə almalı, həm lirəyə valyuta ehtiyatlarından müdaxilələrə son qoymalı, həm inflyasiyanı boğmalıdır və sair. Bu hədəflərin isə bəziləri bir-biriləri ilə ziddiyyət təşkil edir.

Oxu.az - Elman Sadıqov: “Əsas məsələlərdən biri 2026-cı ilə qədər  Azərbaycan manatını sabit saxlamaqdır”

Elman Sadıqov: “Doğru olanı budur, uçot dərəcəsi tədricən artırılmalıdır”

Məsələn, ixracatçılar lirənin bahalı olduğunu və ixraca mənfi təsir etdiyini qeyd edirlər, digər tərəfdən, bahalı lirə inflyasiya formalaşdırır. Sual oluna bilər ki, bu qədər dəyər itirən lirə niyə bahalıdır ki? Bəli, bahalıdır. Bu gün türk lirəsi keçən dövr ərzində inflyasiya səviyyəsi və müdaxilələr nəticəsində real bazar dəyərindən bahalı qalıb. Bu fikri bir dəfə də səsləndirmişdim. Xüsusilə son 5-6 il ərzində lirə öz bazar dəyərinə 1-2 il gecikmə ilə çatıb. Deməli, öncə lirə öz real bazar dəyərinə (ilkin mərhələdə 26-27, sonra 30, vəziyyətdən asılı olaraq 35-ə qədər mümkündür) çatdırılmalıdır ki, bu da tədrici, kiçik faiz artımları ilə həyata keçiriləcək. Lirə öz real bazar dəyərinə (həm də iqtisadiyyatın, tədiyyə balansının tələbinə) uyğun həddə çatdıqdan sonra kurs valyuta müdaxilələri ilə deyil, faiz dərəcələri ilə tənzimlənəcək. Məhz bu səbəbdən Mehmet Şimşek nazir olduqdan sonra ilk çıxışında inflyasiyanın boğulması hədəfinin (yaxın müddət deyil) məhz orta müddətə aid olduğunu qeyd etmişdi. Nəhayət, beşincisi, əgər faizlər kəskin artırılıb lirə dəyər qazanacaq, inflyasiya qısa müddətdə boğulacaqdısa, onda bir neçə gün öncə minimum əmək haqları niyə 11 min TL-nin üzərinə artırılırdı?"

Ekspertə görə, Türkiyədə bir çoxları bunu məlumat verməmə, TMB-nin qeyri-müəyyənlik yaratması kimi yanlış dəyərləndirsə də, TMB-nin qısa açıqlaması və bazara heç bir siqnal verməməsi peşəkar addımdır: “Monetar siyasət çox çətin və incədir. Təcrübə və dərin bilik tələb edir. Monetar siyasətdə atılacaq növbəti addımlar sağlamlaşdırma (xüsusilə kəmər sıxma) xarakterlidirsə, bu addımları oxuyacaq bazarın təzyiq formalaşdırma riski varsa və qarşıdan da seçkilər gəlirsə bu addımlar haqqında ya sətirarası mesajlar verilər, ya da heç verilməz. Türkiyə Mərkəzi Bankı məhz qısa açıqlama ilə heç nə demədi. Atılan addımların ardıcıllığı, üslubu, sakit bir şəkildə həyata keçirilməsi peşəkarlığı, məntiqi ardıcıllığı, qərarlılığı nümayiş etdirir. Təqdirəlayiqdir.

Düşünürəm ki, bu səbəbdən də Türkiyə Mərkəzi Bankı qorxdu, Türkiyə Prezidenti yüksək faiz artımına imkan vermədi və sair fikirlərin ciddi əsası yoxdur. Türkiyə Mərkəzi Bankı əks addımların, spekulyasiyaların, təzyiqlərin olmaması üçün bazarlarda qeyri-müəyyənliyin (qısa müddət ərzində hədəflərinə çatana qədər) davam etməsini, vəziyyəti həm nəzarətində saxlamaq, həm də lirənin obyektiv olaraq öz bazar dəyərini tapmasını təmin edərək monetar siyasətini davam etdirəcək. Bu yolda Mərkəzi Banka nisbətən mane olacaq amil bir neçə aydan sonra keçiriləcək bələdiyyə seçkiləridir. Qurum həmin seçkilərə qədər daha incə və ehtiyatlı davranışa siyasi cəhətdən məcburdur. Amma doğru monetar siyasətini davam etdirəcək. Başqa yol yoxdur".

Onu da qeyd edək ki, yalnız Türkiyə lirəsi deyil, son günlər qonşu ölkələrin bir neçəsində milli valyutanın dəyərsizləşməsi prosesi qeydə alınır.

Vüqar Bayramov: “Minimum əməkhaqqının artırılması vahid tarif cədvəlinin  bütün pillələrinə təsir göstərəcək”

 Vüqar Bayramov

İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, son 1 ayda dollara nisbətən Türkiyə lirəsi 20 faiz, Rusiya rublu 5.9 faiz, Gürcüstan larisi 3.1 faiz, Qazaxıstan təngəsi isə 1.2 faiz ucuzlaşıb: “ABŞ pulunun qlobal bazarda güclənməsi region valyutalarına da təsirsiz ötüşmür. Region valyutalarının ucuzlaşması fonunda istehlak bazarlarında da qiymət artımları müşahidə olunur. Rusiya rəsmi statistikasında şimal qonşumuzda inflyasiya səngiməsi görsənsə də, rublun ucuzlaşması idxal olunan malların qiymətinə təsirsiz ötüşmür. Türkiyədə isə inflyasiya ilə mübarizə əsas hədəf olaraq qalmaqdadır. Tədiyə balansında profisit və əsas tərəfdaş ölkələrdə kursun dəyişməsi manatın nominal effektiv məzənnəsini bu ilin 5 ayında 5.1 faiz möhkəmləndirib. Qeyd edək ki, tədiyə balansındakı profisitin əsas səbəbi enerji məhsullarının ixracatıdır. Qeyri-neft ixracatı üzrə əsas tərəfdaşlarımızda milli valyutaların ucuzlaşması isə Azərbaycanın enerjidənkənar məhsullarının həmin ölkələrdə bahalaşmasına səbəb olur”.

Qonşu ölkələrin valyuta bazarlarında baş verənlərin manatın məzənnəsinə təsirlərinə gəldikdə isə, millət vəkili bildirir ki, hazırda valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir: “Amma Azərbaycanda hələ ki məzənnə rejiminə keçirilməyib. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olaraq qalmaqdadır”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR