İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə İsraildən sonra Yunanıstanla da dostlaşır - qardaş ölkənin uzanan əli sıxmaq ənənəsi

1062 16.02.2023 08:48 Siyasət A A

Uzunmüddətli konfliktli davranışlardan, “soyuq müharibədən” sonra Türkiyə bir neçə ay öncə İsraillə dostlaşdı, ölkələr səfirliklərini bərpa etdilər, dostlaşdılar. Burada bir məqamı da vurğulayaq ki, İsraillə Türkiyənin münasibətlərinin normallaşmasında Azərbaycanın, Prezident İlham Əliyevin müstəsna rolu var.

Zaman-zaman Türkiyə ilə Yunanıstan arasında olan gərgin münasibətlər son bir ildə, axır aylarda pik həddə çatmışdı, hətta silahlı qarşıdurma anonsları da verilirdi. Türkiyədə baş verən dəhşətli və üzücü zəlzələdən sonra Yunanıstanın qardaş ölkəyə düşmən münasibət bəsləmədiyi, onunla dost olmaq istəməsi reallığını da ortaya çıxardı. Yunan xilasedicilər ölkəyə yardıma ilk gələnlərdən oldular. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada İsrailin xarici işlər naziri Eli Koenlə fevralın 14-də keçirdikləri birgə mətbuat konfransında mühüm bir açıqlama verib. Çavuşoğlu ilk dəfə bir araya gəldiklərini açıqlayıb: “Münasibətlərimiz yeni dövrə qədəm qoyub. Yüksək səviyyədə səy göstərilib. Məsləhətləşmələrimiz ümumi maraqlar və qarşılıqlı hörmət əsasında davam edəcək”.

Çavuşoğlu vurğulayıb ki, Fələstin məsələsində artan gərginliyin azaldılması ilə bağlı gözləntilər var: “İki dövlətli həll səylərinə zərər verəcək vəziyyətlərdən qaçmaq istəyirik”. Türkiyəli nazir bildirib ki, Ramazan ayında gərginlik artmamalıdır: “Məscidül-Əqsanın statusunun qorunub saxlanması vacibdir. Bu, bütün dünya və İsrailin özü üçün həssas məsələdir”.

Nazir zəlzələ zamanı həmrəyliyə münasibət bildirib, təbii fəlakətin Yunanıstanla yeni bir səhifə açdığını vurğulayıb. Belə qənaətə gəlmək olar ki, Türkiyə dostluq üçün uzanan əli geri qaytarmamaq ənənəsinə sadiqdir və keçmişdə olanların üzərində ilişib qalmamağa qərarlıdır. Yunanıstanla yeni açılan səhifədə nələr ola bilər? İki ölkə arasında həll edilməsi mümkün olmayan məsələ varmı? Yunanıstanla Türkiyənin dostlaşması dünya və region siyasətinə necə təsir göstərə bilər?

Azər Badamov: "Davosda keçirilən görüşlər bir daha göstərdi ki, ölkəmizə  böyük maraq var"

Azər Badamov: “Türkiyədə baş vermiş zəlzələdən sonra regionda və dünya nizamında baxışlar dəyişəcək”

Deputat Azər Badamov “Yeni Müsavat”a bildirdi ki, baş vermiş güclü zəlzələ Türkiyəyə dostlarını müəyyənləşdirməyə imkan verdi: “Zəlzələnin baş verdiyi ilk gündən Azərbaycan Türkiyənin yanında oldu və  "Bir millət, iki dövlət" anlamının real həyatda bir daha öz təsdiqini tapdığını nümayiş etdirdi. Azərbaycan digər ölkələrdən fərqli olaraq Türkiyəyə ancaq dost münasibəti bəsləməklə kifayətlənmir, həm də türk xalqının acısını və kədərini özününki kimi qəbul edir və əsl qardaşlıq münasibətini sərgiləyir. Azərbaycan zəlzələyə qədər də Türkiyənin bəzi ölkələrlə olan soyuq münasibətlərinin istiləşdirilməsində fəal rol oynayıb. O cümlədən zəlzələ baş verənə qədər Türkiyə-İsrail münasibətlərində uzun sürən buzlar əridi və yenidən əməkdaşlığa başladılar. Bu əməkdaşlığın yenidən bərpasında Azərbaycan Respublikasının Prezidentinin rolu kifayət qədər böyük olub. Zəlzələ baş verəndən sonra Türkiyəyə ilk yardım əlini uzadan ölkələrdən biri də İsrail oldu. İsrailin xilasediciləri dərhal Türkiyəyə göndərildi və humanitar yardımların göstərilməsi bu gün də davam etdirilir. Zəlzələyə qədər Türkiyə ilə  fikir ayrılıqları ilə gündəm olaraq müharibə səviyyəsinə gələn ölkələrdən birisi də Yunanıstandır. Yunanıstan da zəlzələnin baş verdiyi ilk anlardan aralarındakı mübahisələri bir yana qoyaraq, Türkiyənin yanında oldu və öz yardım əlini uzatdı. Hətta zəlzələ bölgəsinə ilk səfər edən xarici rəsmilərdən ikincisi Yunanıstanın xarici işlər naziri oldu. Təbii ki, zəlzələ  bölgəsinə ilk səfəri XİN rəhbəri Ceyhun Bayramov etmişdi. İkinci səfəri isə Yunanıstan XİN-in rəhbəri Eli Koen etdi. Zəlzələ bölgəsinə Eli Koenin səfəri zamanı hətta jurnalistlərlə maraqlı dialoq da alınıb. Jurnalistin Türkiyə ilə münasibətlərinin bundan sonra necə davam edəcəyi barədə sualına Yunanıstan XİN rəhbəri münasibətlərin normallaşması üçün yeni bir zəlzələnin baş verməsinə ehtiyac olmadığını bildirərək çox müdrik cavab səsləndirdi. Hesab edirəm ki, Yunanıstanın uzatdığı bu dost əli Türkiyə ilə münasibətlərin yeni müstəviyə çıxmasına və köhnədən olan problemli məsələlərin üstündən xətt çəkilməsinə yol açıb. “Dost dar gündə tanınar” el deyiminə görə Türkiyə bu ağır günündə onun yanında olaraq ona dost əlini uzadan ölkələrin əsl niyyətini anlamış oldu. Hesab edirəm ki, Türkiyədə baş vermiş zəlzələdən sonra regionda və dünya nizamında baxışlar dəyişəcək. Meydana gələn yeni baxışlar sübut etdi ki, düşmən kimi görünən ölkələr əsl dostluq nümayiş etdirdilər və bu da beynəlxalq gündəliyə sülh və sabitliyə yeni konturlar cızdı. Allah dostları müəyyənləşdirmək üçün bizləri belə sınaqlarla heç vaxt bir daha qarşılaşdırmasın. Amma Türkiyədə baş vermiş son 100 ilin ən böyük təbii fəlakətin qonşu ölkələri düşünməyə və öz siyasətlərində dəyişiklik etməyə məcbur etdiyini hesab edirəm. Çünki heç bir ölkə təbii fəlakətlərdən sığortalanmayıb. Bu gün Türkiyədə baş vermiş bu faciənin təkrarı sabah başqa bir ölkədə ola  bilər. Ona görə də ölkələrarası münasibətləri dostluq səviyyəsində saxlamaq lazımdır ki, belə təbii fəlakətlərin nəticələri həmrəylik və birlik şəraitində tez aradan qaldırıla bilsin".

Jurnalist Kənan Rövşənoğlunun anası vəfat edib

Kənan Rövşənoğlu: “Afina da Türkiyə ilə gərginliyin yumşalmasında maraqlıdır”

Tanınmış siyasi yazar Kənan Rövşənoğlu hər iki tərəfin münasibətlərdəki gərginliyin yumşalmasında maraqlı olduğunu söylədi: “Türkiyə və Yunanıstan arasında münasibətlərdəki anlaşılmazlığın əsas səbəbi sərhəd anlaşılmazlıqlarıdır. Bu da yeni məsələ deyil, təxminən bir əsrə qədər yaşı var. Son bir neçə ildə Aralıq dənizində neft və qaz ehtiyatlarının kəşf olunması və ərazi mübahisələri Ankara-Afina xəttində yeni bir gərginlik mənbəyinə çevrilib. Üstəlik hər iki ölkədə millətçi hökumətlərin olduğu zamanlarda münasibətlər daha da gərginləşir. Ancaq aydın məsələdir ki, iki ölkə arasındakı münasibətləri radikal çağırışlar və ya müharibə vasitəsilə həll etmək mümkün deyil, sonunda yenə də tərəflər danışıq masası arxasında anlaşmalıdır. Göründüyü kimi, indi zəlzələdən sonra münasibətləri qaydaya salmaq üçün şans yaranıb. Yunanıstan hakimiyyəti Türkiyəyə qarşı jest edib, əvvəlcə xilasedicilər göndərdilər, ardınca isə Yunanıstan XİN başçısı Türkiyəyə gələrək zəlzələ baş verən ərazini gəzdi və Türkiyəyə mənəvi dəstəyini bildirdi. Bu mühüm addım idi. Görünür ki, Afina da Türkiyə ilə gərginliyin yumşalmasında maraqlıdır. Ankara da bunu görür və qiymətləndirir. Hadisələrə rasional yanaşma, radikal şüar və çağırışlardan imtina olunarsa, əlbəttə ki, bir araya gəlmək, dil tapmaq mümkündür. Bu, ilk növbədə hökumətlərdən asılıdır. Siyasi iradə olsa, barışıq da mümkündür”.

Pelosi gedir, yerinə Pelosi-2 gəlir? - Ermənilərin ABŞ sarıdan  arxayınçılığının səbəbi

Şəhla Cəlilzadə: “Regional siyasətin yeni şəklində üstün rolumuzu qorumalıyıq”

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə yunan rəsmilərinin verdikləri dostluq mesajlarından söz açdı: “Ötən il ”Postmüharibə dövrü üçün ideoloji düşüncələr: Düşmən obrazının dağıdılması və sülh quruculuğu" adlı məqalə yazmışdım. Ərdoğanın Yunanıstana xitabən “Bir gecə ansızın gələ bilərik” deməsindən sonra kəllə-çarxa qalxan həyəcan, Yunanıstanın bu sitatı əsas gətirərək beynəlxalq qurumlara, hətta BMT TŞ-yə şikayət ünvanlaması və mümkün müharibə ssenarilərinin gündəmə gəlməsindən sonra sosial media hesabım vasitəsilə türk yoldaşlar arasında kiçik bir sorğu keçirməyə qərar vermişdim. Sorğu haqqında məqalədə ətraflı şəkildə qeyd edilib. Sorğu nəticələri göstərmişdi ki, əslində sadə türk vətəndaşları yunanlara kin və nifrət bəsləmir. Əksəriyyət yaşananları hökumətlərin yanlış davranışlarının nəticəsi hesab edir. Bununla yanaşı, türk cəmiyyətində NATO-ya qarşı artan güvənsizlik və inamsızlıq sorğu nəticələrində də açıq-aydın müşahidə olunurdu. Türkiyədə yaşanan dəhşətli zəlzələ isə yeni bir tapıntı oldu. Heç yunanlar da türklərə nifrət bəsləmir. Türkiyəyə ilk canlı yardım göndərən ölkələrdən biri də Yunanıstan oldu. Yunanıstanda divara yazılan “Biz hamımız Türkük” yazısı isə münasibətlərdə yeni mərhələnin xəbərçisidir. Yunanıstan XİN-in 12 fevralda Türkiyəyə səfəri, bundan bir gün sonra baş nazir Miçotakisin “Türk və yunan xalqları dostdur” ifadəsini işlətməsi, bundan bir ay öncə “Türkiyə ilə savaşa girməyəcəyik” deməsi Türkiyə-Yunanıstan münasibətlərində yeni mərhələnin başladığını göstərir. Ümumiyyətlə, yaşanan zəlzələ dövlətin sosial-iqtisadi təməllərini silkələdiyi kimi xarici siyasətdə də bir sıra ciddi dəyişiklərə yol açacağı ehtimal edilir. Təbii ki, bundan ermənilər məqsədyönlü və sürətli bir şəkildə istifadə etmək, faydalanmağa çalışırlar. 30 ildir Azərbaycana hücum etdiyi üçün Türkiyənin bağlı saxladığı Alican sərhəd qapısı ermənilərin “humanitar yardımı”nı keçirmək üçün açıldı. Ermənilər İğdır dəhlizindən Laçın dəhlizinədək gündəm yaratmağa, öz mövqelərini gücləndirməyə çalışırlar. Ermənistan XİN başçısı fevralın 15-də Türkiyəyə səfər etdi. Bu hadisələr 2008-2009-cu illərin Ermənistanla “normallaşma” və “Sürix protokolları”nı yada salır. Görünən odur ki, Türkiyə vaxtilə keçmiş XİN rəhbəri Əhməd Davudoğlu tərəfindən qələmə alınan “Stratejik Derinlik” adlı kitabında qeyd etdiyi “qonşularla sıfır sorun” politikasına fərqli formada olsa da geri dönə bilər.  Çox maraqlıdır ki, kitab 1999-cu ildəki Marmara zəlzələsindən sonra Türkiyədə ciddi siyasi dəyişikliklər, o cümlədən hakimiyyət dəyişikliyi baş verəndən sonra qələmə alınmışdı. Kahramanmaraş episentrli 6 fevral zəlzələsi də bir çox baxımdan yenilikləri gətirəcək. Odur ki, Azərbaycan olaraq inisiativi ermənilərə buraxmamalı, regional siyasətin yeni şəklində üstün rolumuzu qorumalıyıq. Bu dəfə ölkəmizin inisiativi ilə Ermənistanla normallaşma Türkiyə-Ermənistan-Azərbaycan 3-lü formatında baş tuta və qlobal anti-Azərbaycan, antitürk maraqlar tamamilə çıxdaş edilə bilər".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR