İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə ilə Azərbaycan arasındakı qara yara

12880 20.02.2024 23:29 Yazarlar A A

Azərbaycan Prezidenti İlham Əliyev 7 fevral seçkilərində qalib gəldikdən sonrakı ilk rəsmi səfərini qardaş Türkiyəyə etdi.

Bu, bir gələnəkdir - çox da xoş gələnəkdir. Üstəlik, ərazi bütövlüyünü, suverenliyini bərpa etmiş ölkənin Prezidentinin andiçmədən sonrakı ilk səfərinin hara, nə vaxt və necə olmasının öz zamanlaması, anlamı, mahiyyəti vardır. Bu anlam, mahiyyət Ankarada rəsmi qarşılanmadan tutmuş, səfər içində keçirilən görüşlər, imzalanan sənədlər, mətbuata birgə açıqlamalar və ismarıclarda öz əksini tapdı.

Biz
bu səfərə “İki bədəndə bir can” olan dövlətlərin Ali Baş Komandanlarının görüşünü önplanda tutaraq baxa bilərik;
bu səfəri “Şuşa Bəyannaməsi” adlı-ünvanlı unikal sənədə imza atmış liderlərin növbəti müzakirə, məsləhət-məşvərət imkanı olaraq dəyərləndirməliyik;
deyə bilərik ki, Ankara müzakirələri “Zəngəzur dəhlizi”nə, ümumən bölgəmizə, dünyamıza və öz ailəmiz olan Türk dünyasına ortaq baxışın təcallasıdır;

İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın ikitərəfli və çoxtərəfli görüşləri qardaş ölkələrimizin ötən illərdəki işbirliyinə dair hesabatların, arayışların, bu günkü mövcud durumun dəyərləndirilməsi, gələcəyə böyük, aydın baxışın təntənəsidir;

İlham Əliyevin bu il ökə daxilində (Bakı (10 yanvar), Xankəndi (07 fevral), Bakı (14 fevral)), ölkə xaricində (Münxen (16-18 fevral)) verdiyi - bir-birini tamamlayan, undulmaz (tarixi!) ismarıclarının (Türkiyəyə rəsmi səfər müddətində) Ankarada qardaşlıq çiçəyi açdığını gördük.

Bəli, bu səfər məhz bugünlərdə və məhz Türkiyəyə olmalı, o yeni ismarıclar da məhz qardaş ölkədə, Prezident Ərdoğanla birgə verilməliydi. - Ozan demiş, “Dünya duysun bu səsi. Bu səs haqqın səsidir”!

Prezident Əliyevin qardaş ölkəyə səfəri, səfərdən az öncə deyilmiş bu sözlərin işığında baş tutması ilə bir ayrı gözəllik daşıyır: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır"!

Azərbaycan Prezidenti Türkiyəyə getməmişdən lap az öncə nüfuzlu Münxen Beynəlxalq Təhlükəsizlik Konfransında (qarşı tərəfin müraciətinə əsasən) ATƏT-in fəaliyyətdə olan sədri İan Borqla görüşdə, ATƏT çərçivəsində keçmişin qalığı olan bir sıra mexanizmlərin artıq rəsmi qaydada ləğv edilməli olduğunu bildirmişdi.- Bunlar: “ATƏT-in Minsk Qrupu”, “Yüksək Səviyyəli Planlaşdırma Komitəsi” və “ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi” kimi tam fəaliyyətsiz olan strukturlardır. Və bu buraxma strukturların buraxılması yalnız Azərbaycan üçün deyil, bizim bütün dost-qardaşlarımız, dost-qonşularımız üçün də sərfəli olacaqdır.

Prezident İlham Əliyevin 19 fevralda qardaş ölkə paytaxtında (birgə mətbuat konfransında) dediyi səmimi fikirlər qardaşlığımızın, işbirliyimizin, gələcəyimizi bircə inşa etməyimizin parlaq ifadəsi oldu.

Bəli, “ortaq keçmişdən ortaq gələcəy”ə inamla gedirik!

Bəli, “Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib”. - Xalqlarımız əcdadlarımızın bütün gələnəklərinə sadiqdir.

Azərbaycanın dövlət başçısı “Şuşa Bəyannaməsi” imzalandıqdan (15.06.2021) sonrakı açıqlamasında da əcdad və gələcək nəsil vurğusu etmişdi: “XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk”.

Azərbaycan Prezidenti 44 günlük müharibədə Türkiyənin göstərdiyi yüksək qardaşlıq örnəyini Ankarada bir daha qədirşünaslıqla vurğuladı: “Savaşın ilk saatlarından Türkiyənin dəstəyi və qəti açıqlamaları bir çoxları üçün ciddi mesaj idi və bir çoxlarını bu işə müdaxilə etməkdən kənarda saxladı”; bəli, “Azərbaycan xalqı Türkiyənin qardaşlıq dəstəyini heç vaxt unutmayacaq”!

Azərbaycan Prezidenti Türkiyənin bu gün dünya miqyasında söz sahibi olduğunu qürurla bildirib, qardaş ölkəni bölgəmizdə əmin-amanlığın, barışın, işbirliyinin qarantı adlandırdı; bütün Yer üzündə bir çox məsələnin həllinin məhz Türkiyənin mövqeyindən asılı olduğunu bildirdi. - “Azərbaycan Türkiyənin uğurlarına öz uğurları kimi sevinir. Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü Türk dünyasına mənsub olan hər bir insanı sevindirir”.

Yuxarıda Azərbaycan Prezidentinin andiçmə törənindəki nitqində Türk dünyasını haqlı olaraq bizim ailəmiz adlandırdığını xatırladıq; minnətdarlıqla deməliyəm ki, İlham Əliyev Ankarada qardaş ölkə lideri ilə birgə mətbuat konfransında bir daha və bir daha Türk dünyası vurğusu yapdı: “Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək”.

Artıq bəlli olduğu kimi, bu ilin iyulunda Türk Dövlətləri Təşkilatının Şuşada qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Müşahidəçi statusunda olan Quzey Kıprıs Türk Cümhuriyyətinin Prezidenti də Azərbaycan Prezidentinin dəvəti ilə Zirvə görüşündə iştirak edəcək. - Və “bu, bizim ümumi işimizə, Türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək”.

Müzəffər Ali Baş Komandanın Ankarada vurğuladığı kimi, “Türkiyənin Ordu modeli Azərbaycanda artıq tam oturuşub”. Həmçinin “müdafiə sənayesi sahəsində yeni imkanlar açılıb. Birgə istehsalla əlaqədar konkret planlar mövcuddur. Bu planlar gerçəkləşdikdə ictimaiyyət də bundan xəbərdar olacaqdır”.

Ordu, müdafiə sənayesi çox önəmlidir, əlbəttə; əlbəttə, təhsil də ordu və müdafiə sənayesindən az önəm daşımır. Yuxarıda gələcək nəsil vurğusu etdik - bu vurğu təhsil, təhsilin gələcəyi vurğusunu da ifadə etməkdədir. Hazırda bu planda söhbət, Türkiyə-Azərbaycan Universitetinin yaradılmasından gedir. Bu barədə Ankarada önəmli anlaşma imzalandı: “Bu, gələcəyə yönəlmiş təşəbbüsdür. Çünki bizim gənc nəslimiz həm Türkiyədə, həm Azərbaycanda qardaşlıq, müttəfiqlik, ortaq dəyərlər prinsipləri əsasında tərbiyə almalıdır, bizim milli-mənəvi dəyərlərimizə sadiq olmalıdır, yad təsirdən uzaq olmalıdır, bilikli, savadlı vətənpərvər insanlar olmalıdır”.

Bəli, Prezidentin vurğuladığı kimi, Türkiyə-Azərbaycan Universitetinin yaradılması, yalnız təhsil məsələsi olmayıb, bizim güclü birliyimizin növbəti parlaq rəmzidir. - “Yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəkdir”!

Və nəhayət!

“Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün imzalanmasının bölgəmiz və dünyada sülh, əmin-amanlıq və sabitlik üçün yeni bir ümid mənbəyi olacağı şübhəsizdir.”
(Prezident Rəcəb Tayyib Ərdoğan).

“Qarabağda işğala son qoyulması ilə birlikdə bölgəmizdə davamlı sülh üçün tarixi bir fürsət pəncərəsi açıldı.” - Bu sözlər də Prezident Ərdoğana aiddir.

Beləliklə, Türkiyə ilə Azərbaycan arasındakı “qara yara” sağaldılmalı, sağlamlaşdırılmalıdır. İki sağlam mühitin arasında kəsafətə nə yer, nə də ehtiyac yoxdur…

QARDAŞLIĞIMIZ ZAVAL GÖRMƏSİN!

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR