İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə ABŞ-ı sıxışdırır: Bayden Ərdoğanın qlobal nüfuzuna qarşı çarə axtarır

3489 04.11.2022 19:01 Analitika A A

Prezident Rəcən Tayyib Ərdoğanın Kreml sahibi Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski ilə anlaşaraq, “taxıl dəhlizi”nin fəaliyyətini təkrar bərpa edə bilməsi ABŞ siyasi dairələrində ciddi narahatlıq doğurub... Türkiyə ABŞ-ın qlobal mövqelərinə şərik çıxmağa başlayıb, Fransanın müstəmləkə siyasəti yürüdüb, qətliamlar törətdiyi kasıb Afrika ölkələrinə isə ödənişsiz taxıl göndərilməsi missiyası öz üzərinə götürüb...

Türkiyənin beynəlxalq məkanda mövqeləri möhkəmlənməkdə davam edir. Hazırda rəsmi Ankara artıq qlobal güc mərkəzi statusunu Türkiyə üçün təmin etmiş kimi görünür. Hər halda, indi əsas beynəlxalq problemlər məhz Türkiyənin iştirakı ilə həll olunur. Və həmin qlobal problemlərin həllində Türkiyənin mövqeyi xüsusi rol oynayır.

Bir müddət öncə dünya qlobal aclıq təhlükəsi ilə üzləşmişdi. Ukrayna savaşı ucbatından dünyada ərzaq böhranı yaranmağa başlamışdı. Əgər, bu böhranın qarşısı vaxtında alınmasaydı, dünyada, xüsusilə də, Avropa məkanında siyasi-iqtisadi böhranın dərinləşməsi, sosial-ictimai etiraz dalğasının iğtişaşlara qədər inkişafı qaçılmaz nəticə kimi görünürdü. Və Qərb ölkələri bu təhlükənin əsas günahkarı kimi Ukraynadan taxıl ixracını bloklayan Rusiyanı hədəf göstərirdi.

Təbii ki, Kremlin qlobal aclıq təhlükəsinin yaranmasında birbaşa iştirakı olmamış deyildi. Belə ki, Rusiya ərzaq faktorundan öz beynəlxalq rəqiblərinə qarşı “silah” kimi istifadə etmək niyyətinə düşmüşdü. Qərb ölkələrinin Rusiyaya yönəlik çağırışları isə həmin dövlətlərin təmsilçiləri ilə ünsiyyətə həvəs göstərməyən Kreml tərəfindən “qulaqardına” vurulurdu. Bu isə dünyada ərzaq təminatı probleminin həlli prosesinin çıxılmaz dalana salınması anlamı daşıyırdı.

25d00be0-f487-40c5-b0af-ccee9172ac98.jpg (106 KB)

Ancaq bütün dünya üçün belə çətin bir situasiyada məhz Türkiyə dövrəyə girdi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kreml sahibi Vladimir Putin ilə şəxsi münasibətləri sayəsində qlobal ərzaq böhranı təhlükəsini demək olar ki, təkbaşına həll etdi. BMT baş katibinin şahidliyi ilə İstanbul müqaviləsi imzalandı, “taxıl dəhlizi” yaradıldı. Nəticədə qlobal aclıq təhlükəsindən qorxuya düşmüş dünya ölkələri rahat nəfəs aldı.

Bununla belə, “taxıl dəhlizi”nin fəaliyyətini aktual saxlamaq o qədər də asan məsələ deyil. Hər halda, bir müddət öncə Rusiyanın Qara dəniz donanmasına PUA-larla hücum edildiyini bəhanə edən Kreml “taxıl dəhlizi”nin fəaliyyətini tənzimləyən İstanbul anlaşmasından çıxdığını bəyan etmişdi. Yəni, prezident R.T.Ərdoğanın çox çətinliklə həll etdiyi problem təkrar ortaya çıxmaqdaydı.

Maraqlıdır ki, bu dəfə də problem məhz Türkiyə liderinin müdaxiləsi sayəsində həll edildi. Ancaq prezident R.T.Ərdoğan bu dəfə nisbətən fərqli taktikaya üstünlük verdi. Əvvəlcə “taxıl dəhlizi”nin fəaliyyətinin tənzimlənməsini Türkiyənin öz üzərinə götürə biləcəyi ilə bağlı manevrlər etdi. Yəni, taxıl yüklənmiş gəmilər məhz Türkiyə Donanmasının müşayiəti ilə hərəkət etməyə başladı.

Rəsmi Ankaranın bu addımı Kremlə “taxıl dəhlizi”nin Rusiyanın iştirakı olmadan da fəsliyyət göstərə biləcəyinin mesaj verilməsinə hesablanmışdı. Prezident R.T.Ərdoğanın bu takrikası da uğurlu oldu. Hər halda, Kreml sahibi V.Putin İstanbul sazişində iştirakını bərpa etməli oldu. Yalnız Kreml sahibinin şəxsi xahişi ilə prezident R.T.Ərdoğan Ukrayna lideri Volodimir Zelenskidən Rusiya hərbi gəmilərinə daha hücum edilməyəcəyi barədə təminat almalı oldu.

Göründüyü kimi, dünyanın ərzaq probleminin həlli, aclıq və səfalət təhlükəsinin sovuşdurulması hazırda Türkiyə prezidenti R.T.Ərdoğanın şəxsi xidmətləridir. Türkiyə lideri indiyə qədər Rusiya və Ukrayna arasında hərbi əsirlərin dəyişdirilməsi prosesində də böyük uğurlar qazanıb. Onun Ukrayna prezidenti V.Zelenski və Kreml sahibi V.Putin arasında vasitəçiliyi yüzlərlə hərbi əsirin həyatını xilas edib.

27165000_0_123_1601_1023_1920x0_80_0_0_af71e63d7e7d4c8ae918a7a8f3b501b2.jpg (420 KB)

Təbii ki, Türkiyə prezidentinin dünya liderləri sırasında öz nüfuzunu artırması, qlobal məkanda əsas söz sahiblərindən birinə çevrilməsi hazırda bəzi beynəlxalq siyasi iradə mərkəzlərini ciddi şəkildə narahat edir. Xüsusilə də, ABŞ-da bəzi siyasi dairələr, o cümlədən də, Fransa və Yunanıstan Türkiyənin qlobal güc mərkəzinə çevrilməsinə qarşı müqavimət göstərməyə çalışır. Və bütün mümkün vasitələrlə Türkiyənin “geopolitik bataqlığa” salınmasına cəhd göstərirlər.

ABŞ Türkiyə ilə hərbi-siyasi qarşıdurma vəziyyətində olan Yunanıstana dəstək verir. ABŞ və Fransa ortaq şəkildə Yunanıstanı Türkiyənin qlobal məkanda yüksəlişini bloklayan faktora çevirmək planları üzərindən hərəkət edirlər. Rəsmi Ankaranın Türkiyə ərazisində Avropa məkanı üçün nəhəng təbii qaz paylayıcı mərkəzini qurmaq niyyətinə düşməsi həm ABŞ-da, həm də Fransa da sərt etirazlarla qarşılanır.

Ağ Ev bir tərəfdən, Rusiya enerji resurslarının Türkiyə üzərindən Avropa bazarına qaytarılmasını yolverilməz hesab edir. Digər tərəfdənsə, ABŞ-ın Avropa bazarına real dəyərindən 4-5 dəfə daha baha qiymətə maye qaz satışı ilə bağlı planlarının iflasa uğrayacağından narahatdır. Bu səbəbdən də, rəsmi Ankaranın Avropa enerji bazarına nəzarəti ələ keçirmək şanslarını bloklamağa çalışır.

Fransaya gəldikdəsə, rəsmi Paris üçün Türkiyənin istənilən uğuru böyük fəlakət təsiri bağışlayır. Rəsmi Paris hesab edir ki, Türkiyənin güclənməsi və qlobal oyunçuya çevrilməsi Fransa olduqca baha başa gələ bilər. Hətta rəsmi Paris yaxın gələcəkdə Fransanın Türkiyənin təsir dairəsinə düşə biləcəyindən də ciddi şəkildə narahatdır. Çünki rəsmi Ankara son vaxtlar Türkiyənin siyasi iradəsini Avropa məkanına yerləşdirmək istiqamətində xeyli irəli getməyə nail ola bilib.

5318f861-e962-40e4-85a2-77dc58cae620.jpg (199 KB)

Onu da qeyd etmək lazımdır ki, Fransanın dəstəyinə paralel olaraq, Ağ Ev də ABŞ-ın maraqlarını ifadə etmək niyyətindən uzaq olan Türkiyəyə qarşı Yunanıstanı silahlandırıb, gücləndirməyə çalışır. Çünki, Ağ Evdə müttəfiqliyi yalnız tərəfdaş ölkənin ABŞ-ın sifarişlərini icra etməsi kimi anlayırlar. Müstəqil xarici siyasət yürüdən istənilən dövlət, hətta Türkiyə kimi NATO üzrə müttəfiq ölkələr belə, ABŞ üçün rəqib kateqoriyasına aid edilir. Və bu baxımdan, Ağ Evdə Türkiyənin qlobal məkanda yüksəlişinə qısqanclıqla yanaşması o qədər də təəcüblü deyil.

Bəzi məlumatlara görə, Ağ Evdə Türkiyənin müstəqil davranışları artıq ABŞ üçün ciddi beynəlxalq problemlərdən sayılır. Hətta prezident R.T.Ərdoğanın Kreml sahibi V.Putin və Ukrayna lideri V.Zelenski ilə anlaşaraq, “taxıl dəhlizi”nin fəaliyyətini bərpa edə bilməsi ABŞ siyasi dairələrində məmnunluq doğurmayıb. Əksinə, prezident R.T.Ərdoğanın bu uğuru Ağ Evdə narahatlıq da doğurub.

Digər tərəfdən, Türkiyə lideri bu uğurlarla kifayətlənmək niyyətində olmadığını ba qətiyyən gizlətmir. Prezident Ərdoğan bildirib ki, Kreml sahibi V.Putinlə kasıb Afrika ölkələrinə ödənişsiz taxıl göndərmək barədə anlaşma əldə edib. Halbuki, Fransa həmin Afrika ölkələrində müstəmləkə siyasəti yürüdüb, qətliamlar törədib. ABŞ isə Afrika ölkələrinin təbii sərvətlərinin dəyər-dəyməsinə mənimsənilməsində xüsusi “fəallıq” göstərib.

Bütün bunları nəzərə aldıqda, Türkiyə və ABŞ prezidentlərinin G-20 zirvəsində planlaşdırılan görüşü böyük maraq doğurur. Bir tərəfdən, Türkiyə və ABŞ arasında F-16 və F-35 döyüş təyyarələrinin alınması məsələsində ciddi problemlər mövcuddur. Digər tərəfdənsə, Türkiyə ABŞ-ın qlobal mövqelərinə şərik çıxmağa başlayıb. Və belə vəziyyətdə Ərdoğan-Bayden görüşünün iki ölkə arasında prinsipial yaxınlaşma ilə nəticələnə biləcəyi qətiyyən inandırıcı görünmür.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR