NATO-nun Ankarada keçirilən mühüm və strateji sammiti çərçivəsində rəsmi şəxslər Türkiyənin regional təhlükəsizlikdə və Şimali Atlantika Alyansında oynadığı əvəzolunmaz rolu yüksək qiymətləndirən bəyanatlarla çıxış ediblər.
Alyansın rəhbərliyində təmsil olunan Kallas sammitdə çıxışı zamanı Türkiyə Respublikasını NATO-nun ən strateji tərəfdaşlarından biri kimi xarakterizə edib.
Musavat.com xəbər verir ki, Kallas çıxışında qlobal təhlükəsizlik arxitekturasında yaşanan çətinliklərə toxunaraq transatlantik münasibətlərin hazırda ciddi sınaq qarşısında olduğunu etiraf edib: "Əlbəttə, hər bir sammitdən əvvəl onun tarixi bir hadisə olduğu deyilir. Lakin acı həqiqət ondan ibarətdir ki, hazırda transatlantik münasibətlər həqiqətən də çox ciddi gərginlik və təzyiq dövrünü yaşayır".
Türkiyənin Avropa İttifaqı (Aİ) və NATO müstəvisindəki yerini ayrıca dəyərləndirən Kallas Ankaranın hərbi qüdrətini xüsusi vurğulayıb: "Türkiyə eyni zamanda Avropa İttifaqına üzvlüyə namizəd olan bir ölkədir. Sözsüz ki, keçmişdə ittifaqa daxil olmağın təməlini təşkil edən fundamental azadlıqlarla bağlı bir çox problemlər və fikir ayrılıqları mövcud olub. Lakin NATO məsələsinə gəldikdə, Türkiyə alyans daxilində ikinci ən böyük orduya sahib olan dövlətdir və şübhəsiz ki, çox güclü, nəhəng müdafiə sənayesi potensialına malikdir".
Musavat.com






