İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk İnvestisiya Fondu Azərbaycana və Türk dünyasına nə vəd edir - təhlil

587 25.05.2023 13:10 İqtisadiyyat A A

Ölkələrarası iqtisadi əlaqələr sürətlə dərinləşir; bütün türk dövlətləri üzrə xarici investisiya qoyuluşunda artım baş verib

Türk dövlətləri arasında qarşılıqlı iqtisadi münasibətlərdə dərinləşmə davam edir. Bu prosesin tərkib hissəsi olan Türk İnvestisiya Fondunun yaradılması istiqamətində real addımlar atılmaqdadır. Qazaxıstan və Türkiyədən sonra Azərbaycan  Milli Məclisi də “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə" qanun layihəsini ratifikasiya edəcək.

Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında müzakirəyə çıxarılan və plenar iclasa tövsiyə edilən “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Saziş bu ilin martında Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Fövqəladə Zirvə görüşü zamanı imzalanıb. Fondun yaradılması barədə ilkin razılaşma isə təşkilatın 2022-ci ilin noyabr ayında Səmərqənddə keçirilən sammitində əldə olunub.

Fondun yaradılması Türk Dövlətləri Təşkilatının dövlət başçılarının Ankarada keçirilmiş zirvə görüşündə qəbul olunmuş bəyannamədə də öz əksini tapıb. Belə ki, dövlət başçıları Türk dünyasının ticarət, nəqliyyat, investisiya, turizm, regional əlaqə və strateji insan resurslarının idarə edilməsi sahələrində əməkdaşlığın və koordinasiyanın dərinləşdirilməsi və gücləndirilməsində təşkilantın daim artan mərkəz rolunu vurğulayaraq Türk Dövlətləri Təşkilatının üzv dövlətləri aransında ticarət və iqtisadi əməkdaşlığı gücləndirmək üçün onların iqtisadi potensialını səfərbər etmək məqsədi daşınyan Türk İnvestisiya Fondunun yaradılması haqqında Sazişin imzalanmasını alqışlayıblar.

Türk İnvestisiya Fondunun təsisçiləri Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan respublikalarıdır. Fondun türk dövlətlərinin qurduğu əsas ortaq maliyyə qurumuna çevrilməsi və fondun vəsaitlərinin birgə layihələrin həyata keçirilməsinə yönəldilməsi nəzərdə tutulur. Fondun nizamnamə kapitalı 500 milyon ABŞ dollarıdır. Bu kapital 5 ölkənin - Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın töhfələri (hər bir ölkə 100 milyon dollar) hesabına formalaşacaq.

Təşkilatın mənzil qərargahı İstanbulda yerləşəcək. Nizamnamə kapitalı hər birinin nominal dəyəri 50 min dollar olan 10 min ədəd səhmə bölünəcək. Nizamnamə kapitalı 350 milyon dollar məbləğində ödənilmiş və 150 milyon dollar məbləğində cəlb olunan səhmlərə bölünür.

Hər bir ölkə ödənilmiş səhmlərə görə 4 ödəniş həyata keçirəcək: ilkin ödəniş 5 milyon dollar, qalan ödənişlər müvafiq olaraq 18 milyon, 23 milyon və 24 milyon dollar (hər bir ölkə üçün cəmi 70 milyon dollar) təşkil edəcək. Cəlb olunan səhmlər çərçivəsində hər bir ölkənin payı 30 milyon dollar təşkil edəcək.

Sazişə əsasən fond TDT-yə üzv ölkələrin iqtisadi potensialının inkişafına, eləcə də onlar arasında iqtisadi-ticarət əlaqələrinin möhkəmləndirilməsinə və birgə layihələrin həyata keçirilməsinə xidmət edəcək. Fond prezident, idarə heyəti, direktorlar şurası və baş direktordan ibarət olacaq.

Fondun qarşıya qoyulan məqsədə nail olmaq üçün investisiya fəaliyyəti ilə aşağıdakı funksiya və səlahiyyətləri həyata keçirməsi nəzərdə tutulur:

- regiondaxili ticarətin inkişafına yardım;

- layihələrin, xüsusilə mikro, kiçik və orta sahibkarlıq layihələrinin maliyyələşdirilməsi;

- beynəlxalq və milli maliyyə və inkişaf institutları, habelə ticarət palataları və özəl təşkilatlarla birgə əməkdaşlıq və maliyyələşdirmə;

- nəqliyyat və logistika zəncirlərinin, saxlama və istehsal imkanlarının genişləndirilməsinin dəstəklənməsi;

- dövlət-özəl tərəfdaşlıq da daxil olmaqla fiziki və rəqəmsal infrastrukturun yaradılması və modernləşdirilməsinin dəstəklənməsi;

- sənaye istehsalı, infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları və turizm də daxil olmaqla, qarşılıqlı maraq doğuran sahələrdə inkişaf layihələrinin dəstəklənməsi;

- enerji səmərəliliyinə, bərpa olunan enerji mənbələrinə və ətraf mühitin mühafizəsinə sərmayə qoymaqla “yaşıl iqtisadiyyat”ın inkişafına töhfə verən layihələrin maliyyələşdirilməsi;

- zəruri hallarda investisiya layihələrinin hazırlanmasına köməklik və maliyyə dəstəyinin göstərilməsi və nəhayət, Fondun məqsədinə nail olmağa kömək edə biləcək digər fəaliyyətlərin həyata keçirilməsi və digər xidmətlərin göstərilməsi.

Fondun Direktorlar Şurası hər təsisçidən 1 nümayəndə olmaqla, 5 nəfərdən ibarət formalaşdırılır. Şura üzvünün yaşı təyinat gününə 35-dən aşağı, 60-dan yuxarı olmamalıdır.

Fond və onun aktivləri iştirakçı dövlətlərin ərazisində bütün müsadirə tədbirlərindən, habelə icra və ya qanunvericilik hakimiyyətinin qərarı ilə sekvestrdən, moratoriumdan və ya hər hansı formada müsadirədən immunitetə malikdir.

Fond və onun aktivləri, əmlakı, gəlirləri və bununla bağlı əməliyyatlar, o cümlədən rəsmi istifadə üçün idxal olunan mallar və nəqliyyat vasitələri saxlama və bu kimi xidmətlərə görə ödənişlər istisna olmaqla, bütün birbaşa və dolayı vergilərdən, gömrük rüsumlarından, rüsum və xərclərdən azaddır. Bu cür gömrük rüsumlarından azadolmalar üzvlərin yuxarıda qeyd olunan istisnalardan hər hansı azadlığa mane olmayan və ya nəticələnməyən beynəlxalq öhdəliklərinə uyğun olaraq veriləcək.

Üzv dövlətlər valyutanın konvertasiyasına və fond və ya onun hər hansı digər benefisiarları tərəfindən üzv dövlətlərin heç birində pulun qəbulu, saxlanması, istifadəsi və ya köçürülməsi ilə bağlı əməliyyatlara heç bir məhdudiyyət qoymur. Belə əməliyyatlar haqqında sənədlərin və məlumatların təqdim edilməsinə dair müntəzəm tələblər məhdudiyyət hesab edilmir.

Qeyd edək ki, fondun təsisçisi olan türk dövlətləri Asiyadan Avropaya yükdaşımaların reallaşdırıldığı Orta dəhlizin iştirakçılarıdır. Orta dəhliz yükdaşımaların Rusiyadan kənar ərazilərlə reallaşdırılması üçün ən əlverişli marşrut hesab olunur. ABŞ və Avropa İttifaqı bu dəhlizin inkişafına ciddi siyasi dəstək verirlər. Avropa İttifaqı həm də maliyyə dəstəyi təmin edir. Bu baxımdan, yaradılacaq fondun dəhlizin fəaliyyətinin genişlənməsinə mühüm töhfələri ola bilər. Eyni zamanda fond türk dövlətlərinin öz arasında iqtisadi əlaqələrin dərinləşməsi prosesində ciddi rol oynaya bilər.

2022-ci ildə Türkiyə iqtisadiyyatı 5,6 faiz, Azərbaycan iqtisadiyyatı 4,6 faiz, Türkmənistan iqtisadiyyatı 6,2 faiz, Özbəkistan iqtisadiyyatı 5,7 faiz, Qırğızıstan iqtisadiyyatı 7 faiz, Qazaxıstan iqtisadiyyatı isə 3,2 faiz böyüyüb. Dövlət büdcəsinin gəlirlərinin artımı baxımından ən yaxşı göstərici 100,6 faizlə Türkiyədədir.  Türkiyənin dövlət büdcəsinin gəlirləri 147 122,2 milyon ABŞ dolları olub. Xarici ticarətdə ən yüksək saldoya Qazaxıstan (ticarət balansı 34 350,4 milyon ABŞ dolları) və Azərbaycan (ticarət balansı 27 132,3 milyon ABŞ dolları) malikdir. 2022-ci il ərzində Türk Dövlətləri Təşkilatına daxil olan bütün ölkələrdə əsas kapitala yönələn vəsaitlərdə artım müşahidə edilib.

2022-ci ildə Azərbaycanın Qazaxıstanla ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 4.4 dəfə artaraq 135 milyon 799 min dollardan 598 milyon 486 min dollaradək yüksəlib. Türkmənistanla dövriyyədə 5.1 dəfə artım qeydə alınıb. İki ölkənin qarşılıqlı ticarətinin həcmi 2021-ci ildəki 105 milyon 23 min dollardan 2022-ci ildə 535 milyon 397 min dollar çatıb. Özbəkistanla ticarətdəki 64.0 faizlik artım birgə dövriyyəni 111 milyon 903 min dollardan 2022-ci ildə 183 milyon 307 min dollaradək artırıb. Mərkəzi Asiyanın digər türk dövləti olan Qırğızıstanla da ticarət dövriyyəmizdə artım qeydə alınıb. İki dövlət arasındakı dövriyyə ötən il 17.0 faiz artaraq 9 milyon 18 min dollardan 2022-ci ildə 10 milyon 809 min dollaradək yüksəlib. Qardaş Türkiyə ilə ticarət dövriyyəmiz ötən il 6.0 milyard dollara yaxınlaşıb: 2021-ci ildə 4 milyard 661 milyon dollar olan ticarət dövriyyəsi ötən il 5 milyard 842 milyon dollaradək yüksəlib.

2022-ci ildə Qazaxıstanla Türkiyə arasında ticarət dövriyyəsi 6 milyard dollar olub, onun 10 milyard dollara çatdırılması barədə razılıq əldə edilib. Ötən il Qazaxıstanın Özbəkistanla qarşılıqlı ticarəti 30 faiz artmaqla 2021-ci ildəki 3,8 milyard dollardan 5 milyard dollara çatıb.

Qazaxıstanla Türkmənistan arasında ticarətin həcmi isə 2021-ci ildəki 250 milyon dollara qarşı 2022-ci ildə 438,2 milyon dollara yüksəlib.

Qırğızıstan və Qazaxıstan sənaye ticarəti və logistika kompleksi yaratmağı  planlaşdırır - TURAZ.ORG

2022-ci ildə Qazaxıstan Qırğızıstanla ticarətin həcmini 100 milyon dollar artırmaqla 1,1 milyard dollara çatdırıb.

Asiyanın ikinci böyük türk dövləti olan Özbəkistanın Türkiyə ilə qarşılıqlı ticarətinin həcmi 2022-ci ildə 3 milyard 233 milyon dollar təşkil edib. Türkmənistanla isə alverin dəyəri 926,3 milyon dollara yüksəlib.

2022-ci ildə Özbəkistanla Qırğızıstan arasında ticarətin həcmi 1,3 milyard dollara çatıb.

Türkmənistanla Qırğızıstan arasında isə 2022-ci ildə qarşılıqlı alış-verişin həcmi 17,1 faiz artmaqla 82,16 milyon dollar təşkil edib. Türkmənlər Türkiyə ilə qarşılıqlı ticarət dövriyyəsini 21,9 faiz artırmaqla 2021-ci ildəki 1,7 milyard dollardan 2 milyard 67 milyon dollara çatdırıblar.

2022-ci ildə Türkiyə ilə Qırğızıstan arasında ticarət dövriyyəsinin həcmi 1,5 milyard dollara yaxın olub.

Ötən il bütün türk dövlətləri üzrə xarici investisiya qoyuluşunda artım baş verib. Belə ki, Azərbaycan iqtisadiyyatına birbaşa xarici sərmayə qoyuluşu 30,9 faiz artaraq 6,276 milyard dollara çatıb.

2022-ci ildə Özbəkistan iqtisadiyyatına qoyulan 9,9 milyard dollarlıq xarici investisiyanın 10,1 faizi Türkiyənin payına düşüb. Qırğızıstana yatırılan 1 milyard 46 milyon dollarlıq xarici investisiyalarda Türkiyənin payı 30,7 faizdir.

Qazaxıstan keçən il 28 milyard dollar xarici investisiya cəlb edib.

2022-ci ildə Türkiyəyə 12,8 milyard dollar birbaşa xarici investisiya yatırılıb. 2021-də bu göstərici 11,9 milyard dollar olmuşdu.

Göründüyü kimi, fondun təsisçiləri olan dövlətlərin iqtisadi əlaqələrinin daha da dərinləşməsi baxımından geniş imkanları mövcuddur. Yaradılacaq fond bu prosesdə mühüm vasitələrdən birinə çevrilə bilər...

Dünya SAKİT,
“Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR