İnsanlara hürriyət, millətlərə istiqlal!

Tülkünün dərisi

1696 29.07.2022 10:39 Yazarlar A A

Bugünlərdə məhkəmə İmişlinin icra başçısı olmuş Vilyam Hacıyevə 12 il həbs cəzası verdi. Hal-hazırda türmələrimizdə orta hesabla 7 icra başçısı yaşamaqdadır. Gözəl bir komandadır. Faktiki kölgə kabinetidir. Bunların da üstünə generalları, bəzi nazirləri gələndə bizdə az qala hamı “yatıb-çıxıbdır”. Ona görə oğru pop-kültürü, “Dolya vorovskaya” mahnısı, “AUE”, lotu temaları bitmək bilmir, daim aktualdır. Yayda yolum Bakının bir məktəbindən düşmüşdü, hasarlarda, məktəbin darvazasında, içəri dəhlizlərdə, hətta həyətdəki ağacların qabığında çoxlu oğru dünyası şüarlarına rast gəldim. “AUE - jizn voram” (rusca yazmışdılar - “oğrulara həyat” kimi bir məna verir), “Lotu Bəxtiyar yekdir”, “Lənkəranski ürək”, “Kişi türmədə olar” və sairə belə maraqlı, didaktik, pedaqoji, metodiki söhbətlər idi. Bunların çoxunu uşaqlar yazmışdı, əyri-üyrü xətlərdən, hərf səhvlərindən bilinirdi, lakin bəzilərində müəllim, pedaqoq barmağı hiss edilirdi.

Güman edirəm yeni tədris ilindən oğru aləminin lirik dünyası, romantik aləmi, sentimental həbsxana poeziyası uşaqlarımıza daha yaxşı öyrədilər, bunun üçün proqramlar dərinləşdirilər. Lazımdır. Bəlkə uşaq böyüdü, başçıdan, nazirdən, generaldan oldu? Dünyanın işini indidən bilmək olmaz. Tale yazısı, qismət nədir, bunu heç falçı seyidlərimiz çözməkdə çətinlik çəkirlər, gəl gör adi adam olsun. “Dərs ili uzadılsın, qısadılsın, yoxsa dərinləşsin”, “məktəbli paltarı hansı rəngdə olmalıdır”, “universitetə girə bilməyən uşaqlar ölməlidirmi”, “körpülərin altındakı qul bazarlarında neçə ali təhsilli var” tipli suallarla gündəmi məşğul edənəcən yetişməkdə olan nəslə prioritetlərimiz, milli adət-ənənələrimiz öyrədilməlidir. Tutulmayan oğru, xandan, bəydən doğru. Oğrudan oğruya halaldır. Oğru elə bağırdı, doğrunun bağrı yarıldı. Tülkü tülkülüyünü sübut edənəcən dərisi boğazından çıxar.

Yeri gəlmişkən, bu tülkünün döyülməsi mövzusu da maraqlı idi. Rayonlarımızdan birində iki zəhmətkeş bostandan qarpız oğurlayan bədbəxt tülkünü tutub eşşək kimi döymüşdülər, hələ utanmaz-utanmaz bunu videoya çəkib yaymışdılar. (Bu, heyvanlara qarşı qəddarlıq sayılır. Gərək tülkünü tutanda dərhal vurub öldürəsən, dərisini soyub arvada palto tikəsən. Yoxsa bu işi uzadanda əlaqədar orqanlar araya girir. Eyni şey bütün heyvanlara aiddir. Toyuğu tut kəs, bu, qəddarlıq sayılmır. Lakin həmin toyuğu çubuqla döyə-döyə videoya çəksən, sənə 30 sutka düşür. Maraqlı hüquq sistemimiz var. İnsafən, tək bizdə deyil, dünyanın çox yerində heyvan temasında bu cür ikiüzlülük geniş yayılmışdır).

Belə baxanda tülkü də özünə görə oğru aləminin nümayəndəsidir, əsasən toyuq-cücə korrupsiyası işlərinə məşğuldur. Abdulla Şaiq vaxtilə bu mövzuda yaxşı poema da yazmışdır. Bəs yaxşı oğlanlar bu haqsızlığa susardımı? Susmadılar. Tülkünü döyənləri tutub həbs cəzası verdilər. Artıq istənilən rayonda tülkülər qarpızları yeyə bilər. Eynilə, rayondan Bakıya qarpız gətirən kəndliləri yolda tutub soymaq icazəlidir.

Məni hadisənin başqa, miqyas elementləri də düşündürdü. Bəlkə xatırlayarsınız, bir neçə il qabaq Bakıda hansısa vətəndaş dələni daşla vurub ağacdan salmış, ölüsü ilə şəkil çəkdirmişdi. Gəlin etiraf edək, igidlərimizə dələ ovlamaq heç yaraşmırdı. İndi tülkünün ovlanması prosesin irilənməsi deməkdir. (Çaşıb “irinləməsi” yazmışdım - yanlış da bir naxış olmuşdu). Əgər dələ vuranı bələdiyyə sədri, tülkü tutanları icra başçısı qoymaq olarsa, hesab edirəm yaxın gələcəkdə ayı ovçularımızı nazir qoya biləcəyik.

Proses şaxələnməli, qeyri-neft sektorumuz inkişaf etməlidir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR