İnsanlara hürriyət, millətlərə istiqlal!

Trendyol-un gəlişi, Azərbaycan e-ticarət ekosisteminə necə təsir edəcək ?

1635 01.05.2023 14:03 İqtisadiyyat A A

 

Məlum olduğu kimi Türkiyənin aparıcı e-ticarət platforması və Avropanın ən böyük texnologiya şirkətlərindən biri olan “Trendyol” “PAŞA Holding” ilə müqavilə bağlayıb. Müqaviləyə əsasən, tərəflər Azərbaycanda birgə elektron ticarət xidmətləri göstərəcək.

“Trendyol” və “PAŞA Holdinq” Azərbaycanda e-ticarət xidmətlərinin göstərilməsi üçün birgə şirkətin yaradılması barədə razılığa gəliblər.

Bəs “Trendyol” və “PAŞA Holdinq” arasında anlaşma Azərbaycan e-ticarət ekosisteminə necə təsir edəcək ?

Mövzu ilə bağlı ekspert Osman Gündüz bildirib ki, “Trendyol”un Azərbaycana gəlişi çoxdan gözlənilirdi, amma onun "PAŞA Holdinq"lə anlaşma çərçivəsində gəlişi bir qədər gözlənilməz olub:

 412956155_10901000668_1920x0_80.jpg (185 KB)

"Ötən günlər bu iki qurum İstanbulda keçirilən TEKNOFEST çərçivəsində Azərbaycanda birgə fəaliyyətlə bağlı anlaşma imzalayıblar.

Bu gəliş və anlaşma Azərbaycan bazarına necə təsir edəcək?

 

  1. “Trendyol” kimi nəhəng, bazar təcrübəsi olan və məşhur bir e-ticarət platformasının  Azərbaycan bazarına daxil olması ekosistemin inkişafı baxımından, yeni e-ticarət mədəniyyətinin formalaşması, xidmətlərin daha sürətli əldə edilməsi, innovasiyaların və texnologiyaların tətbiqi,  əlçatanlıq, daha rahat alış- veriş şəraiti, müştəri loyallığı və güvənlik baxımından müsbət addım olaraq dəyərləndirilə bilər.
  1. Amma dərhal da qeyd edim ki, yalnız  “Trendyol”a istiqamətlənən onlarla yerli, kiçik karqo şirkətlərimiz üçün rəqabət çox çətinləşəcək.

Güman etmək olar ki, onların çoxu, digər bazarlara çıxış imkanı qazanmasalar rəqabətə tab gətirməyəcək və bağlanmaq təhlükəsi ilə üzləşə biləcəklər.

Xatırladıram ki, son 2-3 ildə bu tip karqo şirkətlərinin sayı 200-ə çatmışdı.

Əslində, digər xidmətlər təqdim etməyən, yalnız "aralıq" funksiyası göstərən bu tip şirkətlərin nə zamansa təhlükə ilə üzləşəcəyi proqnozlaşdırılan idi.

  1. Düşünürəm ki,  nisbətən böyük karqo şirkətlərimiz, “Trendyol”dan fərqli olan mağaza və platformalar üzərindən də xidmət göstərənlər, dəyişikliyə uyğunlaşmaqla, yeni bazarlar əldə etməklə  və innovasiyaları genişləndirməklə rəqabətə davam gətirə biləcəklər.

“PAŞA Holdinq”in bu şirkətlərlə münasibəti və çatdırılma sahəsində onlarla əməkdaşlığı da bu karqo şirkətlərinin gələcək taleyində mühüm rol oynayacaq

  1. Düşünmək olar ki, e-ticarət ekosistemində “PAŞA  Holdinq”in , onun e-ticarət platforması olan Umico-nun xüsusi çəkisi artacaq. “PAŞA  Holdinq” bu bazarda nəhəng oyunçuya çevriləcək. Güman ki, “Trendyol” üzərindən bütün alış-veriş əməliyyatların ödəniş sistemi PAŞA Bankın ödəniş sistemi ilə  reallaşacaq. “PAŞA Holdinq” və “Trendyol” anlaşmalarının Umico-nun güclənməsinə xidmət edəcəyi şəksizdir. Çatdırılma infrastrukturu da olan Umico daha geniş müştəri bazası əldə edə biləcək və s.

Bu baxımdan yerli e-ticarət qurumları üçün də risklər qaçılmaz ola bilər.

“PAŞA Holdinq” son zamanlar yeni ödəniş sistemləri də formalaşdırıb. Güman ki, “Trendyol”, “Yemək” və s. servislər də yaxınlarda Azərbaycan bazarına daxil olacaq".

Bəs “Trendyol”un gəlişindən sonra Azərbaycan vətəndaşları  üçün qiymətlər necə olacaq?

Osman Gündüz bununla bağlı qeyd edib ki, anlaşmanı imzalayan “PAŞA Holdinq” rəhbəri  Cəlal Qasımov daha sərfəli qiymətlərin və məhsul çeşidlərinə çıxış imkanlarının olacağını bildirib:

"Amma Azərbaycan bazarında olan bəzi brendlərin “Trendyol” vasitəsilə satışında məhdudiyyətlərin olacağını indidən proqnozlaşdırmaq olar. Ümumiyyətlə, qiymət siyasətinin necə olacağını güman ki, yaxın zamanlarda görəcəyik.

Ümid edək ki, daha sərfəli və ağlabatan qiymətlər olacaq".

 

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR