İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın Hörmüz bəyanatının pərdəarxası

472 12.06.2026 20:13 Dünya A A

Ağ Evin oval ofisində kameralar qarşısına keçən Donald Tramp özünəməxsus dramatik tonla növbəti sensasiya pərdəsini açıb. Onun iddiasına görə, ABŞ Silahlı Qüvvələri son bir ayda Hörmüz boğazından 200-dən çox kommersiya gəmisinin və 100 milyon barreldən artıq neftin təhlükəsiz keçidini təmin edən gizli missiya həyata keçirib.

"Biz gecə vaxtı, işıqları söndürülmüş 22 gəmini keçirdik. Çünki İranın radarı yoxdur ", deyən Tramp regionda iplərin tamamilə Amerikanın əlində olduğunu elan etdi. Lakin bu bəyanatdan cəmi bir neçə saat sonra Konqresdəki dinləmələrdə fərqli bir mənzərə yarandı. ABŞ-ın Enerji naziri Kris Rayta prezidentin bu sözlərini təsdiqləyib-təsdiqləmədiyi soruşulduqda, o, belə bir cavab verdi: "Bu haqda məlumatım yoxdur... Amma düşünmürəm ki, prezident yalan danışır".

Nazir mətbuatın sualları qarşısında Trampı “müstəsna lider” adlandıraraq vəziyyətdən çıxmağa çalışdı.
Bəs Ağ Evlə onun kabinet üzvü arasındakı bu ziddiyyət nə dərəcədə dərindir? Hörmüz boğazında həqiqətənmi gizli bir hərbi dastan yazılır, yoxsa bu, neft qiymətlərini cilovlamağa yönəlmiş növbəti siyasi manipulyasiyadır? Siyasi şərhçi Kamran Məmmədli Musavat.com-a deyib ki, bu hadisə "böyük dövlət diplomatiyasının teatrallaşdırılmış forması"dır: “Riyazi baxımdan Trampın qeyd etdiyi 100 milyon barrel neft böyük görünsə də, böhran qabağı dövrdə Hörmüz boğazından cəmi 5 gün ərzində keçən həcmə bərabərdir. Gündəlik təxminən 20 milyon barrel. ABŞ və İsrailin fevral ayında İrana qarşı başlatdığı hərbi əməliyyatlardan sonra boğaz faktiki olaraq blokada vəziyyətindədir və dünya neft bazarı ciddi enerji aclığı yaşayır. Dəniz kəşfiyyatı orqanlarının yaydığı məlumatlar göstərir ki, bölgədə həqiqətən də hərəkətlilik var. Amma bu, Trampın təsvir etdiyi kimi ABŞ esmineslərinin bayraq nümayişi ilə gəmiləri aşkar müşayiət etməsi deyil. Baş verənlər diplomatik dildə “Kölgə Tranzitləri” (Shadow Transits) adlanır.

Tankerlər İrana hədəf olmamaq üçün AIS (Avtomatik Tanıma Sistemi) ötürücülərini söndürür, gecə qaranlığında, Oman sahili yaxınlığındakı təhlükəsiz koridorla boğazdan çıxırlar. ABŞ isə bu prosesə birbaşa hərbi müşayiətlə deyil, dronlar və süni intellektli dəniz sistemləri vasitəsilə “üst müşahidə” dəstəyi verir. Yəni, ortada hərbi fəaliyyət var, lakin Tramp adi, texniki xarakterli təhlükəsizlik koordinasiyasını götürüb siyasi arenada "böyük qələbə" kimi kapitallaşdırır”.

Belədirsə, bəs ABŞ enerji naziri niyə "məlumatım yoxdur" dedi?

Kamran Məmmədlinin sözlərinə görə böyük dövlətlərin idarəetmə sistemində nazirlər rəqəmlərə görə hüquqi və maliyyə məsuliyyəti daşıyırlar: “Kris Rayt yaxşı bilir ki, əgər o, Konqres qarşısında Trampın “200 gəmi və 100 milyon barrel” rəqəmini rəsmən təsdiqləsə, qanunvericilər dərhal ondan bu əməliyyatın xərclərini, hüquqi əsaslarını və sığorta risklərini tələb edəcəklər. Ona görə də nazir burada taktiki neytrallıq nümayiş etdirib. O, prezidenti təkzib edib administrasiyanı zərbə altında qoymur, yəni prezidentin yalan danışdığını demir, eyni zamanda özünü hüquqi məsuliyyətdən sığortalayır. Bu, Vaşinqton koridorlarında tez-tez rast gəlinən, siyasətlə bürokratiyanın toqquşma nöqtəsidir”.

Kamran Məmmədlinin sözlərinə görə Trampın bu bəyanatın vaxtı təsadüfi seçilməyib: “Nyu-York və London birjalarında Brent markalı neftin qiyməti son aylarda 110 dolları keçmişdi və yalnız son günlərdə 91-93 dollar diapazonuna enib. Tramp bu enişi dərhal öz aktivinə yazmaq və noyabrda keçiriləcək mühüm Konqres seçkiləri öncəsi daxili auditoriyaya inflyasiyanın cilovlandığı mesajını vermək istəyir. Lakin mesajın xarici ünvanları daha dərindir. ABŞ göstərmək istəyir ki, İranın boğazı tam bağlamaq rıçaqı işləmir. Vaşinqton Tehranı masaya oturtmaq üçün həm hərbi güc tətbiq edir, həm də onun iqtisadi boğulmasını nümayiş etdirir. Hörmüzdən keçən neftin ən böyük alıcısı Asiya bazarları, xüsusən də Çindir. Vaşinqton faktiki olaraq Pekinə xatırladır ki, onun iqtisadiyyatını qidalandıran damarların təhlükəsizliyi hələ də Amerika donanmasının iradəsindən asılıdır. Trampın bir müddət əvvəl Avropa müttəfiqlərinə yönəlik "Gedin öz neftinizi özünüz qoruyun, ABŞ artıq orada olmayacaq" bəyanatını xatırlasaq, bu son gediş həm də müttəfiqlərə qiymət diqtə etmək alətidir. Yəni Hörmüz boğazında ABŞ tərəfindən heç bir fantastik hərbi dastan yazılmayıb. Ortada real, riskli və çətin şərtlərdə həyata keçirilən gizli dəniz logistikası var. Lakin Donald Trampın masasında bu logistika hərbi hesabat deyil, geosiyasi rəqiblərə qarşı təzyiq və daxili siyasi reytinq qazanmaq üçün əvəzsiz bir xammaldır. Ağ Ev rəqəmlərlə illüziya yaradır, nazirlik isə real mənzərəni pərdələyir. Böyük dövlətlərin siyasəti hər zaman olduğu kimi, bu iki reallığın arasındakı boz zonada formalaşır”.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR