Donald Trampın ikinci prezidentlik dövrünün ilk aylarında Türkmənistan lideri Qurbanqulu Berdiməhəmmədov gizli şəkildə Floridaya səfər edib.
Musavat.com xəbər verir ki, bu barədə "Politico" saytı məlumat yayıb.
Onun hökumətinə məxsus iki "Boeing" təyyarəsinin Fort-Loderdeyl hava limanına enməsi ABŞ mediasının diqqətini cəlb etsə də, səfər bir neçə gün məxfi saxlanılıb. Türkmənistan Xarici İşlər Nazirliyi yalnız sonradan Berdiməhəmmədovun ABŞ-də olduğunu təsdiqləyərək səfərin iki ölkə arasında münasibətlərdə "yeni mərhələ" açacağını bəyan edib.
Məqalədə bildirilir ki, Berdiməhəmmədovun əsas məqsədi Tramp administrasiyasına yaxın biznes və siyasi çevrələrlə əlaqələr qurmaq idi.
Ekspertlərin fikrincə, o, Donald Trampın təşəbbüsü olan "Board of Peace" adlı yeni beynəlxalq təşkilata qoşulmaq istəyirdi. Lakin təşkilata təsisçi üzv kimi daxil olmaq üçün tələb olunan 1 milyard dollarlıq ödənişdən yayınmağa çalışdığı, bunun əvəzində isə Trampın yaxın ətrafına sərfəli biznes layihələri təklif etdiyi iddia olunur.
Səfər çərçivəsində Qurbanqulu Berdiməhəmmədov Trampın yaxın çevrəsinə daxil olan bir sıra tanınmış iş adamları ilə görüşüb. Onların arasında Stiv Uinn, "Nicklaus Companies" şirkətinin rəhbəri Con Riz, milyarderlər Ayzek Perlmutter, Uilyam Koks, eləcə də ABŞ–Türkmənistan Biznes Şurasının rəhbəri Erik Stüart olub. Məqalədə qeyd olunur ki, bu görüşlər zamanı Türkmənistanın təbii qaz ehtiyatları, nadir torpaq metalları, qolf infrastrukturu, "Boeing" təyyarələrinin alınması və "John Deere" kənd təsərrüfatı texnikasının tədarükü kimi layihələr müzakirə edilib.
Yazıda həmçinin qeyd olunur ki, Türkmənistan ABŞ ilə münasibətləri inkişaf etdirməklə Rusiya və Çindən asılılığını müəyyən qədər azaltmağa çalışır.
Musavat.com






