ABŞ prezidenti Donald Trampa İran siyasətinə görə həm Konqresdə, həm də partiyası daxilində təzyiqlər artır.
Musavat.com xəbər verir ki, “CNN”-nin tanınmış siyasi şərhçisi Aron Bleyk Trampın manevr imkanlarının getdikcə daraldığını və Ağ Ev rəhbərinin siyasi baxımdan əvvəlkindən daha çətin vəziyyətə düşdüyünü yazıb.
Müəllifin fikrincə, bunun ən bariz nümunəsi Nümayəndələr Palatasında Trampın İranla bağlı hərbi səlahiyyətlərinin məhdudlaşdırılmasını nəzərdə tutan qətnamənin qəbul edilməsi olub. Nümayəndələr Palatasının spikeri Mayk Conson səsvermədən əvvəl respublikaçıları sənədin əleyhinə çıxmağa çağırsa da, dörd respublikaçı deputat demokratlarla birlikdə qətnamənin lehinə səs verib. Nəticədə sənəd 215-208 hesabı ilə qəbul olunub və bu, Trampın prezidentliyi dövründə aldığı ən ciddi siyasi zərbələrdən biri kimi qiymətləndirilir.
Məqalədə vurğulanır ki, əgər qətnamə Senatdan da keçərsə, Tramp ya İrana qarşı hərbi əməliyyatları dayandırmalı, ya da Konqresdən ayrıca icazə almalı olacaq. Bu isə prezidentin xarici siyasət sahəsində hərəkət imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıra bilər.
Bleyk hesab edir ki, İran məsələsi Trampın üzləşdiyi yeganə problem deyil. Son həftələrdə Kennedi Mərkəzi ilə bağlı məhkəmə qərarları, “anti-silahlaşdırma fondu” ətrafında yaranan qalmaqal, Konqresdə artan narazılıq və Respublikaçılar Partiyası daxilindəki fikir ayrılıqları prezidentin siyasi mövqelərini zəiflədib. Müəllif qeyd edir ki, Tramp uzun müddətdir İran rəhbərliyini danışıqlara məcbur etməyə çalışsa da, bu strategiyanın nəticə verəcəyinə dair ciddi əlamətlər görünmür. Üstəlik, prezidentin dəfələrlə hərbi eskalasiya ilə bağlı sərt bəyanatlar verməsi Tehranın bu təhdidlərə əvvəlki qədər ciddi yanaşmamasına səbəb olub. “CNN”-nin qənaətinə görə, Tramp həm İran müharibəsinin yaratdığı siyasi yük, həm də Konqresdə artan müqavimət səbəbindən getdikcə daha çətin vəziyyətə düşür. Müəllif hesab edir ki, Senat Nümayəndələr Palatasının yolunu tutarsa, Ağ Ev rəhbərinin manevr imkanları daha da məhdudlaşacaq.
Musavat.com






