İnsanlara hürriyət, millətlərə istiqlal!

Tonoyan 44 günlük savaşla bağlı SENSASİON məlumatlar verəcək

751 12.07.2023 17:14 Region A A

Ermənistanda 2-ci Qarabağ savaşının nəticələrini araşdırmaq məqsədilə parlamentdə təşkil olunan komissiya keçmiş müdafiə naziri David Tonoyanın ifadəsini dinləyə bilər.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, məhkəmə David Tonoyanın vəsatətini təmin edərsə, komissiyanın iclası avqustun 1-də baş tuta bilər.

Həmin informasiyanı parlamentin müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının sədri Andranik Köçəryan da təsdiqləyib. O, Tonoyana komissiyaya gəlmək və nə istədiyini bildirmək üçün müstəsna imkan verməyə hazır olduğunun söyləyib.

Andranik Köçəryan keçmiş müdafiə nazirinə komissiyada bağlı qapılar arxasında danışmaq və ya baş nazir Paşinyanda olduğu kimi, canlı çıxış etmək seçimi verəcəyini də vəd edib. Köçəryan məhkəmənin müsbət qərar çıxaracağına ümid etdiyini bildirib.

Xatırladaq ki, bununla bağlı vəsatət iyul ayının 4-də David Tonoyanın özü tərəfindən məhkəmə qarşısında qaldırılıb. O, Nikol Paşinyanın və Ermənistan silahlı qüvvələrinin baş qərargahının keçmiş rəisi Onik Qasparyanın komissiyada çıxışlarından sonra belə bir qərara gəldiyini deyib.

“Hərbi əməliyyatlara rəhbərlikdə əsas rol oynamış bir şəxs kimi mənim ölkə üçün ən vacib və strateji məsələlər üzrə komissiyaya deyəcəklərim var”, - deyə David Tonoyan qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR