İnsanlara hürriyət, millətlərə istiqlal!

Tolik Zaur Kamalı tərbiyəsizlikdə ittiham etdi

1915 30.06.2022 15:39 Şou-biznes A A

ARB kanalında yayımlanan “Həmin Zaur” verilişində qalmaqal baş verib. Belə ki, proqramın aparıcısı Zaur Kamal və Güney Azərbaycandan olan Afşin Azəri arasında mübahisə yaşanıb. Sənətçi aparıcının “İrandan çoxsaylı tamaşaçımız olduğu üçün burdasınız” sözlərinə “O sizin fikrinizdir, mən heç nə deyə bilmərəm. Yəni deyirsiniz ki, məni Azərbaycanda sevmirlər?”, - deyə cavab verib. Aparıcı isə öz növbəsində “Şəhərdə müsahibə götürdük, adınızı bilmirlər, amma mahnılarınızı eşidiblər. Efirdən əvvəl mənimlə başqa tonda danışdınız, xoşuma gəlmədi. Dediniz ki, Ali Pormehr və ya digər iranlı müğənnilər kimdir ki, mənim yanımda? İranda səhnələri doldururam”, - deyib.

Güneyli müğənni Afşin Azəri isə Zaurun bəhs etdiyi söhbəti xatırlamadığını bildirib: “Dediyiniz söz-söhbət mənim yadıma gəlmir. İki kişinin xüsusi söhbəti bir-birinin yanında qalsa, daha yaxşı olar”. Bu zaman aparıcı “Mən səni efirdən çıxaracağam, sən bir də mənim proqramımda olmayacaqsan” deyib, onu efirdən qovub.

Aparıcının davranışı ictimaiyyətdə hiddətlə qarşılanıb. Əksəriyyət Zaurun güneyli müğənniyə qarşı nümayiş etdirdiyi davranışa görə onun efirdən uzaqlaşdırılmasını, cəzalandırılmasını tələb edib.

Olaya tanınmışlardan da reaksiya gəlib. Belə ki, aparıcı, prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkədə müğənni Afşin Azəri ilə birgə fotosunu paylaşaraq, Zaur Kamalı və şounu yayımlayan ARB televiziyasını tərbiyəsizlikdə günahlandırıb: “Burada özümə nə reklam, nə də xal qazanmaq fikrindəyəm. Amma onu bilirəm ki, İranda Azərbaycan qanı daşıyan 40 milyon azərbaycanlı var. Onlar bizi hər zaman özlərindən bilirlər. Afşini dəfələrlə efirimə dəvət etmişəm. Zaur da bu gün növbəti dəfə Afşini öz verilişinə dəvət edib. Amma illərlə televiziyada öz tamaşaçı kütləsini yığan və özü dediyi kimi, İranda yaşayan həmvətənlərimizin izlədiyi bir verilişdə azərbaycanlı olsa da, ölkəmizdə qonaq olan tanınmış bir sənətçini canlı efirdən qovmaq həm kanal, həm də ölkə adına tərbiyəsizlikdir. Sabah İranda yaşayan erməni deyəcək ki, bəs deyirdiniz öz vətənimizdir?! Vətəninizdə sənətçinizi efirdən qovurlar. Afşin, mən öz adımdan deyim ki, sən tərbiyən və səbrinlə bir çoxuna nümunə oldun! Yaşa! Bir də çox yaxşı dedin, kişi arasında olan söz elə kişi arasında qalar”.

Məsələyə rəsmi reaksiya da verilib.

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli sfera.az saytına açıqlamasında bildirib ki, Zaur Kamalın efirdəki son davranışı ilə bağlı ölçü götürüləcək. O, televiziya mühiti üçün konkret standartların olduğunu deyib: “Efirin öz şərtləri və mədəniyyəti var. Televiziya auditoriyaya ən çox nüfuz edən kommunikasiya vasitələrindən biridir. Bunları nəzərə alaraq efirin konkret standartları müəyyənləşib. Bu isə bizim qanunverici işlərlə tənzimlənir. Efirdə gedən verilişlərə nəzarət edən, monitorinq aparan Audiovizual Şura var. Şuranın işində isə son zamanlar kifayət qədər yeniliklər olub və görürük ki, təşkilat bütün televiziyaları diqqətlə monitorinq edib, adekvat addımlar atır”.

M.Ələsgərli Zaur Kamalın milli-mənəvi dəyərlərə zidd davranış sərgiləməməli olduğunu vurğulayıb: “Hesab edirik ki, efirdə milli-mənəvi dəyərlərə, ictimai davranışlara zidd hərəkətlərə yol verilməsi yanlış addımdır. Bu kimi hallar sonradan insident yaradır və bu, başqaları tərəfindən də təkrarlana bilər. Odur ki, Zaur Kamalın davranışı ilə bağlı ölçü götürülməlidir. Audiovizual Şura bu məsələylə bağlı xəbərdaredici addımlar atacaq”.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR