İnsanlara hürriyət, millətlərə istiqlal!

“TikTok”da tələ: 29-30 minə surroqat analıq adı altında riskli sxem  FOTO VİDEO

672 16.01.2026 18:41 Ölkə A A

Deputatdan SOS: “Surroqat analıq milli təhlükəsizlik riskinə çevrilə bilər”

Son vaxtlar sosial şəbəkələrdə (əsasən “TikTok” )və qapalı onlayn qruplarda qadınlara “daşıyıcı ana” adı altında yüksək qazanc vəd edən anonim təkliflərin artması diqqət çəkir. Elanlarda qısa müddətdə minlərlə dollar gəlir əldə etmək, bir ailəyə “ümid olmaq”, “daşıyıcı ana ol, 30 min manata gəlir əldə et” kimi cəlbedici ifadələrdən istifadə olunur. Təkliflərin əsas mahiyyəti qadınların surroqat analıq yolu ilə uşaq daşımasına yönəlib və prosesin ölkə xaricində – əsasən Gürcüstanda həyata keçirildiyi bildirilir.

DASİY.png (102 KB)

Məlumatlara görə, bu fəaliyyət qeyri-şəffaf şəkildə təşkil olunur, bütün razılaşmalar qapalı kanallar üzərindən aparılır və tərəflərin kimliyi açıq şəkildə məlum olmur. Qadınlara tibbi xərclərin və yaşayışın qarşılanacağı, ödənişin isə hamiləliyin son mərhələsində veriləcəyi vəd edilir. Əsas seçim meyarı gənc və sağlam qadınlar hesab olunur.

Məsələnin ciddiliyi isə hüquqi boşluqlardan qaynaqlanır. Azərbaycanda surroqat analığı tənzimləyən konkret mexanizmlər mövcud deyil, bu da belə sxemlərin formalaşmasına zəmin yaradır. Gürcüstanda isə surroqat analıq uzun illərdir qanunla tənzimlənir və valideynlik hüquqları əvvəlcədən dəqiq müəyyən olunur.

ceyhun.jpg (76 KB)

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov mövzu ilə bağlı Musavat.com-a deyib ki, burada əsas diqqət cəmiyyətə və milli kimliyimizə təsir edən məqamlara yönəlməlidir.

Deputatın sözlərinə görə, maddi ehtiyac fonunda insanların hər şeyə razılaşmağa hazır olması təhlükəli tendensiyadır:

“Bu gün insanların müəyyən mövzularda geri çəkilməsi, pula görə hər şeyə razılaşmağa meyilli olması müşahidə edilir. Əlbəttə, pula hər kəsin ehtiyacı var, insanlar yaşamalı və özlərini təmin etməlidirlər. Amma pula görə insanlar hər şeyə getməməlidirlər”.

Ceyhun Məmmədov vurğulayıb ki, bu cür məsələlərdə milli-mənəvi dəyərlər mütləq nəzərə alınmalıdır:

“Belə addımlar mənəvi dəyərlərimizin zəifləməsinə səbəb ola bilər. Biz ciddi nəticələri düşünmədən, dərin təhlil aparmadan hansısa qərar qəbul etməməliyik”.

Deputat bəzi yanaşmaların dinlə uzlaşdırılmağa çalışılmasını da düzgün hesab etmir:

“Dinimiz bu məsələyə açıq və birmənalı şəkildə mənfi münasibət göstərir. Burada məhrəm–naməhrəm məsələsi var, halal-haram məsələsi var, ailə institutuna təsir edən ciddi məqamlar mövcuddur”.

Ceyhun Məmmədov məsələni həm də milli təhlükəsizlik kontekstində qiymətləndirib:

“Bu cür proseslərə laqeyd yanaşmaq olmaz. Sabah bu mexanizmlərdən milli təhlükəsizliyimiz əleyhinə də istifadə edilə bilər. Bu, yalnız sosial məsələ deyil, həm də milli şüur və milli təhlükəsizlik məsələsidir”.

Deputat bildirib ki, hüquq-mühafizə orqanları qeyri-qanuni halların qarşısının alınması istiqamətində fəaliyyət göstərir, lakin vətəndaşların məsuliyyəti daha böyükdür:

“Belə hallarla rastlaşan şəxslər mövcud faktları mütləq aidiyyəti qurumlara təqdim etməlidirlər ki, bu cür proseslərin qarşısı vaxtında alınsın”.

Millət vəkili vətəndaşlara maddi marağa aldanmamaq çağırışı da edib:

“Hər hansı məbləğin cəlbediciliyinə aldanaraq düşünülməmiş addımlar atmaq olmaz. Atılan hər addımın məsuliyyətini sonda həmin insan özü daşıyır. Gələcəkdə bu cür mexanizmlərdən cinayət, terror və digər qeyri-qanuni məqsədlər üçün də istifadə edilə bilər”.

Deputat sonda vətəndaşlara xüsusi xəbərdarlıq edib:

“İnsanlarımız bu kimi məsələlərə qarşı diqqətli olmalıdırlar. Çünki bunun arxasında çox ciddi niyyətlər və məqsədlər dayana bilər”.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR