İnsanlara hürriyət, millətlərə istiqlal!

““Tərtər işi”ndə qanunsuzluq edən hərbçilər, istintaqçılar, hakimlər cəzalanmalıdır”- hüquqşünas

828 21.04.2022 10:50 Gündəm A A

“Tərtər işi” ilə bağlı ümumilikdə 397 zərərçəkmiş şəxs müəyyən edilib. Tərtər işi üzrə 2021-ci ilin dekabrında yenidən istintaq araşdırmaları başlayandan sonra işgəncə və başqa qanunsuz hərəkətlərə məruz qalmış 280 nəfər zərərçəkmiş qismində tanınıb. Əvvəlki dövrdə zərərçəkmiş kimi cəlb olunanlarla birlikdə hazırda ümumilikdə 397 nəfər zərərçəkmiş var. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. Bundan başqa, Tərtər hadisələri zamanı dövlətə xəyanət ittihamı ilə həbs edilən, sonradan bu ittiham öz təsdiqini tapmadığına görə hərbi xidmət əleyhinə başqa əməlslərdə təqsirləndirilərək məhkum edilən 16 nəfər haqqında da hökmlər ləğv olunub. Onların işlərini məhkəmələr əlavə istintaq aparılması üçün prokurorluğa qaytarıb. “Həmin şəxslər barəsində cinayət təqibi ilə bağlı bütün hallar hərtərəfli, tam və obyektiv araşdırılaraq yenidən yekun qərarların qəbul edilməsi təmin ediləcək”, - Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Bəs ekspertlər Tərtər işi ilə bağlı təkrar istintaqın gedişindən razıdırlarmı? İnsan haqları üzrə ixtisaslaşmış QHT-lər, hüquq müdafiəçiləri proseslə yaxından maraqlanırlarmı? Baş Prokurorluq ictimai nəzarətin həyata keçirilməsini təmin edirmi? Medianın bu prosesdə ictimai nəzarəti qaneedicidirmi?

Sabiq deputat Çingiz Qənizadə “Yeni Müsavat”a deyib ki, cinayət işinin istintaqının təzələnib yenidən baş prokurorun və onun 1-ci müavininin nəzarəti altında aparılması təqdir olunmalıdır: “İlkin olaraq Baş Prokurorluğun rəsmi açıqlamasında göstərilən rəqəmlər, ləğv edilmiş cinayət işləri, vətənə xəyanətdə ittiham olunaraq məhkum edilmiş hərbçilərə bəraət verilməsi təbii ki, çox insanları sevindirdi. Burada cinayət məsuliyyətindən başqa mənəvi məsuliyyət məsələsi də var. Günahsız hərbçiləri vətənə xəyanət maddəsi ilə məhkum etmək təkcə onların özünə qarşı deyil, nəsil-nəcabətlərinə qarşı törədilmiş mənəvi və hüquqi cinayətdir.  Onlar ömür boyu xəcalətli yaşayacaqdılar”.

Oxu.az - Çingiz Qənizadə: “İndi açıqlama vermək vaxtıdır?!”

Çingiz Qənizadə: “Günahsız hərbçiləri vətənə xəyanət maddəsi ilə məhkum etmək təkcə onların özünə qarşı deyil, nəsil-nəcabətlərinə qarşı törədilmiş mənəvi və hüquqi cinayətdir”

Çingiz Qənizadə deyib ki, yenilənmiş istintaqla Baş Prokurorluq  qısa zaman kəsiyində işgəncələrə məruz qalan, döyülən, azadlıqdan məhrum edilən 400-ə yaxın hərbçini müəyyən edib: “Əvvəlki istintaqda zərərçəkənlərin sayı 200 nəfərə yaxın idi. Bu nə deməkdir? Deməli, Baş Prokurorluq ciddi şəkildə istintaq aparır. 1 şəxslə bağlı bəzən 3-4, hətta 6 cild material toplanılır. Nəzərə alsaq ki, zərərçəkənlər 398 nəfərdir, istintaqın böyük səylə işlədiyini söyləyə bilərik. Bu işlə bağlı tez-tez rəsmi məlumatların verilməməsi istntaq sirri ilə əlaqədardır. İstintaqın sirri qorunmalıdır ki, istintaqa təzyiq edə biləcək amillər ortaya çıxmasın”.

Çingiz Qənizadə deyir ki, iş üzrə istintaq qondarma hökmlər çıxarmış hakimləri də əhatə etməlidir: “Hərbçilərə işgəncə vermiş 7 nəfər barəsində müəyyən qanunauyğun tədbirlər görülüb. Bir nəfər isə axtarışdadır. Bu adamlar icraçılardır. Təşkilatçılar, təhrikçilər də müəyyən edilib cəzaya çatdırılmalıdır. Bir çoxları barəsində istintaq yenilənib. Vətənə xəyanət ittihamı sübuta yetirilmədikdə, hərbçiləri digər maddələrlə azadlıqdan məhrum ediblər. Bu işlər üzrə hökm çıxaran hakimlər də cəzalandırılmalıdır. Cəmiyyət bunu gözləyir. Dövlət başçısı bu məsələni nəzarətə götürüb. Bu işdə qanunsuzluqlara yol vermiş hərbçilər, istintaqçılar və hakimlər cəzaya çatdırılmalıdır. Generallar olsa belə, məsuliyyətdən yayına bilməyəcəklər”.

Rəşad Məcid deyəndə...

 Rəşad Məcid 

“525"-ci qəzetin baş redaktoru Rəşad Məcid  ”Yeni Müsavat"a deyib ki, “Tərtər işi”nin araşdırılmaması cəmiyyətə mənfi planda təsir edirdi: “Bu iş üzrə günahkarların cəzalandırılmaması cəmiyyətdə böyük narazılıq yaradırdı. İşin mahiyyətinin açılıb cəmiyyətə çatdırılması çox vacibdir. Müdafiə Nazirliyi sistemində belə bir halların olması məyusedici və ağrılıdır. İnsanların ölümündən sonra onlara bəraət verilməsi yaxşı hal olsa da, insan talelərinə belə biganə münasibət məyusluq doğurur. Bu hallara yol vermiş şəxslər vəzifələrindən asılı olmayaraq cəzalandırılmalıdır”.

Rəşad Məcid deyib ki, ümumiyyətlə, “Tərtər işi”nin kökü, yaranma səbəbləri araşdırılmalıdır: “Kimlər yanlış məlumat verib, məqsədləri nə olub, niyə bu qədər günahsız hərbçimizin həbsi belə asan şəkildə gerçəkləşib suallarına aydınlıq gətirilməlidir ki, işin mahiyyəti ortaya çıxsın!”

Ədalət Verdiyev: Günün sonuna qədər düşmənin artan itkiləri barədə yeni  məlumatlar əldə edəcəyik - "İki sahil"

Ədalət Verdiyev: “Bu işlərin başında dayananlar cinayət məsuliyyətinə cəlb edilməlidir ki, casus şəbəkəsi birdəfəlik olaraq Azərbaycanda bitirilsin”

Hərbi ekspert Ədalət Verdiyev “Yeni Müsavat”a deyib ki, “Tərtər işi” baş verərkən Nəcməddin Sadıkov Müdafiə Nazirliyi Baş Qərargah rəisi, bacısı oğlu Ramil Əsgərov isə Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi olub: “Hər iki şəxs bu iş üzrə proseslərə birbaşa müdaxilələr edib, tapşırıqlar veriblər. Bu günə qədər də aydın deyil ki, Hərbi Dəniz Qüvvələrinin bölmələri bu proseslərə niyə cəlb olunublar. Onların funksiyaları tamamilə fərqlidir. Bu bölmələrin istintaqa cəlb olunmuş şəxslərin dindirilməsində iştirak etmələri, cəza tədbirlərində iştirakları tamamilə yolverilməz idi.  Bu bölmələrin gücündən istifadəyə Müdafiə Nazirliyindən kim icazə verib? Niyə həmin adamların adı istintaq tərəfindən açıqlanmır? İlkin istintaq Tərtər Rayon Hərbi Prokurorluğunda aparılıb. Nəyə görə həmin prokurorluğun müstəntiqləri istintaqa cəlb edilmir? Bu iş üzrə işgəncə verdiyinə görə həbs olunanlar niyə azad ediliblər?  Polkovnik, polkovnik-leytenant rütbəsində olan zabitlərimiz öldürülüb. Hansı ki, onlar barəsində heç cinayət işi başlanmayıb. Bu ölümlərdə günahkar olan aşağı rütbəliləri həbs etməklə məsələ bitmir. Bu işlərin başında dayanan ”iri balıq"lar cinayət məsuliyyətinə cəlb edilməlidir ki, casus şəbəkəsi birdəfəlik olaraq Azərbaycanda bitirilsin".

Hərbi ekspert deyir ki, bu cinayətin başında dayananlar həbs edilib cəzaya çatdırılmayınca, istintaqın şəffaf getməsini söyləmək absurddur: “Əgər biz bu gün hərbçilərimizə qarşı terror düzənləmiş şəbəkəni, bu işi təşkil edənləri, işin açılmasının qarşısını alan şəxsləri istintaqa cəlb etməyəcəyiksə, o zaman belə hadisələrin təkrar edilməyəcəyi də istisna deyil”.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR