İnsanlara hürriyət, millətlərə istiqlal!

Ter-Petrosyanın adamından Azərbaycana həyasız iddia – Bakıdan sərt cavab

6210 29.01.2024 21:20 Gündəm A A

Ermənistan baş naziri Nikol Paşinyanın konstitusiyanı dəyişməyin zəruriliyi ilə bağlı məlum açıqlaması ölkədəki “konstruktiv” müxalifəti də qəzəbləndirib. O sırada sabiq prezident Levon Ter-Petrosyanın rəhbəri olduğu Ermənistan Milli Konqresi partiyasının sədr müavini Levon Zurabyan iddia edib ki, Paşinyan hakimiyyəti konstitusiya məsələsində Azərbaycanın yedəyində gedir.

Yada salaq ki, az öncə erməni KİV-də Ermənistan iqtidarının konstitusiyanı dəyişmək qərarına gəldiyi barədə məlumatlar yayılıb, çünki orada (preambula hissəsi) Ermənistan SSR-lə keçmiş Dağlıq Qarabağın birləşdirilməsi haqqında ortaq qərara istinad edən Müstəqillik Bəyannaməsi əks olunub.

Lakin Zurabyana görə, Sovet İttifaqının mövcudluğunun son günlərində SSRİ Konstitusiyasına Nəzarəti Komitəsi “həm Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının birgə qərarını”, həm də Azərbaycan SSR Ali Sovetinin DQMV-ni buraxmaq qərarını ləğv edib. “Yəni hər iki qərar hüquqi qüvvəsini itirib. Ona görə də onlardan problem kimi danışmaq özünü aldatmadır. Bu vəziyyətdə söhbət daha çox Azərbaycanın Ermənistanı aşağılamaq istəməsindən gedir”, - deyə Levon Ter-Petrosyanın adamı iddia edib və vurğulayıb ki, preambula sülh anlaşması üçün heç bir təhlükə yaratmır.

Ter-Petrosyanın yaxın silahdaşı kimin gözünə kül üfürür? Hələ üstəlik, iddia edir ki, DQMV-in ləğvi qanunsuz olub. Fakt budur ki, SSRİ adlı dövlət 33 ildir yoxdur, amma Ermənistanda qonşu ölkələrə ərazi iddialarının yer aldığı konstitusiya qüvvədədir. Yəni qonşu ölkə, onun iqtidarlı-müxalifətli toplumu SSRİ Konstitusiyasına Nəzarəti Komitəsinin qərarına rəğmən, beynəlxalq hüquqa zidd bir konstitusiyadan indiyədək imtina etməyib. DQMV-nin ləğvinə gəlincə, bu, ərazi bütövlüyü “DQMV”-lə birgə beynəlxalq miqyasda tanınan Azərbaycanın suveren haqqıdır. Ermənistan konstitusiyasında, fərqli qanunvericilik aktlarında açıq və ya üstüörtülü şəkildə Türkiyə, Azərbaycan və Gürcüstana qarşı ərazi iddiaları yer tutur. Türkiyənin 6 şərq vilayəti, Azərbaycanın Qarabağ və Naxçıvan, Gürcüstanın isə Cavaxetiya ərazilərinə qarşı iddiaların yer alır. Belə iddialar da var ki, Nikol Paşinyan yeni konstitusiya qəbul etməklə əslində özünün mövqelərini möhkəmləndirməyə çalışır. Təklif olunan konstitusiya layihəsində preambula hissəsinin dəyişdirilməsindən söhbət getmir. 

Elxan Şahinoğlu: Prezident yeni bir ənənənin başlanğıcını qoydu - "İki  sahil"

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında “Nikol Paşinyan anlayıb ki,  konstitusiyanı dəyişmədən Azərbaycanla sülh müqaviləsi bağlamaq mümkün deyil” deyə bildirib: “Ona görə də yeni konstitusiyanın qəbulu məsələsini gündəmə gətirib. Nə qədər ki, Ermənistanın Azərbyacana qarşı ərazi iddiaları olacaqsa, sabit sülhdən söhbət gedə bilməz. Nikol Paşiyan da bu məsələni anlayır və mümkündür ki, Bakı və Ankara ilə danışıqlarda ona mesaj verilib ki, əgər uzun müddətli sülh istəyirsənsə, konstitusiya dəyişdirilməlidir”.

Mərkəz rəhbəri hesab edir ki, Nikol Paşinyana qarşı olan qüvvələrin yeni konstitusiyanın qəbulunu əngəlləyəcək qədər güclü deyillər: “Nikol Paşinyanın konstitusiyanı dəyişmək təklifi opponentlərindən fərqli olaraq erməni cəmiyyəti tərəfindən normal qarşılanıb. Çünki erməni cəmiyyəti müharibələrdən yorulub. Başa düşürlər ki, Azərbaycan və Türkiyə ilə münasibətlərin indiki şəkildə davam etməsi Ermənistan üçün hər zaman təhlükə olacaq”.

Mərkəz rəhbəri deyir ki, Nikol Paşinyan yeni konstitusiya qəbulu ilə bağlı açıqlamasından sonra gözləmə mövqeyinə keçib: “Nikol Paşinyan yeni konstitusiya layihəsi ilə bağlı açıqlamadan sonra gözləmə mövqeyinə keçdi və ardından bir neçə məntiqsiz açıqlama verdi. Dedi ki, sülh sazişindən əvvəl Azərbaycan və Ermənistan silahlara nəzarət anlaşması imzalamalıdır. Hucum etməmək haqda Paktın imzalanmasını da dilə gətirdi. Nikol Paşinyan bunu ona görə edir ki, 8 kəndlə bağlı narahatlığı var. Azərbaycan Ermənistanın işğalı altında olan həmin kəndləri geri tələb edir. Nikol Paşinyanın yeni konstitusiya qəbulu ilə bağlı açıqlamalarını eşitsək də, bu istiqamətdə real addımlarını görmürük. Halbuki Nikol Paşinyan yeni konstitusiyanın qəbulu ilə bağlı addımlar atsa, hər hansı bir problemlə üzləşməyəcək. Nikol Paşinyanın şansı var ki, həm konstitusiyanı dəyişsin, həm də Azərbaycanla sülh sazişi imzalasın”.

Mərkəz rəhbərinin sözlərinə görə, indiki konstitusiyanı saxlanılmaqla sülh sazişi qəbul edilərsə belə, Ermənistan konstitusiyasının dəyişdirilməsi tələbi qüvvədə qalacaq: “3 qonşu dövlətə qarşı ərazi iddiası olan bir konstitusiyanın qüvvədə qalması mümkün deyil və dəyişdirilməlidir. Bu gün Türkiyə ilə Erməninstan arasında dialoq dondurulub. Çünki Türkiyənin də Ermənistandan tələbləri var. Türkiyə ilə Ermənistan arasında bağlı qapılar arxasında aparılan danışıqlarda da bu məsələ qaldırılır. Deyilir ki, əgər sənin konstitusiyanda Türkiyəyə ərazi iddiaların varsa, gerbində Ağrı dağının şəkili varsa, hansı sülhdən danışa bilərik? Ola bilər ki, Türkiyə Ermənistanla sərhədləri açsın. Amma istənilən halda sabitlik olmayacaq. Çünki Erməninstanın konstitusiyası 3 qonşu dövlətlə daimi gərginlik mənbəyidir. Azərbaycanla Ermənistan arasında sülh sazişi bağlansa belə, bu, bütün problemlərin həlli demək olmayacaq. Ermənistan konstitusiyası problemlərin əsas mənbəyi kimi aradan qaldırılmalıdır”.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR