İnsanlara hürriyət, millətlərə istiqlal!

Təmiz Qaralov

1699 06.09.2022 09:30 Yazarlar A A

Öncə xəbər yayıldı ki, keçmiş baş prokuror Zakir Qaralovun ölkəmizdən çıxışına qadağan qoyulmuşdur. Hətta deyir kişi gedib aeroporta, xaricə müalicə üçün uçmağa, lakin burnundan vurub qaytarıblar. Guya bundan sonra Zakir müəllim təmiz dilxor olmuşdur, dükandan bir kletka araq almış, guşənişin vəziyyətdə bunu “istemal etməyə” başlamışdır - klassikimizin yazdığı kimi. Bu yerdə Ömər Xəyyamdan bir rübainin yeri gəlmişdir, hörmətli oxucularımızın xahişi ilə onu yazıram:

“Zahid, tənə vurma bizə sən müdam,

Deyilik dünyada sənin kimi xam.

Sənin istədiyin namaz, təsbehdir,

Mənim sevdiyimdir canan, bir də cam".

Cam burada şərab içilən qabı bildirir, yoxsa bu saat yeni nəsil yetişib, elə zənn edər şair tikinti şirkəti açıb, “cam-balkon” düzəltməyi reklam edir.

Hərçənd ola bilsin Zakir müəllimin dərddən içməsi haqda xəbərlər şişirdilibdir, hətta əksinə, vəzifədən ayrılandan sonra keçmiş baş prokurorumuz haqqın yoluna gələrək tövbə etmiş, namaz qılıb oruc tutmağa başlamışdır. Keçmiş prokurorlar arasında geniş yayılmış haldır. Nəinki keçmiş baş prokurorlar, elə bütün eks-məmur tayfamız üçün keçərlidir. Məsələn, bir ara keçmiş nəqliyyat naziri Ziya müəllimi Ucarın Qazıqumlaq kəndində məsciddə azan verərkən müşahidə etmişdilər. Çox yanıqlı səslə oxuyurmuş, göydə quşlar, yerdə avtobus şoferləri dayanıb dinləyirmiş.

Burada haşiyə çıxmalıyam. Son dövrlər paytaxtın ictimai nəqliyyatında yaranan problemlər artıq hamını bezdirib. Avtobuslar faktiki işləmir. Guya tıxaca görədir. Ancaq bunun zəhmətkeşlərimizə nə dəxli? Və biz Ziya Məmmədovun nəqliyyat naziri olduğu vaxtı xatırlayırıq, o dövrdə Bakının avtobus nəqliyyatı bundan yaxşı işləyirdi. Ən azı dayanacaqlara elektron lövhə vurulmuşdu. Hətta bəzən o lövhələr hansı marşrutun neçə dəqiqəyə gələcəyini göstərirdi! Adam çaşırdı, elə bilirdin Almaniyada yaşayırsan. İndi isə paytaxtın ictimai nəqliyyatı böyük xaos içindədir. Təklif edirəm biz Ziya müəllimi geri qaytaraq. O, heç olmazsa yeyib doymuşdu.

Qayıdaq Zakir müəllimin vətən dustağı olmaq temasına. Dünən baş prokurorluq açıqlama yaydı: keçmiş baş prokurorun xaricə buraxılmadığı haqda xəbərlər yalandır. Lap yaxşı. Biz də istəyirik Zakir müəllim xaricə getsin. Gəzsin, dolaşsın. Xaricdə pensiyaçılar vaxtaşırı belə dünya turlarına çıxırlar.

Üstəlik, əgər Zakir müəllimin xaricə çıxmaq qadağası isbat olunsaydı, bu, gözəl ölkəmizin, ana vətənimizin, müqəddəs yurdumuzun, çiçəklənən diyarımızın müsbət imicini korlayardı. Nəyə görə? Çünki xarici qəzetlər dərhal manşetdən yazı qoyardılar: “Azərbaycanda keçmiş baş prokurorun birini türməyə salıblar. İkincisi idiotdur. Üçüncüsü də indi xaricə buraxılmır. Bu nə qəribə məmləkətdir ki, onda qanunların icrasına nəzarət edənləri acı tale gözləyir?”

Çətin suallardır. Həqiqətən bizdə prokuror işləmək bəlkə də ən ağır işdir. Mən təklif edirəm hər bir prokurora maaşından əlavə 30 manat verilsin. Prokuror köməkçiləri isə süd içə bilsinlər. Qanunlarımızın icrasına nəzarət eləmək sağlamlığa düzəlməyən yaralar vurur.

Yeri gəlmişkən, bu, Zakir müəllim haqda təkzib olunan ilk xəbər deyildir. Hələ o, baş prokuror işləyəndə biz onun adına nə qədər şirkətlər açıldığını eşidərdik. Tikinti biznesi, yumurta satışı, nə bilim, alma-armud, xiyar-bamadur bazarı... Heç hüquqla əlaqəsi olmayan işlər idi. Ancaq, şükür, Zakir müəllim işdən çıxarılandan bəri onun adı daha belə biznes işlərində hallanmır. Sən demə, prokurorluğa girəndə əynində nə vardısa, sonda onu götürüb çıxıbdır. Bir çöp də əlavə yoxdur.

Xaricə buraxırlar, bilet almağa pul tapmır. Bunu hallandırmaq nəyə lazımdır?

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR